Azərbaycan liderinin Belarus səfəri və əldə olunan nəticələr
Bizi izləyin

Nida Təhlil

Azərbaycan liderinin Belarus səfəri və əldə olunan nəticələr

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri həm son proseslər, həm də ikitərəfli münasibətlər fonunda diqqət çəkir.

Publika.az
xəbər verir ki, indiyə qədər Prezident İlham Əliyev Belarusa 5 dəfə, Belarus Prezidenti Aleksandr Lukaşenko isə Azərbaycana 4 dəfə rəsmi səfər edib.

19 noyabrda həyata keçirilən son səfər çərçivəsində ilk diqqət çəkən məqam Prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşünün protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşünün 2 saatdan artıq davam etməsi oldu. Bu, iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Səfər öncəsi Azərbaycan Respublikasının Belarusdakı səfirinin bu ölkənin Prezidenti tərəfindən qəbul edilməsi, Belarus səfirinin isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilməsi diplomatik münasibətlərdə müstəsna bir hal kimi qiymətləndirilir.

Səfər çərçivəsində təkbətək görüşün ardınca dövlət başçılarının rəhbərliyi altında nümayəndə heyətlərinin iştirakı ilə geniştəkibli görüş keçirildi. Geniştərkibli görüşdə hər iki tərəfdən baş nazirin müavinləri, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd-təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir. Rəsmi səfərdən öncə hökumətlərarası birgə komissiyanın iclası keçirildi və iqtisadi-ticarət əlaqələrinin daha inkişaf etdirilməsi perspektivləri müzakirə olundu və yekun protokol imzalandı. Həmçinin, səfər çərçivəsində Prezident İlham Əliyev Minskdə açılmış Azərbaycan Ticarət Evinə baş çəkdi.

Səfər nəticəsində iki ölkə arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalandı. Ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır.

Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olundu. Bu Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.

Səfər çərçivəsində hər iki liderin səsləndirdiyi fikirlərdə və əldə olunan nəticələrdə bəzi məqamlar xüsusilə diqqət çəkdi.

- Azərbaycan Respublikası və Belarus Respublikası strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər.

- Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd etdilər.

- Tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildirdilər.

- Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəldilər.

Publika.az


Oxumağa davam et
Reklam
Reklam

Gündəm