Nida Təhlil
ABŞ-ın Türkiyəyə hücumunun ŞİFRƏLƏRİ: Qalib kim olacaq? - TƏHLİL
Asif Nərimanlı
Rahib Endryu Brunsonun həbsi ilə başlanan ABŞ-Türkiyə müharibəsində
qılıncların qınına qoyulacağı inandırıcı görünmür. Tramp Brunsonun
təhvil verilməsi üçün Ərdoğanı təhdid edir, Türkiyə lideri isə “mən
prezident olduğum müddətdə bu baş verməyəcək” deməklə dünyaya tək
qütbdən baxan ABŞ-a müharibəyə hazır olduğunu açıq şəkildə
göstərir. Və bütün baş verənlərdə, geosiyasi siyasətin hər keçən
gün daha da qəlizləşdiyi və “soyuq müharibədən” sonra dünya gücləri
arasında bu səviyyədə toqquşmaların baş verdiyi mənzərədə Brunson
“bədəvilərin döyüşündə atların ayağı altında qalan qum dənəsi”nə
bənzəyir. Hərçənd, onu I Dünya müharibəsinin bəhanəsi Ferdinanda,
yaxud Rusiyaya qarşı hücumda bayrağa çevrilən Skripala da bənzətmək
olar: Proseslərdə kiçik zərrəcik olduğu qədər də bəhanə, yaxud
yaxşı səbəb. Brunson ABŞ üçün yaxşı səbəb və bir o qədər də yaxşı
bəhanə oldu...
Trampın rahib Brunsonun azad olunmasını istəməsinin qlobal
toqquşmalar fonunda kiçik görünən iki səbəbindən də bəhs
edilir:
- Konqresə aralıq seçkilər: Tramp noyabrda
keçiriləcək seçkidə komandasının qalib gəlməsi üçün Brunsonu türk
torpaqlarında qoymaq istəmir. Seçkidə bu amil onun əleyhinə işləyə
bilər. Hətta Brunsonun həbsinə görə türk nazirlərə sanksiyaların
tətbiq edildiyi açıqlanan vaxt Ağ Evin başqa bir otağında ABŞ-ın
müxtəlif yerlərindən gəlmiş keşişlərlə görüşün keçirildiyi məlumatı
da bu kontekstdə diqqət çəkir. “Qızıl saçlı oğlan” Brunsonu qoruya
bilmədiyi üçün dini kəsimin səsini itirməkdən qorxur.
- Evanqelist faktoru: Xristianlığın radikal
təriqəti olan evanqelistlərin adı Trampın Oval kabinetdə oturmağa
başlaması ilə tez-tez eşidilir. Xristianlığı bütün dünyada hakim
etmək üçün Yer üzünə Tanrı tərəfindən göndərildiklərinə inanan bu
radikal təriqət evanqelist olduğu deyilən Brunsonun timsalında
qardaşlarının zindanda olması ilə barışmır və Ağ Evdə
vitse-prezident Mayk Pens və müşavir Con Bolton kimi bu təriqətin
qatı üzvləri üzərindən Trampı yönləndirirlər.
Bu ehtimallar kiçik görünür, lakin üzərində dayanmadan da keçmək
olmaz. Bəzən olduqca mürəkkəb və böyük toqquşmaların əsl səbəbi
kiçik məqamlarda gizlənir. Belə məqamlardan biri kimi Trampın şəxsi
eqosunu da misal çəkmək mümkündür. Oval kabinetin sahibi bu
imtiyaza yiyələnəndə ABŞ-ı dünyanın hakimi edəcəyinə and içmişdi və
vaxtilə “böyük danışması”nın qarşısında bir rahibi xilas edə
bilməməsinin qəzəbini də yaşamış ola bilər. Hər-halda tvitləri ilə
dünyanı ələ salan Trampdan bəhs edirik...
Amma hədəfdə NATO-da ABŞ-ın müttəfiqi olan və təkcə Asiyanın, yaxud
Yaxın Şərqin deyil, bütövlükdə Avrasiyanın açarı deyə biləcəyimiz
Türkiyə var. Və burada “bədəvi atının ayaqları altındakı qum
dənəsi” olan Brunsonun Tramp üçün nə evanqelist, nə də seçki amili
yox, məhz yaxşı bəhanə olduğu daha məntiqli görünür. Amerika
Türkiyənin “buyruq ölkəsi” qəlibindən çıxması ilə barışmır və ona
əlindəki son rıçaqlarla zərbə endirir.
Çünki Türkiyə Rusiya ilə başlayaraq, Çinlə davam edən Avrasiya
açılımına doğru irəliləyir və bu, ABŞ-ın bölgədəki açarı itirməkdə
olduğu deməkdir. Əslində ABŞ-ın Türkiyəyə doğru hücumunun 2013-cü
il “17-25 dekabr” əməliyyatı ilə başladığını desək yanılmarıq.
Lakin II Dünya müharibəsindən sonra bəlkə də ilk dəfə idi ki,
Türkiyə ABŞ-ın nəinki öz üzərində oynadığı oyunları pozurdu, həm də
bütövlükdə bölgədəki planlarına ciddi əngəl olurdu, 2013-cü ildən
sonrakı dövrdə yaşananlar buna açıq nümunədir:
2015-ci il 7 iyul seçkiləri: ABŞ FETÖ və
Türkiyənin ona işləyən mediası ilə HDP-nin barajı aşmasına nail
oldu, həm də AKP-nin təkpartiyalı sistem qurmasının qarşısını aldı.
Ərdoğan hakimiyyəti 45 gün ərzində koalisiya hökuməti qurmadı,
vaxtı uzadaraq, seçkinin yenidən keçirilməsini təmin etdi və oyunu
pozdu.
2016-c il 15 iyul çevriliş cəhdi: ABŞ Türkiyəni
“əlinin altında” olan ölkə etmək üçün FETÖ üzərindən hərəkətə
keçdi. Ərdoğan devriləcək və Türkiyə yenidən ABŞ-ın istədiyini
hakim təyin etdiyi ölkə olacaqdı. Lakin bu baş tutmadı, əksinə,
ABŞ-ın hazırladığı bomba əlində partladı. Bundan sonra ABŞ-ın
Türkiyə daxilində qurduğu böyük şəbəkəsi – FETÖ təmizlənməyə
başladı. Bu, Vaşinqtonun Ankaraya təsir rıçaqlarını itirməsi demək
idi. (Oxu: Menderesi asıb, Ərdoğanı öldürmək istəyənlərin
“Yeni Türkiyə” planı).
Avrasiyaya doğru: Türkiyə 15 iyul hadisələrindən
sonra xarici siyasətinə yenidən baxdı və uzun illərdir onun üçün
qapını aralı qoyan Avrasiyaya doğru Rusiya üzərindən yavaş-yavaş
irəliləməyə başladı. İçəridə FETÖ təmizliyi getdiyi bir vaxtda
ABŞ-ın 30 ildən artıq müddətdə Türkiyə üzərində “qılınca” çevirdiyi
PKK-ya qarşı da genişçaplı təmizləmə prosesinə start verildi.
Amerika iki əsas silahından məhrum olurdu.
“Teror dəhlizi” planı: Türkiyə ordusu “Fərat
qalxanı” əməliyyatı ilə ABŞ-ın Şimali İraqdan başlayaraq, Suriyanın
şimalı boyunca Aralıq dənizinə çıxacaq “kürd dəhlizi” planının
qarşısını aldı. Türkiyə bu əməliyyatla həm də Suriya masasında öz
yerini tutdu.
“Afrin əməliyyatı”: Türk ordusu Afrini PYD/YPG
terrorçularından təmizləməklə “terror dəhlizi”nin reallaşmasını
tamamilə sıradan çıxartdı. Hərçənd, ABŞ dəhlizin istiqamətini bir
qədər cənuba – İdlibə doğru çəkməklə Afrinlə Fəratın şərqini
birləşdirmək istəyirdi. Lakin türk ordusu əvvəlcə İdlibə girdi,
daha sonra Afrini təmizlədi. (Oxu: Afrin əməliyyatının şifrələri: Türkiyə böyük oyunları necə
pozur?).
“Kürd referendumu”: ABŞ 2017-ci ilin 25
sentyabrında Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik
referendumu ilə bölgədə “Kürdüstan”ı yaratmaq üçün ilk addımını
atdı. “Kürdüstan” yaradılacaq və bu, ABŞ-a Suriyanın şimalında –
Türkiyənin cənubunda Aralıq dənizinə qədər uzanan “kürd dövləti”nin
qurulmasına fürsət verəcəkdi. Lakin Türkiyə bölgədə İraq və İranla
birlikdə bu oyunu da pozdu və ABŞ-ın önünə keçdi.
(Oxu: Kürd dövləti”nin hədəfləri: regional-etnik
müharibəyə doğru).
Qətər böhranı: Halbuki, Amerika Türkiyənin cənub
sərhədlərində “kvazidövlətlər” yaratmaq, digər tərəfdən Körfəz
ölkələrini tamamilə ovucunun içinə almağı planlaşdırırdı. Trampın
prezident seçiləndən sonra ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına
etməsi və ardınca Qətər böhranının başlanması da buna
hesablanmışdı. Lakin Türkiyə Böyük Britaniyanın da dəstəyi ilə
Qətər üzərindəki oyunun qarşısını almağı bacardı.
(Oxu: Səhrada qanlı döyüş və ABŞ-ın Körfəzdə böyük
oyunu).
Qüds məsələsi: Tramp Qüdsü İsrailin paytaxtı kimi
tanıdı və ABŞ səfirliyini bura köçürməklə bütün dünyaya örnək
olacağını düşündü. Lakin Türkiyə İslam Əməkdaşlığı Təşkilatını
(İƏT) təcili şəkildə topladı və buna qarşı çıxdı, ardınca məsələni
BMT-yə daşıdı və Ağ Evin sahibinin istəyinə tam çatmasının
qarşısını aldı.
2013-cü ildən sonrakı dövrdə ABŞ-Türkiyə qarşıdurması və bölgədə
müstəqil türk siyasətinin Vaşinqtonun planlarına mane olmasının
çoxsaylı məqamlarına toxunmaq olar. Reallıq budur ki, Türkiyə artıq
ABŞ-ın barmağında oynada bildiyi Türkiyə deyil. Türkiyənin
prezident üsul-idarəsinə keçidi də əslində onu şahmat taxtasında
piyada kimi istifadə etmək istəyən Qərbin qarşısında daha güclü
olmaq və müstəqil siyasətini yürüdə bilməkdir. Bir çoxları
prezident üsul-idarəsinin Türkiyədə demokratiyanın zəifləməsinə
səbəb olacağını hesab edir, hərçənd, 50 faizə qədər müxalifinin
olduğu bir prezidentin buna cəhd belə etməsi inandırıcı görünmür.
Bununla yanaşı, Türkiyə Cümhuriyyət tarixində koalisiya
hökumətlərinin nələrə səbəb olduğunu araşdıranda da prezident
üsul-idarəsinin vacibliyi ortaya çıxır. Türkiyə məhz dövlətin
gələcək strategiyası üçün bu seçimi etdi. Çünki dünyanın dəyişən
şərtlərində mərkəzləşdirilmiş idarəçilik dövlətin bütövlüyü və daha
güclü olmasının zəmanətidir. Qlobal və regional güc olan, yaxud
buna cəhd edən ölkələrin nümunəsi də bunu deməyə əsas verir:
ABŞ – demokratlar və respublikaçılar bir-birini
əvəz edir. Heç maraqlı deyilmi ki, dünyaya siyasi plüralizmdən
müəllim ədası ilə danışan ölkədə niyə üçüncü siyasi partiya seçkiyə
qatılmır? Yaxud bu ölkədə üçüncü siyasi partiya gözə dəyirmi
heç?!
Böyük Britaniya – leyboristlər, yaxud
mühafizəkarlar, kimin qalib gəlməsindən asılı olmayaraq, bu ölkəni
kraliçanın idarə etdiyi sirr deyil.
Fransa və Almaniya - Avropa İttifaqının iki güclü
ölkəsində fərdlərin və partiyaların dəyişməsindən asılı olmayaraq,
oturuşmuş dövlət institutu var və bu institutun köklərinin daha
dərinə getdiyi bəllidir.
Rusiya – çarların dövründən bu ölkədə siyasi
varislik prinsipi əsasdır. Və məlumdur ki, Rusiya “dərin
dövləti”nin istəmədiyi şəxs hakimiyyətə gələ bilməz.
İran – 1979-cu il İslam inqilabından sonra bu
ölkədə əsas söz sahibi ali dini liderdir və ayətullahların Üləmalar
Məclisi əslində “dərin İran dövləti”nin məlum olan modeli hesab
oluna bilər.
Çin – dünyanın yeni super gücü olmağa namizəd olan
bu ölkə tarix boyu hakimiyyətin ötürülməsi yolu ilə idarə
olunub.
Bu sistemlər demokratik prinsiplərdən uzaq görünə bilər, lakin
dövlətin güclü immunitetə malik olmasında sınanmış təcrübədir.
Dünyanın bu mənzərəsi fonunda Türkiyənin prezident üsul-idarəsinə
keçidini qəbul etməmək qeyri-səmimilik olar. Türkiyə dünyanın yeni
nizamına uyğun addımlar atdı və bununla ABŞ-ın qorxulu röyasını
gerçək etdi. Əslində Ərdoğan hökumətinin Qərbə vurduğu sonuncu
zərbə məhz budur.
Və bu gün ABŞ-ın Türkiyəyə müasir müharibə üsulları ilə hücuma
keçməsinin səbəblərini son 5 ildə baş verənlərlə yanaşı, həm də
ölkədə idarəçilik sisteminin dəyişdirilməsində də axtarmaq
lazımdır. Amerika 15 iyulda türk torpaqlarında məğlub olmuşdu.
Artıq nəyisə dəyişdirməyin, vaxtilə NATO-çuların idarə etdiyi
Türkiyəni geri qaytarmağın yolu yoxdur. Trampın iqtisadi hücumu son
həmlədir, çünki okeanın o tayındakılar türk iqtisadiyyatının
həssaslığını bildikləri üçün ən incə yerdən vurdular. Plana görə,
bu iki nəticə verəcəkdi: birincisi, türk xalqı düşdüyü
iqtisadi çətinliyin günahını Ərdoğanda axtaracaq və ona qarşı
çıxacaqdı; ikincisi, Ərdoğan geri çəkiləcək və Trampın tələbini
yerinə yetirəcəkdi; Bu baş vermədi, çünki 15 iyul
hadisələri türk xalqının şüurunda da dönüş nöqtəsi olub.
Türkiyə niyə Brunsonu təhvil vermədi?
Vaşinqton-Ankara xəttindəki toqquşmalarda bu sual olduqca mühümdür.
Türkiyə rahibi qaytara və iqtisadi zərbələrdən yayına bilərdi.
Lakin:
a) Ankara məsələnin rahib məsələsi olmadığını
yaxşı anlayır. Amerika Türkiyəni bütövlükdə istəyir.
b) Brunsonun təhvil verilməsi Türkiyə dövlətinin
ABŞ qarşısında geri çəkilməsi deməkdir və rahiblə başlanan
tələblərin sonrakı siyahısı daha da uzanacaq, Vaşinqton hər
istədiyini etdirmək üçün analoji addımlar atacaqdı.
c) Güləni verməyən Trampa Brunsonu vermək türk
dövlətinin siyasi iradəsini zədələyə bilər.
d) Baş verənlər son 5 ildə yaşanan açıq-gizli
qarşıdurmanın partlamasıdır və Türkiyə artıq öz cəbhəsini
müəyyənləşdirir.
Avrasiya və Amerika: dünyada güc mərkəzi dəyişir
və Türkiyə nə qədər NATO-da olsa da, yeni dünya nizamına uyğun
olaraq Şərqə doğru üz tutur. Amerikanı hərəkətə keçirən də
budur.
“Amerika Türkiyə üzərində qalib gələ biləcəkmi”
sualının cavabı isə Trampın xeyrinə deyil: Ankara Vaşinqtona boyun
əymədi və hücuma hücumla cavab verdi. Ərdoğanın “müdafiədən hücuma
keçirik” mesajı təsadüfi deyil. Çünki Türkiyənin qarşısında ciddi
Avrasiya seçimi var. Ərdoğan BRİKS ölkələrinin sammitinə dəvət
olunanda Türkiyənin bu seçimə doğru hərəkət etdiyi aydın oldu. Və
ABŞ-ın qarşısında təklənmiş yox, Çin, Rusiya, İran, eləcə də BRİKS
ölkələri, həmçinin, Böyük Britaniya, Almaniya, Fransa kimi Avropa
dövlətlərinin dəstək verdiyi Türkiyə var. Əksinə, bu gün Türkiyənin
qarşısında dünyada təklənmiş Amerika var və Ankara “hücuma
keçməyin” vaxtının çatdığını anlayır. Trampın başlatdığı iqtisadi
müharibəyə dünya xəritəsi fonunda baxanda həqiqətən də ABŞ-ın
təkləndiyi və məğlubiyyətə doğru getdiyi görünür.
Böyük ehtimalla Avrasiyanın Çinin iqtisadi liderliyində
güclənəcəyi, dünyanın təkqütblü sistemdən xilas olacağı və dollar
hegemoniyasına son qoyulacağı prosesi davam edəcək. Bu prosesdə
ingilislərin də ABŞ-a qarşı cəbhədə dolayısı ilə yer alması diqqət
çəkir. Və bütün bunlar Türkiyənin ABŞ-a iqtisadi müharibədə məğlub
olmayacağını deməyə əsas verir.
Lakin ABŞ-Türkiyə toqquşmasına kiçik pəncərədən baxmaq da doğru
deyil və İran-Rusiya-Türkiyə adlı böyük tabloda Vaşinqtonun bölgədə
ən ehtiyacı olan ölkəyə - müttəfiqinə bu səviyyədə hücumunun
səbəbləri aydın görünür.
İran, Rusiya, ardınca da Türkiyə: bu üç ölkənin
bir olması Trampın “güclü Amerika” strategiyasının qarşısında və
Amerikanın Yaxın Şərqdə istədiyini etməsində ciddi maneəyə
çevrildi. Vaşinqton da İran, Rusiyaya, ən sonda isə Türkiyəyə
hücuma keçmək planını işə saldı:
a) İran, Rusiya və Türkiyəyə ayrı-ayrılıqda
iqtisadi sanksiyalar tətbiq etməklə hər biri küncə
sıxışdırılacaq;
b) Bu ölkələrdə əhali iqtisadi çətinliyə görə
hökumətlərinə qarşı qalxacaq;
c) Bu ölkələrdən biri – İran istisna olmaqla –
hücumdan xilas olmaq üçün Amerika ilə anlaşacaq, bu da üçlü
ittifaqı dağıdacaq;
d) Türkiyə, yaxud Rusiyanın “boyun əyməsi” İrana
hücumu asanlaşdıracaq;
e) Türkiyənin hücum qarşısında geri çəkilməsi və
Rusiya və İrandan uzaqlaşması – Türkiyəyə İran və Rusiyadan sonra
iqtisadi sanksiyaların tətbiq edilməsi də buna hesablanmışdı –
ABŞ-ın bölgədəki planlarının önün açacaq;
Görünən budur ki, Tramp istəyinə nail ola bilmir, lakin bu,
Amerikanın geri çəkiləcəyi də demək deyil. Mümkündür ki, Vaşinqton
iqtisadi hücumdan sonra aktiv müharibə cəbhəsi açacaq. Bu cəbhə isə
məhz Körfəzdən açıla bilər.
Mümkün ssenari: Tramp Körfəz ölkələrinin iştirakı
ilə yaratmaq istədiyi “Ərəb NATO-su” planını sürətləndirəcək; bu
hərbi ittifaq Yəməndə husi bəhanəsi ilə hücuma keçə bilər, bu İrana
qarşı açılacaq cəbhə olacaq; Körfəz ölkələri Qətər böhranını
yenidən qızışdıra və Türkiyəyə qarşı da buradan cəbhə açıla bilər;
Rusiya üçün açılacaq cəbhə isə Ukrayna olacaq, lakin Ermənistanda
Paşinyanın hakimiyyətə gəlişi Vaşinqtonun Moskvaya qarşı Qafqazdan
da cəbhə aça biləcəyi ehtimalını gücləndirir;
Dünya yeni toqquşmaların astanasına girir və “tvit qəhrəmanı”
Trampın bundan sonra nə edəcəyi maraqlıdır.
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi