Ankaradan Rusiyaya ZƏRBƏ, Amerika 2025-ci İLƏ KİMİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ankaradan Rusiyaya ZƏRBƏ, Amerika 2025-ci İLƏ KİMİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Suriya münaqişəsinin həlli üzrə Astana formatında xarici işlər nazirləri arasında növbəti görüş keçirilib. İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə ikinci zirvəsi aprelin 4-fə keçiriləcək. ABŞ İran-ı İraqdakı seçkilərə müdaxilə edib. London Rusiya prezidentini Britaniya ərazisində kimyəvi silahdan istifadə etmək əmrini verməkdə ittiham edib. ABŞ Avropadakı daimi hərbi kontingentinin sayını artırmaq niyyətindədir.

Qazaxıstanın paytaxtı Astanada bir araya gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov, onun türkiyəli və iranlı həmkarları Mövlud Çavuşoğlu və Məhəmməd Zəriflə birgə ortaq hesabat yayımlayıb. Hesabatda Suriyada Astana müddəti çərçivəsində təşkil edilən “gərginliyi azaltma bölgələri” tətbiqinin davam edilməsinə qərar verilib.

Açıqlamada “üç ölkə dörd gərginliyi azaltma bölgəsi haqqında razılaşmanın tətbiqinə davam edilməsi qərarını verdi” ifadələri işlədilib.

Əlavə olaraq, Astanada keçirilən görüşlərin 9-cu raundunun may ayında keçirilməsinə qərar verilib.

Suriyada təşkil edilən dörd gərginliyi azaltma bölgəsi ilk mərhələdə altı aylıq müvəqqəti bir tədbir kimi nəzərdə tutulmuşdu. Bu bölgələrin sərhədləri boyunca təhülkəsizlik xətlərinin qurulacağı, buradakı nəzarət məntəqələrində kimlərin dayanacağına isə 3 ölkənin qərar verəcəyi bildirilirdi.

Astanada keçirilən Suriya ilə bağlı danışıqlarda İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə ikinci zirvənin Ankarada keçirilməsi qərara alınıb. Ankara zirvəsinin aprelin 4-də keçirilməsi nəzərdə tutulub.

Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiya birləşdirilməsinin 4-cü ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda hazırda Krımda mövcud olan idarəçiliyin tanınmadığı bildirilib.

“Beynəlxalq hüququn pozulması ilə nəticələnən bu qərarı bir daha tanımadığımızı bəyan edirik. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyimizi ifadə edirik”, - bəyanatda bildirilib.

İran İraqdakı seçkilərə müdaxilə edib. Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.

“İran puldan istifadə edərək İraqdakı seçkilərə müdaxilə edir. Bu pullar namizədlər və seçicilərə təsir vasitəsi kimi istifadə edilir. Tehranın seçkidən öncə İraqa göndərdiyi pullar böyük məbləğlərdir”, – deyə o bildirib.

ABŞ Avropadakı daimi hərbi kontingentinin sayını artırmalıdır. Bunu jurnalistlərə açıqlamasında NATO-nun Avropadakı qoşunlarının komandanı Kertis Skaparotti söyləyib.

“Bizə Avropada çoxlu güc lazımdır. Məncə, daimi əsasda bölgəyə sürətli reaksiya qüvvələri və aviasiya yerləşdirilməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Skaparotti Amerikanın Avropadakı hərbi üstünlüyünü 2025-ci ildə itirə biləcəyini açıqlamışdı.

Britaniya ərazisində kimyəvi silahdan istifadə etmək əmrini böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putin verib. Bunu Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson deyib.

“İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq İngiltərədə, Avropa küçəsində kimyəvi silahdan istifadə olundu”, - Conson bildirib.

Rusiya Dumasının deputatı Natalya Poklonskaya Mərkəzi Seçki Komissiyasına Kseniya Sobçakın Rusiya prezidentliyinə namizədliyinin ləğv edilməsi ilə bağlı sorğu göndərib. Onun sözlərinə görə, buna səbəb Sobçakın Rusiyanın ərazi bütövlüyünə hörmət etməməsiylə bağlı çıxışları olub:

“Bu, namizəd üçün biabırçılıqdır. Mən bununla bağlı susa bilmərəm”.

O, Krımın yenidən Ukraynanın tərkibinə qayıtmasının mümkün olmadığını bildirib:

“Ukrayna özü, tezliklə, Rusiyaya qayıdacaq. Krımın qaytarılması sadəcə mümkünsüzdür. Ukraynanın oyanışı yalnız Rusiya ilə birgə olacağı təqdirdə mümkündür. Bu ölkə öz mədəniyyəti, ənənəsi və dili ilə heç bir Qərb ölkəsinə lazım deyil”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm