• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

​​​​​​​Ərazilərin qaytarılması üçün PLAN, ermənilərin qorxduğu SSENARİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

​​​​​​​Ərazilərin qaytarılması üçün PLAN, ermənilərin qorxduğu SSENARİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Aprelin 17-də Azərbaycanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib. Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Serj Sərkisyan Ermənistanın yeni baş naziri seçilib. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyası ilə əlaqədar paytaxt İrəvanda vəziyyət pisləşib. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Qərb-Rusiya münasibətlərini “soyuq müharibə” dövründən daha mürəkkəb adlandırıb. Vladimir Putin və Donald Tramp üçüncü ölkədə görüşə bilər. Kiyev Rusiyanı Ukraynayla sərhəddə böyük hərbi güc saxlamaqda ittiham edib. MKİ-nin sabiq direktoru Maykl Pompeo aprelin əvvəlində KXDR-yə gizli səfər edib.

Azərbaycan, Dağlıq Qarabağ

Aprelin 17-də Azərbaycan Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Aprelin 21-də Milli Məclisin növbədənkənar plenar iclasında Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov baş nazir seçilib.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimov və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Körtis Skaparotti Bakıda görüşüb. Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik görüşdə əsas müzakirənin NATO və Rusiyanın Avropa regionundakı hərbi fəaliyyətləri, tərəflər arasında etibarın artırılması və insidentlərin qarşısının alınması olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Körtis Skaparotti və Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətlərini qəbul edib.

“Global Firepower Index” (Hərbi Gücün Qlobal İndeksi) beynəlxalq təşkilatı növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayıb. 136 ölkənin yer aldığı siyahıda Azərbaycan ordusu 53-cü yeri tutub.

Cənubi Qafqazda Azərbaycana qonşu olan ölkələr – Gürcüstan və Ermənistan yanaşı pillələrdə yerləşirlər. Gürcüstan 82, Ermənistan isə 84-cü yerdədir.

Reytinqə ABŞ, Rusiya və Çin liderlik edir. İlk onluğu Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya tamamlayır.

Belarusun Azərbaycana “Polonez” raket kompleksi satması ilə bağlı xəbərlər yenidən gündəmə gəldi. “Kommersant” nəşri Belarus Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, “ilk ixrac müqaviləsinə əsasən sifarişçiyə 10 raket kompleksi çatdırılacaq. Müqaviləyə dair hüquqi sənədlər final mərhələsindədir, müştəri də “öz maliyyə məsələlərini həll edib başa çatdırmaq üzrədir”. Mənbə sifarişçini açıqlamayıb, lakin Rusiya müdafiə sənayesinin iki top-meneceri nəşrə müştərinin Azərbaycan olduğunu bildirib.

Azərbaycanın “Polonez” raket kompleksi alması ilə bağlı məsələ 2016-cı ilin 28-29 noyabrında Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfəri zamanı gündəmə gəlmişdi.

İrəvanda Sarkisyanın istefasını tələb edən etirazların davam etdiyi bir vaxtda Ermənistan rəhbərliyi Bakının addımlarını diqqətlə izləyir. Erməni siyasi şərhçi Naira Ayrumyan Azərbaycanın Qarabağla bağlı hərəkətə keçdiyini iddia edir və bunun Ermənistan üçün ciddi nəticələrə səbəb ola biləcəyini yazır.

Ermənistan

Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyaları ilə əlaqədar vəziyyət gərgin olaraq qalır. “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın rəhbərlik etdiyi nümayişçilər Baqramyan prospektində Ermənistan baş naziri Serj Sərkisyanın iqamətgahını və İrəvan meriyasının binasını mühasirəyə alıblar.

Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı paytaxt İrəvanda keçirilən aksiyalarla əlaqədar vəziyyət aprelin 17-də daha da gərginləşib.

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyası davam edir.

Ermənistanda baş nazir Serj Sarkisyana qarşı davam edən aksiyaların lideri Nikol Paşinyan hakimiyyət qarşısında 4 şərt irəli sürüb. Paşinyan Sarkisyanın istefasını müzakirə etməyə hazır olduqlarını bildirib və şərtlərini açıqlayıb.

1. Serj Sarkisyan baş nazir vəzifəsindən istefa verir.

2. Xalqın namizədi baş nazir seçilir.

3. Müvəqqəti hökumət yaradılır.

4. Növbədənkənar parlament seçkiləri keçirilir.

“Ermənistanda qeyri-stabil vəziyyət davam etdikcə, Qarabağda eskalasiya riski yüksəlir”. Bu barədə rusiyalı hərbi ekspert Aleksandr Perendjiyev Ermənistanda müxalifətin aksiyasını şərh edərkən deyib.

Ermənistan diasporu Serj Sarkisyana müharibə elan etdi. Erməni siyasi şərhçi Tevos Arşakyan Ermənistanda hakimiyyətin vəziyyətinin ağırlaşdığını yazır.

Serj Sərkisyanın Ermənistanın yeni baş naziri seçilib. Parlamentdə keçirilən səsvermədə 77 deputat onun lehinə, 17-si isə əleyhinə səs verib.

Səsvermədən əvvəl Serj Sarkisyan Ermənistan parlamentində deputatların suallarına cavab verib.

“Aprel müharibəsi bizim üçün gözlənilməz idi”. Bu barədə Serj Sarkisyan Ermənistan parlamentinin baş nazirin seçilməsi ilə bağlı bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

O, aprel müharibəsinin Ermənistan üçün böyük dərs olduğunu vurğulayıb.

“Bu, Azərbaycanın Qarabağı azad etmək üçün güc variantına əl atmaqdan çəkinməyəcəyini göstərdi. Bununla yanaşı, biz ordunun zəif olduğunu da gördük. Ordunu gücləndirməliyik”, - deyə Sarkisyan etiraf edib.

Serj Sərkisyan deyib ki, miqrasiya Ermənistanın ağrılı yarasıdır. “Emiqrasiya təkcə Ermənistana aid deyil. Sadəcə olaraq, biz azıq və buna görə çox ağrılıdır. Digər tərəfdən, bizim potensialımız öz sərhədlərimizin təhlükəsizliyini təmin edə bilməyəcəyimiz səviyyəyə qədər azala bilər. Miqrasiyanın qarşısını bütün vətəndaşlarımızın rifah şəraitində yaşamasını təmin edəcək səviyyəyə çata bilmədiyimizə görə ala bilmirik”, – deyə o bildirib.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu haqda ölkə prezident Rəcəb Tayyib Ərdoğan Dövlət Baxçalı ilə görüşdən sonra bildirib. O, seçkilərin 2018-ci il iyunun 24-də keçiriləcəyini açıqlayıb.Müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini təklif etmişdi.

Seçkilərin 2019-cu il noyabrın 3-də keçirilməsi planlaşdırılırdı.

Türkiyə və Rusiya arasında Suriya böhranı ilə əlaqəli hərbi müqavilələr narahatlıq yaradır. Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Vess Mitçel söyləyib.

Mitçel onu da qeyd edib ki, Türkiyə Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri alarsa, Ankaraya sanksiya tətbiq ediləcək.

S-400 raket sisteminin NATO-ya uyğun olmaması barədə Türkiyə ilə danışıqlar aparırıq. Bu sözləri Pentaqon sözçüsü Dana Vayt Türkiyəyə sanksiya tətbiq olunması iddiaları ilə bağlı ona ünvanlanmış suala cavab olaraq deyib.

“Amma son nəticədə türklər öz strateji maraqlarına uyğun qərar verəcəklər. Yəni bu prosesin sonunu rəsmi Ankara müəyyən edəcək”, - Vayt bildirib.

Rusiya S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması ilə bağlı ABŞ-ın mövqeyi Ankaraya qarşı şantajdır. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“Cənab Mitçell bildirib ki, S-400-ləri alarsa, Ankara sanksiyaların altına düşə bilər. Bu, şantaj cəhdidir və Amerika şirkətləri üçün vicdansız rəqabəti təmin etmək məqsədi daşıyır”, - o deyib.

Lavrovun sözlərinə görə, NATO-nun baş katibi Yens Stoltenberq bu günlərdə bildirib ki, S-400-lərin alınması haqqında qərar Türkiyənin milli qərarıdır. Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, ABŞ NATO-nun üzvü kimi kollektiv fikrə qulaq asmalıdır.

Türkiyənin Rusiyadan S-400 zenit raketlərini almaq haqqı var. Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, silah satışı və alışı bir ölkənin verəcəyi qərardır. O, Türkiyənin həmçinin ABŞ-dan Patriot sistemlərinin alışı ilə bağlı danışıqları davam etdirdiyini bildirib.

Egey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi artırıb. Bundan xəbər tutan SAT komandoları yunan bayraqlarını qaldıraraq oradan ayrılıblar.

Hadisəyə şərh verən Baş nazir Binali Yıldırım Yunanıstana lazımi cavab verməyə hazır olduqlarını bildirib.

Yunanıstana növbəti xəbərdarlıq türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğludan gəlib. Afinaya sərt xəbərdarlıq edən nazir “əsgərlərimizin əlindən bir qəza çıxa bilər” deyib.

Türkiyə Dəniz Donanması Bəşər Əsədin Suriyadakı hücumlarına qarşılıq vermək bəhanəsilə Aralıq dənizinin şərqinə yerləşməyə çalışan ABŞ, İngiltərə və Fransa donanması, həmçinin təxribatlarını artıranYunanıstana qarşı əhəmiyyətli bir addım atıb.Türkiyə 2 sualtı və 12 müharibə gəmisini bölgəyə göndərib, dənizdəki aktivlik 7 gün, 24 saat nəzarətə alınıb.

Aprel ayı ərzində 27 müharibə gəmisi ilə Qara dənizdə “Dəniz Ulduzu -2018” təlimlərini icra edən donanma eyni zamanda, Ege və Aralıq dənizində 14 müharibə gəmisi ilə təlim üçün səfərə çıxıb. Donanma həm də NATO-nun Atlantik və Hind okeanında, Şimal dənizində keçirdiyi təlimlərə və qatıldığı hərbi əməliyyatlara da yaxından kömək edir.

“Suriyanın hökumət güclərinə qarşı keçirilən əməliyyat Rusiya və İrana açıq bir mesaj idi”. Bu haqda NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edib.

“Əməliyyat Rusiya və İrana açıq mesaj idi və beynəlxalq ictimaiyyətin kənarda səssiz qalmayacağını göstərdi. Bu, kimyəvi silahların potensialını azaltmaq üçün keçirilən bir əməliyyat idi. Rusiya kimyəvi silah tətbiqi ilə bağlı istintaqa maneə törətdi”, - o bildirib.

Hərbi alyansın rəhbəri NATO-nun Rusiya ilə siyasi danışıqlara qarşı olmadığını deyib.

Xatırladaq ki, parelin 14-də ABŞ, İngiltərə və Fransa Suriyaya 100-dən çox qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olub.

Rusiya bundan sonra Suriya qarşı gerçəkləşdiriləcək hər hansı hücuma sərt cavab verəcək. Bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin növbəti bəyanatında səsləndirilib.

Moskvanın hədəsinə baxmayaraq, aprelin 16-də Suriyanın hərbi aerodromuna raket zərbələri endirilib. SANA agentliyinin məlumatında deyilirdi ki, Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri Şayrat hərbi aerodromuna raket zərbələrini dəf ediblər. Agentliyin məlumatına görə, suriyalı zenitçilər bir neçə hədəfi məhv edə biliblər. Suriya ordusunun Hava Hücumundan Müdafiə qüvvələri Homs vilayətindəki Şayrat aerodromu ilə yanaşı, Dəməşqdən 50 kilometr şimaldakı Dumeyrdəki hərbi bazaya endirilmiş raket zərbələrini də dəf edib.

Bu barədə "Al Ekhbariya" telestansiyasına respublikanın Hərbi Qüvvələrindəki mənbə bildirib. Məlumata görə, Suriya zenitçiləri Şayrat ətrafında 6, Dumeyrəyə uçan daha 3 raketi vurublar. "Al Masdar" portalının məlumatına görə, hərbi bazalara İsrailin Hərbi Hava Qüvvələri Livanın səmasından hücum ediblər. Lakin bu məlumat hələlik Dəməşq tərəfindən rəsmən təsdiqlənməyib.

ABŞ-ın prezidenti Donald Trampın administrasiyası ölkənin şimal-şərqində vəziyyətin sabitləşməsi üçün Amerika hərbi kontingentini ərəb ölkələrindən olan hərbi qulluqçularla əvəz etməyi planlaşdırır. Bu haqda Amerika məmurlarına istinadən “Wall Street Journal” qəzeti bildirib.

Nəşrin mənbələrinin məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizliyi üzrə məsləhətçi Con Bolton yaxın vaxtlarda Misirin Ümumi Kəşfiyyat Xidmətinin başçısının vəzifələrini icra edən general Abbas Kamelə zəng edib və Qahirənin sözügedən planın reallaşdırılmasında kömək göstərib-göstərməyəcəyi ilə maraqlanıb.

ABŞ hökuməti Suriyada işğal altında saxladığı Fərat çayının şərqindəki bölgədə BƏƏ və Səudiyyə Ərəbistanının maddi dəstək verəcəyi bir ordu yerləşdirmək niyyətindədir. Plana görə, Misir ordusu da bu orduya dəstək verəcək.

Suriyadakı əsgərlərini geri çəkəcəyini açıqlayan ABŞ-ın bu qərarının arxasında yatan gizli planları bir-bir gün üzünə çıxır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) fevral ayında Konqresə təklif etdiyi 2019-cu il büdcə planında PKK/PYD terror təşkilatı üçün tələb etdiyi 300 milyon dollarlıq yardım tələbinin detallarının bilinməsindən sonra ABŞ-ın Şərqdə yeni ordu quracağı məlum olub.

Şimaldan Aralıq dənizinə çıxma planı Afrində çökən ABŞ cənubdan yeni dəhliz açmağı planlaşdırır. Aprelin 14-də Suriyanın bombardman edilməsi də bu planın ilk addımı kimi görünür. Bu haqda ABŞ, İngiltərə və Fransanın Suriyanın hökumət güclərinə aid obyektləri vurmasını şərh edən suriyalı mütəxəssislər “Yeni Şəfəq” nəşrinə açıqlamasında bildiriblər.

Araşdırmaçı Nasir Hüso hesab edir ki, Hasekedə həbs olunan PKK-Qərb koalisiyası “B planı”nı həyata keçirməklə məşğuldur və yeni hədəf Əl-Bukemaldan (Fərat çayının sahilində, Suriya-İraq sərhədində yerləşir –red.) Tedmura (Xümsün cənubunda yerləşir –red.) qədər uzanan cənub dəhlizini yaratmaqdır.

Kərkükdən başlayıb Lazkiye-Aralıq dənizinə qədər uzanan dəhliz layihəsinin “Fərat Qalxanı” və “Zeytin budağı” hərəkatları ilə pozulduğunu deyən mütəxəssis bununla belə, Qərb ittifaqının dəhliz xəyalından vaz keçmədiyini qeyd edib.

Rəsmi Tehran İsrailin ötən həftə iranlı hərbçilərin ölümünə səbəb olan Suriyadakı hərbi bazaya etdiyi hücuma qarşılıq verəcək. Bu iddia ilə Livanın Hizbullaha yaxın nəşrlərindən sayılan “Əl-Əxbar” çıxış edib. Nəşr İranın qarşılıq vermək üçün çox gözləməyəcəyini, Fələstin və ətrafında İsrailə qarşı hər hansı bir əməliyyatın planladığını yazıb.

Nəşrin redaktoru İbrahim Əl-Aminin sözlərinə görə, İran bunu edərkən heç bir müttəfiqə ehtiyac duymayacaq və etdikdən sonra da bunu gizlətməyəcək.

Xatırladaq ki, İsrailin Suriyanın T-4 hərbi bazasını bombardman etmişdi.

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertləri Şərqi Qutada kimyəvi hücumla bağlı həqiqətlərin araşdırılması üçün sakit şəkildə işə başlaya bilərlər. Bu barədə aprelin 18-də Federasiya Şurasının vitse-spikeri Andrey Turçak deyib.

Onun sözlərinə görə, hazırda ərazidə ekspertlərin sakit şəkildə iş aparması üçün bütün şərtlər təmin olunub.

Qeyd edək ki, ABŞ daha əvvəl Rusiya və Suriyanı təşkilatın ekspertlərini kimyəvi hücumun həyata keçirildiyi iddia olunan əraziyə buraxmamaqda ittiham edirdi.

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Quta-Duma bölgəsində aprelin 7-də istifadə olunan bombanın parçaları “Fərat Qalxanı” bölgəsinə gətirilib. Suriyanın müvəqqəti hökumətinin baş naziri Cavad Əbu Hatab kimyəvi kapsulla təchiz edilən bombanın hissələrini araşdırılması üçün türkiyəli səlahiyyətlilərə verməyə hazır olduqlarını bildirib.

Kimyəvi hücumun edildiyi iddiası təsdiqlənərsə, bu, ABŞ-ın Suriyaya yeni zərbələri üçün zəmin yarada və nəticədə, Rusiya ilə qarşıdurma vəziyyətinin yaranmasına gətirib çıxara bilər.

İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq. Bunu “Yediot Ahronot” qəzetinə müsahibəsində ehtiyatda olan general Yakov Amidror deyib. Onun sözlərinə görə, Livandan sonra Suriyada da İranın təsirini artırması İsraili artıq narahat edir:

“Biz Tehranın Suriyada təsirini genişlətməsinə imkan verməyəcəyik. Belə olacağı təqdirdə aramızdakı savaş qaçılmaz olacaq. Bu savaşda hər iki tərəf böyük itkilər verəcək. İran ən yaxşı hərbi texnikasını Suriyaya gətirir. Bu isə Əsədi müdafiə üçün edilmir”.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

“Rusiya və Qərbin münasibətləri “soyuq müharibə” dövründə olduğundan indi daha pisdir”. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BBC telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, münasibətlər “soyuq müharibə” dövründə olduğundan daha pisdir. Çünki, “soyuq müharibə” dövründə kommunikasiya kanalları var idi, rusofobiya yox idi”, - Lavrov deyib.

Suriyada kimyəvi silahın istifadəsinə aid Fransa, Böyük Britaniya və ABŞ-ın əsaslandığı sübutlara gəlincə, onun sözlərinə görə, bu ölkələr KİV-in və sosial şəbəkələrin xəbərlərinə istinadə ediblər.

“Aprelin 7-də Duma şəhərində kimyəvi silahdan istifadəyə dair sübutlar yoxdur”, - Lavrov əlavə edib.

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və Böyük Britaniyanın Milli Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik üzrə Milli Mərkəzi (NCSC) birgə bəyanat dərc edib. Bəyanatda Rusiya hakimiyyəti kiberaktivlik nümayiş etdirməkdə ittiham edilir.

Bəyanata görə, Rusiya hakerlərinin əsas hədəfi hər şeydən əvvəl, hökumət və şəxsi təşkilatlar, kritik əhəmiyyətli infrastrukturlar və internet-xidmətlərinin təchizatlarıdır. Xüsusi halda, qeyd edilir ki, kiberhücumlar bütün dünyada şəbəkə infrastruktur qurğularına edilir.

Rusiya Qərbin Suriyaya zərbə endirməsindən sonra cavab həmləsi olaraq növbəti kiberhücuma hazırlaşır. ABŞ və Britaniyada bir sıra rəsmi şəxslər Rusiyanın kiberhücuma hazırlaşdığını, dövlət qurumları, hətta fərdi evlərə qədər bir çox kritik nöqtəyə hücum təşkil olunacağını açıqlayıb.

Rus hakerlərin bütün dünyada milyonlarla kompüterə giriş əldə etməyi planlaşdırdığı, ruter (yönləndirici), açar və təhlükəsizlik sədlərini aşaraq sistemləri müdafiəsiz qoymağa çalışdığı bildirilir. Rusiyanın sadəcə sistemləri iflic etmək üçün deyil, eyni zamanda yaxın gələcəkdə təşkil olunacaq hücumlar üçün kompüterləri “zombi”yə çevirdiyi və həmin hücum zamanı bu kompüterlərdən də istifadə edəcəyi qeyd olunur.

"Böyük yeddilik" ölkələri Rusiyanı "Skripal işi" üzrə məsuliyyət daşımağa çağırıblar. Bu barədə Kanada xarici işlər nazirinin yaydığı bəyanatda bildirilir.

"Biz Böyük Britaniyanın qiymətləndirmələrini bölüşürük və onunla razılaşırıq: - çox ehtimal ki, Rusiya bu hücuma görə məsuliyyət daşıyır və bunun ehtimal olunan alternativ izahatı yoxdur", - deyə bəyanatda bildirilir.

G7 ölkələri həmçinin bildiriblər ki, qaydalara əsaslanaraq, Rusiyanı beynəlxalq sistemə qaytarmaq üçün bu ölkə ilə əməkdaşlıq edəcəklər.

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə zəhərləniblər. Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanı onların zəhərlənməsində ittiham edib və Sergey və Yuliyaya bu ölkədə hazırlanmış zəhərlə qəsd edildiyini bildirib.

Yuliya Skripal artıq özünə gəlib. Sergey Skripalın da səhhəti yaxşılaşmaqdadır. O, kritik vəziyyətdən çıxıb.

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp ehtiyac yaranacağı halda, üçüncü ölkədə görüşə bilər. Bu haqda Rusiyadakı diplomatik mənbə “RİA-Novosti” agentliyinə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, liderlərin görüşünün heç bir konkret planı yoxdur. Martın sonunda Tramp Putinlə telefon söhbəti zamanı bildirib ki, problemli sualların sayı onların şəxsi görüşünə ehtiyacı diktə edir. Ağ Evdən bildiriblər ki, Amerika lideri danışıqların keçirilməsi üçün bir neçə mümkün yer təklif edib.

Ötən həftə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hələlik görüş haqqında hər hansı dəqiq razılıq yoxdur.

ABŞ Suriyaya görə Moskva barəsində yeni sanksiyaları tətbiq etmək fikrindən daşınıb. Bu haqda “İnterfaks” agentliyi Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən bildirib.

Mənbələrə görə, ABŞ hakimiyyəti Vaşinqtondakı səfirlik vasitəsilə Rusiya tərəfinə bu barədə xəbərdarlıq edib.

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla görüşə hazırdır. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

“Prezident Putin belə görüşə hazırdır”, - agentlik Lavrovdan sitat gətirib.

Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp iki ölkə arasında hərbi qarşıdurmaya yüz faiz imkan verməyəcəklər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Hərbi qarşıdurmanın riskləri haqqında məsələyə gəlincə, yüz faiz əminəm ki, hərbçilər buna imkan verməyəcəklər. Və əlbəttə ki, prezident Putin, nə də prezident Tramp buna icazə verməyəcək. Onlar öz xalqları tərəfindən seçib və sülh üçün öz xalqları qarşısında cavab verirlər”, - o deyib.

Lavrov bildirib ki, Moskva Suriyaya zərbələrdən əvvəl Vaşinqtona "qırmızı xət"lər barədə xəbərdarlıq etmişdi: "Rusiyanın Silahlı Qüvvələrinin Baş qərargahının müdiri Valeri Gerasimov aydın şəkildə dedi ki, koalisiyanın hansısa döyüş hərəkətləri Rusiyanın hərbi qulluqçularına zərər vurarsa, onda biz sərt olacağıq və aydın cavab verəcəyik. Həm də yalnız raketlər deyil, daşıyıcıları da qanuni hədəfimiz olacaqdı. Bu, aydın və birmənalı şəkildə deyilmişdi".

ABŞ-ın kosmosda hərbi hökmranlıq istəyi bütün bəşəriyyəti risk altında qoyur. Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Onlarda təkcə kosmosda deyil, hər yerdə dominantlıq etmək qəbul olunub və bu onların doktrina sənədlərində yazılmışdır. Odur ki, burada qəribə heç bir şey yoxdur. Lakin təkrar edirəm, bu məntiqin kosmik müstəviyə köçürülməsi bütün bəşəriyyət üçün çox ciddi risk olacaq”, - Lavrov bildirib.

Ukrayna

Rusiya Ukraynayla sərhəddə öz qoşunlarını gücləndirir və Ukraynanın sərhədlərində böyük müharibəyə hazır Rusiya qoşunu dayanır. Bu haqda Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksandr Turçinov təhlükəsizlik üzrə 11-ci Kiyev forumunda danışıb.

Ukrayna ilə ABŞ rəsmiləri Krım və Donbasın Kiyevin nəzarətinə qaytarılması planını müzakirə ediblər. Plan Ukraynanın daxili işlər naziri Arsen Avakovla ABŞ-ın dövlət katibinin müavini Uess Mitçelin görüşündə müzakirə olunub.

Tərəflər planın həyata keçirilməsi istiqamətində atılacaq addımlar barədə fikirlərini ifadə ediblər. Görüşdə həmçinin, Krım və Donbasda təhlükə yaradan mövcud mütəşəkkil cinayətkarlıq, eləcə də kriminal qruplaşmalara qarşı mübarizə yolları barədə fikir mübadiləsi aparıblar.

Koreya

ABŞ-ın dövlət katibi postuna namizəd və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Maykl Pompeo aprelin əvvəlində Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) gizli səfər edib. Bu haqda iki məlumatlı mənbəyə istinadən “Vaşinqton Post” qəzeti bildirib.

Donald Tramp Pompeonun Kim Çeni Inla görüşdüyünü təsdiq edib. “Mayk Pompeo keçən həftə Kim Çen Inla görüşdü. Görüş çox yaxşı keçdi, yaxşı münasibətlər yarandı. Sammitin detalları işlənilir. Denuklearizasiya dünya üçün, həmçinin Şimali Koreya üçün böyük nailiyyət olacaq”, - Tramp Tvitterdə yazıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR