Nida Təhlil
Cenevrə görüşünü kim və niyə təşkil etdi, yaxud Bakı necə 1:0 önə keçdi? - TƏHLİL

Cenevrə ötən ilin “aprel müharibəsi”nin nəticəsi olaraq keçirilən Vyana və Sankt-Peterburq görüşlərindən sonra Azərbaycan və Ermənistan prezidentlərinin ilk təmasına ev sahibliyi etdi. Və 2015-ci ilin son ayında – dekabrın 19-da - İsveçrənin paytaxtı Berndə keçirilən görüşdən demək olar ki, heç nəyi ilə fərqlənmədi: eyni ifadələr və görüş başa çatandan sonra videokameraların və fotoobyektlərin önündə diplomatik mimikalar. Lakin görüş sonrası verilən bəyanatlar, xüsusilə “gərginliyin azaldılması ilə bağlı razılaşma” diqqət çəkir və prosesdən “Bu görüşü kim və niyə təşkil etdi; prezidentlər niyə buna razı oldu; bundan sonra nələr olacaq?” kimi suallar boylanır.
Təxminən 1,5 saat çəkən görüşlə bağlı yalnız üç açıqlama verildi:
Minsk qrupunun bəyanatı, Serj Sarkisyanın İsveçrədəki erməni
diasporu önündə dediyi sözlər və Azərbaycan prezidentinin köməkçisi
Novruz Məmmədovun dedikləri.
Həmsədrlər “Görüş konstruktiv mühitdə keçdiyini,
prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün
tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün
əlavə addımlar atmağa razılaşdıdığını” bəyan etdilər.
Serj Sarkisyan “Problemin həlli ilə bağlı konkret
variant yoxdur. Lakin biz qərara aldıq ki, gərginliyin azaldılması
ilə bağlı tədbirlər görək və ön cəbhədə qurbanlar olmasın. Həm
Azərbaycan prezidenti, həm də mən bu məsələdə çox maraqlıyıq. Təbii
ki, İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır,
lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq.
İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın
təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola
bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan
hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər
belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər
şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu
iqtisadi cəhətdən möhkəmləndirəcəyik” deyə bildirdi.
Novruz Məmmədov isə Ermənistan prezidentinin yenə öz
ampulasında olduğunu, “razılaşdırılmış məqamlardan əlavə
hələlik heç bir bəyanat verilməsin” anlaşmasını pozduğunu,
“həmsədrlərdən və ATƏT-in nümayəndəsindən belə utanmadığını”,
“Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və belə də
qalacağını” bəyan etdi. Ardınca da əlavə etdi ki, “Nə qədər
himayədarlarına quyruq bulasa da, yuxusu çin
olmayacaq”.
Göründüyü kimi, Sarkisyan görüşdəki razılaşmanı pozaraq, “öz
qələbəsi”ni elan etməyə çalışdı. Lakin onun erməni diasporu
qarşısında dedikləri Cenevrəyə gəlişinin məqsədini müəyyən etməyə
imkan verir: daxili auditoriyaya işləmək. Əslində “Bizim
üçün yeganə həll yolu odur ki, Qarabağ Azərbaycanın hüdudlarından
kənarda olsun” sözləri görüşdə bunun tam əksinin müzakirə
edildiyi ehtimalını gücləndirir. Yəni Sarkisyan bu sözü deməyinə
səbəb olan zərurət olmasaydı, Məmmədovun bəhs etdiyi razılaşmanı
pozmazdı. Bu baxımdan, 2018-ci ilin aprelində postunu tərk edəcək
Sarkisyanın açıqlaması öz gələcəyinə hesablanmışdı.
Birincisi, o, gələn il siyasətdən getsə belə,
tarixdə “erməni maraqlarını qoruyan prezident” kimi qalmaq istəyir.
Səlahiyyət müddətinin bitməsinə aylar qalmış Cenevrəyə gələrək,
danışıqlar masasına əyləşməsinin səbəblərindən biri də budur.
Hərçənd, Sarkisyanın Ermənistanı idarə etməkdən əl çəkmək niyyəti
görünmür. Və burada ikinci amil önə çıxır.
İkincisi, Sarkisyanın prezident səlahiyyətləri
başa çatandan sonra ya Milli Təhlükəsizlik Şurasının baş katibi
olmaq, ya da baş nazir olaraq Ermənistanda bütün strukturlara
rəhbərlik etmək niyyəti var. Onun “Heç bir zaman heç bir erməni
rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz” sözlərini
dolayısı ilə “hər kəsə nəzarət edəcəm” kimi də oxumaq mümkündür.
Yəni: Qarabağın zəmanətçisi yalnız odur; ölkəyə rəhbərlik edə
biləcək başqa şəxs Azərbaycanın qarşısında geri çəkilə bilər; buna
görə də o, belə bir təhlükənin qarşısını almaq üçün hər şey
edəcək.
Nəticə etibarilə, Sarkisyanın Cenevrəyə gəlişi, ardınca razılaşmanı
pozub bu açıqlamanı verməsi, gələcək rəqiblərini indidən
neytrallaşdırmaq gedişidir.
Gərginlik?: Cenevrə
danışıqlarında “gərginliyin azaldılması ilə bağlı” razılıq şübhəli
məqamlar yaradır. Cəbhədə intensiv şəkildə atəşkəs pozulsa da,
“aprel müharibəsi”ndə, yaxud ondan əvvəl olduğu səviyyədə gərginlik
müşahidə olunmur. Bunun fonunda prezidentlərin məhz “gərginliyin
azaldılması” ilə bağlı razılaşma əldə etmək üçün bir araya gəldiyi
ehtimalı qəbuledilməzdir. Hər halda bir il yarımdan sonra
prezidentlər gərginliyi müzakirə etmək məqsədilə görüşmədi. Deməli,
bu ictimaiyyətə hesablanmış diplomatik etiket və görüşün detalları
üzərindəki pərdədir. Və şübhəsiz ki, ümumi bəyanatın bu formasını
görüşü təşkil edən tərəf hazırlayıb.
Görüşü kim təşkil etdi?: Prezidentlərin ilin
sonuna kimi Rusiyanın təşkilatçılığı ilə görüşəcəyinə dair
informasiya yayılmışdı. Hər kəs görüşün rus torpaqlarında olacağını
gözlədiyi halda, ABŞ önə keçdi və məkan olaraq Cenevrə seçildi.
Görüşün məhz Avropada keçirildiyi üçün təşkilatçının ABŞ olduğu
fikri yaranmır, bu fikri formalaşdıran daha güclü məqamlar var:
1. Hər iki ölkənin XİN rəhbərləri prezidentlərin
görüşünü təşkil etməklə bağlı razılığa Amerika torpağında –
Nyu-Yorkda gəldilər.
2. Görüşdən öncə ATƏT-in Minsk qrupunun
həmsədrləri regiona səfər etdi və diqqət çəkən məqam o idi ki,
səfər zamanı ən aktiv həmsədr məhz ABŞ-ın yeni təyin etdiyi
diplomat Endrü Şofer idi.
3. Yeni həmsədr Minsk qrupunun tərkibində İrəvana
səfər zamanı işğal olunmuş Dağlıq Qarabağa ayrılıqda baş çəkdi.
Ardınca həmsədrlər Bakıya gəldi və Prezident İlham Əliyev E.Şoferi
qəbul etdi. Güman ki, Şofer İrəvanda və Bakıda görüşlə bağlı
danışıqlar apararaq, razılaşma əldə edib.
Görüş niyə təşkil edildi?:
Danışıqların atmosferindən də göründüyü kimi, Cenevrədə münaqişənin
həlli ilə bağlı heç bir ümidverici nəticə yoxdur. Lakin Amerikanın
məqsədi heç də nəyəsə nail olmaq yox, Rusiya ilə döyüşdə siyasi
gediş edərək, önə çıxmaq istəyi idi. O da istisna deyil ki, ABŞ
gələcəkdə tərəflərə yeni həll variantı təqdim etmək istəyir,
Cenevrə toplantısı da bu istiqamətdə atılan ilk addımdır. Lakin
indiki məqamda Cenevrə görüşü ABŞ-Rusiya qarşıdurmasının nəticəsi
olaraq görünür. Ən maraqlı məqam isə münaqişə ilə bağlı okeanın o
tayında hazırlanan və Ermənistanın danışıqlarda ilkin şərt kimi
irəli sürdüyü “atəşkəsə nəzarət mexanizmi”nin kənara qoyulması
idi.
Və burada diqqətçəkən əsas suallardan biri danışıqlar xatirinə
keçirilən görüşdə iştirak etməkdən qəti şəkildə imtina edən rəsmi
Bakının Cenevrə görüşünə niyə razı olmasıdır. Yaxud sualı belə qoya
bilərik:
Prezident İlham Əliyev Cenevrəyə niyə getdi?
a) Cenevrə görüşünü Donald Trampın Ağ Evdə
rəhbərliyə gəldikdən sonra Qarabağ münaqişəsi ilə bağlı ilk
təşəbbüsü hesab etmək olar. Bu baxımdan, Azərbaycan lideri həm
Trampın ilk təşəbbüsünü geri çevirmədi, həm də Tramp
Administrasiyasının Qarabağla bağlı nəbzini yoxlamış oldu. Bunu
diplomatik manevr olaraq qiymətləndirmək olar.
b) Belə demək mümkünsə, ABŞ Bakının tələbəni qəbul
etdiyi üçün Cenevrə görüşü baş tutdu. Söhbət Obama dövründə erməni
lobbisinə bağlı olan konqresmenlər Eds Roys və Eliot Engel
tərəfindən hazırlanmış “atəşkəsə nəzarət mexanizmi”ndən gedir. Bu
layihə Dağlıq Qarabağda mövcud status-kvonun saxlanılması və
möhkəmləndirilməsinə hesablanıb. Rəsmi Bakı mexanizmləri qəti
şəkildə inkar edir, İrəvan isə bunu danışıqlarda ilkin şərt kimi
irəli sürür. Nazirlərin Nyu-York görüşündə bu məsələ müzakirələrdən
çıxarıldı. Ardınca Cenevrə danışıqlarında da Ermənistanın şərti
gündəliyə salınmadı. Hesab etmək olar ki, Prezident İlham Əliyev
Trampın göndərdiyi həmsədr Şoferi qəbul edərkən, “atəşkəsə nəzarət
mexanizmi” məsələsinin kənara qoyulması ilə bağlı öz şərtini irəli
sürüb və məhz bu, qəbul edildiyi üçün Cenevrə görüşünə razılıq
verib. Lakin məsələ təkcə Trampın Obamadan qalma layihədən imtinası
yox, həm də işğalçı Ermənistanın heç bir şərt irəli sürmədən
danışıqlar masasına əyləşməsidir.
Cenevrədə Bakı nə qazandı?: Görüş münaqişənin
həllində heç bir rol oynamadı, lakin Azərbaycanın qazanclı çıxması
ilə nəticələndiyini deyə bilərik. Təbii ki, münaqişə ədalətli
şəkildə həll olunmadığı təqdirdə, belə qazanclar kiçik görünür.
Amma bu qazancın mürəkkəb diplomatik müharibədə 1:0 önə keçmək
olduğu da diqqətdən yayınmamalıdır.
Ermənistan ötən ilin 16 mayında Vyanada keçirilən görüşdə irəli
sürülən “atəşkəsə nəzarət mexanizmi”ni danışıqlara başlamaq üçün
ilkin şərt kimi irəli sürürdü. Və yaxşı bilirdi ki, Bakı bunu qəbul
etməyəcək. Şərtin qəbul olunmaması isə danışıqların dondurulması
deməkdir. Hər iki halda İrəvan qazanc əldə edir: Bakı şərti
qəbul etsə, bu şüurlu şəkildə mövcud status-kvonun
möhkəmləndirilməsinə imza atmaqdır, qəbul etməyəndə isə İrəvan
həmsədr ölkələrə “mən danışıqlara hazıram, amma Azərbaycan masaya
gəlmək istəmir” mesajını verirdi. Azərbaycan dilemma
qarşısında qalmışdı, çünki bu mexanizmləri təklif edən Qərbdə
Ermənistana dəstək verənlər məsələni daim ön plana çıxarır və
işğalçının mövqeyinə dəstək verirdilər. Lakin Bakının manevrləri
İrəvanın oyununun bumeranq effekti verməsi ilə nəticələndi.
Ermənistan danışıqları pozmağa hesablanmış ilkin şərtindən imtina
etdi və danışıqlar masasına Bakının istəyi ilə əyləşdi. Bu, həm də
Ermənistanın növbəti görüşlərdə “keçmiş şərti” yenidən irəli
sürməsinin çətinləşməsi deməkdir. Faktiki olaraq Cenevrə görüşünü
Azərbaycan üçün uğurlu hesab etmək olar.
Gələcək necə görünür, yaxud rusların cavabı nə
olacaq?: Bundan sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında
suların durulacağını gözləmək çətindir. Çünki gələn il Azərbaycanda
və Ermənistanda seçkilərdir, bu isə istər-istəməz danışıqlar
prosesinin ləngiməsi deməkdir. Lakin Serj Sarkisyanın Ermənistanda
“təhlükəsizlik təminatçısı” olduğunu sübut etmək cəbhədə gərginliyi
artırması da istisna deyil. Bunu qarşıdakı zaman göstərəcək.
İlin sonuna kimi prezidentlərin yenidən görüşməsi ehtimalı da
yüksəkdir. Çünki Rusiya ABŞ-a qarşı demarş edəcək. Ötən il Vyana
görüşündən dərhal sonra Sankt-Peterburq görüşünün keçirilməsi
təcrübəsi də bu ehtimalı artırır. Digər tərəfdən, Cenevrə görüşü
haqda heç bir gözlənti olmadığı vaxt prezidentlərin Rusiya
torpağında Putinin təşkilatçılığı ilə bir araya gələcəyi haqda
danışılırdı. Bu baxımdan, Rusiya qarşıdakı aylarda “təşəbbüsü geri
qaytarmaq” istəyi ilə Qarabağ görüşü təşkil edə bilər.
Asif Nərimanlı

-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq
-
MDB12:20
Kliçko təsdiqlədi: Ukrayna ərazi güzəştinə gedəcək
-
Dünya12:07
Papanı urvatsız edənlər: Fransiskin cəsədi ilə selfi çəkənlər aranı qatdı - ŞOK FOTOLAR
-
Sosial11:36
Əli Əsədov yeni qərarlar imzaladı