• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Torpaqların azad ediləcəyi TARİX, danışıqlar masasındakı VARİANT... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Torpaqların azad ediləcəyi TARİX, danışıqlar masasındakı VARİANT... - GÜNÜN SİYASİ XÜLASƏSİ

NATO və Rusiyanın yüksək rütbəli hərbçiləri Bakıda görüşəcəklər. “Ermənistan milli konqresi” partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir. Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına son günlər edilən hücumlarla bağlı şok detallar üzə çıxıb. Suriyanın İdlib şəhərində güclü partlayış törədilib. ABŞ-dakı seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ-dan növbəti ittiham səsləndirilib. Ukraynalı deputat, millətçi lider Dmitri Yaroş Krımın azad edilməsini nəzərdə tutan xüsusi planı elan edib.

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali baş komandanı, general Kertis Skaparrotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Qerasimovun Azərbaycana səfəri gözlənilir. Bu barədə “BuzzFeed” nəşri məlumat yayıb.

Məlumata görə, tərəflər görüş üçün paytaxt Bakını seçiblər.

Cəbhədə təxribata cəhd edən erməni hərbi birləşmələrinin daha iki hərbiçisi yaralanıb. Bu barədə Ermənistan mediası xəbər yayıb.

Qeyd edək ki, dünən atəşkəs rejimini pozan erməni hərbi birləşmələrinin əsgəri Vaçe Çilinqaryan cavab atəşi nəticəsində məhv edilib.

“Ermənistan milli konqresi” partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir. Bu barədə partiyanın mətbuat katibi Arman Musinyan deyib.

Onun sözlərinə görə, “Erməni milli konqresi” Ter-Petrosyanın 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir.

Erməni parlamenti mart ayının ilk ongünlüyündə yeni prezidenti seçəcək. Ermənistanın İctimai Televiziyası seçilən prezidentin aprelin 9-da vəzifəyə gələcəyi barədə məlumat yayıb.

“Məhz bu tarixdə Ermənistanın parlament formasına keçidi rəsmən sona çatacaq. Eyni zamanda, yeni hökumət yaradılacaq” - məlumatda bildirilib.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 2019-cu il prezident seçkilərində namizəd irəli sürməyəcək. Bunu MHP-nin sədri Dövlət Baxçalı təşkil etdiyi mətbuat konfransında deyib.

“MHP prezidentliyə namizəd irəli sürməyəcək. İnanırıq ki, konstitusiyaya dəyişikliklərdə birlikdə hərəkət etdiyimiz partiya ilə birlikdə nəticə almaq Türkiyənin xeyrinə olacaq. Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyik”, - Baxçalı bildirib.

Suriyanın şimalında PYD-yə (PKK terror təşkilatının Suriya qanadı - red.) 4 min TIR silah-sursat göndərən ABŞ terrorçularla bağlı yeni bir addım atmağa hazırlaşır. İŞİD bəhanəsiylə Türkiyə sərhədində terror xətti qurmağa çalışan Vaşinqton PYD-nin nəzarətindəki 28 min kvadrat kilometrlik ərazini diplomatik olaraq tanımaq niyyətindədir.

Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasına son günlər edilən hücumlarla bağlı şok detallar üzə çıxıb. Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı hücumların Bəşər Əsəd rejiminə yaxın qrup tərəfindən həyata keçirildiyini bildirib.

Araşdırmalar hücumun Rusiya istehsalı və 6 kilometr mənzilli minaatanla həyata keçirildiyini ortaya çıxardı. Ətraf ərazilər isə Rusiya və Bəşər Əsəd rejiminin nəzarəti altındadır.

Bu gün Suriyanın İdlib şəhərində güclü partlayış törədilib. Hadisənin videosu terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan “Directorate 4” Teleqram-kanalında dərc edilib.

Kanalın mənbələri bildiriblər ki, şəhərdə “Hayat Tahrir aş-Şam” qruplaşmasının (“Ən-Nüsra” Cəbhəsinin əsasında yaradılıb) döyüşçüləri fəaliyyət göstərirlər. Məlumata görə, onlar əsasən Şimali Qafqazdan gəlmə döyüşçülərin yer aldığı “Ajnad Qafqaz” qruplaşmasının qərargahının yaxınlığında minalanmış avtomobil yerləşdiriblər.

Zərərçəkənlərin sayı haqqında rəsmi məlumat yoxdur. Bəzi məlumatlara görə, 20 nəfər ölüb, 30-dan çoxu yaralanıb. Başqa mənbələr isə ümumilikdə 120-dən çox insanın öldüyünü və yaralandığını bildiriblər.

İrandakı aksiyaları bitmiş hesab etmək olmaz. Bunu MKİ-nin direktoru Maykl Pompeo söyləyib.

“İran rejimi güclə təhdid etdiyi zamanda Qasım Süleymani xalqın pullarını Livan, Suriya və Yəməndə havaya sovurur. Bununla da Allah bilir, kimləri birləşdirib İranı dünyanın böyük dövlətlərindən birinə çevirib, terrorizmin sponsoru etmək istəyirlər. İranda teokratik rejim hökmranlıq edir. İran xalqı bu rejimi istəmir. Mən ümid edirəm ki, iranlılar hakimiyyətə qarşı qiyamı davam etdirəcəklər. Məncə, bu etirazlar hələ bitməyib. Hər şeyi İran xalqı edib. Bu hadisələrin arxasında MKİ dayanmayıb”, - Pompeo bildirib.

“İrandakı hadisələrin əsas hədəfi Çindir. Hadisələr İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. ABŞ yeni super güc olan Çinin dünyaya açılan qapısını – Əfqanıstanı bağlamaq istəyir”. Bu barədə İbni Haldun Universitetinin beynəlxalq əlaqələr şöbəsinin dosenti Talha Köse deyib.

Onun sözlərinə görə, Trampın İrana qarşı hərəkətə keçəcəyi əvvəldən məlum idi.

ABŞ-dakı seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı ABŞ-dan növbəti ittiham səsləndirilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo Rusiya və bəzi başqa dövlətlərin 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkiləri qarışmağa çalışacağını bildirb.

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin müsəlman ölkələrindən olan qaçqınları qəbul etməyəcəyini bildirib. Nazir qaçqınları "işğalçı müsəlmanlar" adlandırıb.

"Biz həmin insanlara müsəlman qaçqın kimi yox, işğalçı kimi baxırıq", - deyə Orban bildirib.

Rusiya NATO-ya üzv ölkələrə qarşı hərbi fəaliyyətlərə hazırlaşır. Bunu “Bild” qəzetinə müsahibəsində Estoniya Silahlı Qüvvələrinin komandanı, general-leytenant Rixo Terras söyləyib. Onun sözlərinə görə, “Qərb-2017” hərbi təlimi zamanı Moskva NATO-ya qarşı Avropada genişmiqyaslı hərbi kampaniya ssenarisi üzərində işləyib.

“Bu, təkcə Baltikyanı dövlətlərə qarşı yönəlməyib. Buraya Şimaldan Qara dənizə qədər bütün dövlətlər daxildir. Bizim ordumuz istənilən ssenariyə qarşı effektiv reaksiyaya hazırdır”, - o deyib.

NATO Rusiyanın sualtı gəmilərinin sayının artmasını böyük narahatlıqla qarşılayır. Rusiyanın sualtı gəmilərinin fəaliyyəti son illər Atlantik okeanı və Aralıq dənizində fəallaşıb. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri xəbər verir ki, NATO-nun qorxuları ötən ilin mayında Rusiyanın sualtı gəmilərindən İŞİD terror qruplaşmasına zərbələrin endirilməsindən sonra daha da artıb.

“Rusiya hərbi dəniz gücünə, xüsusən sualtı gəmilərə ciddi sərmayələr qoyur”, - NATO-nun baş katibi Yens Stoltenberq ötən ilin sonunda bildirib.

Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq üzrə baş idarəsinin keçmiş müdiri, general-polkovnik Leonid İvaşovun fikrincə, ABŞ Rusiya strateji hücum silahları (SNV) və RSMD raketləri üzrə danışıqlarda Moskvaya ultimatum verəcək.

“2000-ci illərin əvvəlindən ABŞ strateji mövqeyi nüvə silahlarının potensialını azaltmaq və eyni zamanda, öz hərbi üstünlüyünü başqa istiqamətlərdə gücləndirməkdən ibarətdir. Bu, yüksək dəqiqlikli silahlarla sürətli qlobal zərbə konsepsiyasıdır”, - general-polkovnik təsdiq edib.

ABŞ dünyanın 76 ölkəsində terrorizmlə mübarizə aparır. Bu nəticə “Costs of War” (“Müharibə Xərcləri”) layihəsi çərçivəsində aparılan araşdırmalardan sonra müəyyən olunub.

“Rusiya prezidenti Vladimir Putinə Qərbin təzyiqinin gücləndirilməsi və bu ölkədə keçiriləcək seçkilərdən sonra, Rusiyanın Donbasdan çıxarılması üçün əlverişli an yarana bilər”. Bunu “The Atlantic Council” nəşri üçün yazdığı məqaləsində NATO-nun baş katibinin keçmiş birinci müavini Aleksandr Verşbou bildirib.

“Qonşu ölkənin ərazilərinin işğalına görə artan maliyyə və siyasi təzyiq prezident seçkilərindən sonra Putin tərəfindən qiymətləndirilə bilər. Qərbin təzyiqinin artması, Ukraynaya ölümcül silahların çatdırılması, həmçinin yeni sanksiyaların tətbiqi üzrə təhlükələr Putini inandıra bilər ki, vaxt Rusiya üçün işləmir və Donbasdan geri çəkilməlidir. Bu anda isə BMT-nin güclü sülh missiyası lazım olacaq”, - o yazıb.

Ukraynalı deputat, millətçi lider Dmitri Yaroş Krımın azad edilməsini nəzərdə tutan xüsusi planı elan edib. Yaroş Kiyevin yalnız Donbasda deyil, həmçinin Krım, Kuban və digər etnik Ukrayna ərazilərində də hakimiyyətlərini bərpa edəcəyini bildirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR