İMİC: Azərbaycana qarşı “informasiya müharibəsi”nin PƏRDƏARXASI
Bizi izləyin

Nida Təhlil

İMİC: Azərbaycana qarşı “informasiya müharibəsi”nin PƏRDƏARXASI

“Dələduz ac”, o tarixə nə mütəxəssis olduğu astrofizika ilə, nə də alimliyi ilə deyil, məhz bu damğa ilə düşdü. Söhbət amerikalı astrofizik-alim Çarlz Hayderdən gedir. Onun prezident Ronald Reyqanın SSRİ ilə silah yarışından imtina etməsi və 2000-ci ilə qədər ölkədə bütün nüvə başlıqlarının məhv edilməsi tələbi ilə keçirdiyi aclıq 218 gün çəkmişdi, Hayder yalnız isti su və dəniz duzu qəbul edirdi və bu, olduqca böyük fədakarlıq hesab oluna bilərdi. Lakin sonradan onun aclıq aksiyası zamanı gizlincə vitaminlər qəbul etdiyi ortaya çıxdı və bütün “fədakarlığı” ifşa olundu.

Tarix bu cür hallarla çox qarşılaşıb. Bu, bəşər övladının ən son əl atdığı aclıq aksiyası kimi mübarizə metodunu urvatdan salsa da, zaman-zaman belə “fədakarlar” meydana çıxır. Azərbaycanın yaxın keçmişindəki “dələduz aclar”ı da yəqin çoxları unutmayıb.

“Bir acın etirafları”: Bir zamanlar, xüsusilə 2003-2005-ci illərdə Azərbaycanda aclıq aksiyası dəb halını almışdı, hətta hər küçədən keçənin bu aksiyalara qoşulduğunu desək yanılmarıq. Aclıq aksiyalarının dəyişməz ünvanı olan Xəqani 33 (Azadlıq qəzetinin keçmiş ünvanı) nələrə şahidlik etmədi ki?! Həmin dövrdə bu ünvanda keçirilən “aksiyaya” qoşulanlardan biri (adının açıqlanmarıq) danışır ki, onlara baş çəkən beynəlxalq təşkilatların nümayəndələrini yola salandan sonra yeyib-içmək məclisləri başlayırmış.

Son günlər Mehman Hüseynovun ətrafında baş verən “aclıq kampaniyası” fonunda dünya təcrübəsində Çarlz Hayder, Azərbaycan təcrübəsində isə “Xəqani 33” macəraları yada düşür. Mehman Hüseynov nümunəsində də “dələduz ac” rolunda ondan istifadə edənlər çıxış edirlər.

Hüquq müdafiəçiləri ilə görüşdə Mehman Hüseynovun “13 gün quru aclıq aksiyası” keçirmədiyi məlum oldu, əslində görüşdən çəkilmiş fotolar və ortaya çıxan həqiqət bu haqda əlavə nəsə deməyə ehtiyac qoymur, amma açıq qalan suallar var:

– Bu kampaniyada kim(lər) və niyə maraqlıdır?
– Azərbaycana qarşı informasiya hücumunun arxasında nələr var?

Məlumdur, ölkədə hər-hansı kiçik bir məsələni müxalifət “dirilik suyu” olaraq görür. Bu məsələnin şişirdilərək gündəmdə saxlanılması prosesini də məhz ölkə daxilindəki qüvvələr həyata keçirirdi. Əli Kərimlinin qrupundan tutmuş Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov və digərlərinin dərhal meydana çıxması təsadüfi deyildi. Bu, acların ortaya atılmış yeməkdən bacardıqca daha çox pay götürmək mübarizəsini xatırladır və burada bir daha aydın olur ki, Mehman Hüseynov müxalifətin nəzərində gündəmə qayıtmaq üçün ələdüşməz fürsət idi.

Lakin proseslərin inkişafı Azərbaycana qarşı özündə informasiya müharibəsinin elementlərini birləşdirən hücumun edildiyini açıq şəkildə göstərir.

Əvvəlcə Mehman Hüseynovun “quru aclığa” başladığı xəbəri yayıldı, ardınca bu xəbər xarici medialarda tirajlandı və məsələ ictimai rəyə “ölümə aparan 13 günlük quru aclıq” yönündə təqdim edilməyə cəhd olundu. Prosesə Azərbaycanda bəlli qruplarla yanaşı, Mehman Hüseynovun qardaşı da daxil olmaqla Avropaya “sığınan”lar qoşuldu. Bu qruplar məsələni şişirtməkdə maraqlıdırlar, çünki məhz Azərbaycana qarşı olan hücumlarla “qidalanırlar” və bu, yeni gəlir mənbəyi ola bilərdi. Məsələnin Qərb mediasında tirajlanması isə prosesdə Avropadakı bəlli dairələrin maraqlarının olduğunu da ortaya çıxarır.

Əgər “piyadalar” hücumdan qidalanırsa, onları irəli sürənlər oyunu qazanmaq haqqında düşünürlər.

Və hücumun arxasında məhz Azərbaycanın imicinə zərbənin endirilməsi oyunu yatır. Məqsəd nə Mehman Hüseynovun azadlığa çıxması, nə də insan hüquqları deyil, əgər belə olsaydı, xaricdə və daxildə fürsət gözləyənlər niyə son dövrlər səslərini çıxarmırdı və niyə indi meydana çıxdılar?!

Azərbaycana qarşı zaman-zaman belə hücumlar müşahidə olunur, hücum edənlər heç nəyə nail ola bilməsələr də, istənilən kiçik məsələ mütləq şəkildə böyüdülərək, beynəlxalq mediada tirajlanır. Burada daha bir sual ortaya çıxır: dünyada nüfuzlu media orqanları sayılan KİV-lər Azərbaycanla bağlı istənilən hadisəyə niyə xüsusi həssaslıqla yanaşır və gündəmdə saxlamağa çalışır?!

Görünən budur ki, bəlli dairələr hücumları ilə heç nə əldə edə bilməsələr belə, ən azından, “yaralamağa” çalışırlar və bu yaralar məhz imiclə bağlıdır.

İMİC istənilən subyekt haqqında formalaşan fikirdir və bu fikrin hansı istiqamətdə formalaşması həmin subyektə münasibəti müəyyən edir. Misal üçün, hər-hansı bir şirkətin imici onun biznes imkanlarında mühüm rol oynayır. Eyni yanaşma ölkələrə də aiddir. Bir ölkənin imici onun iqtisadi inkişafına və siyasi çəkisinə təsir edir.

Azərbaycan beynəlxalq arenada siyasi çəkisinin ağırlığı ilə seçilir, xüsusilə son illər regional münaqişələrin-mübahisələrin həllində oynadığı rol diqqət çəkir. İqtisadi inkişaf da məhz ölkədə azad ticarət mühitinin və sabitliyin olmasından qaynaqlanır. Bu vəziyyət Azərbaycana xarici investisiyaların axınını da təmin edir. Statistika göstərir ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan çox investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayədir.

Məlumdur, bu vəziyyətdən sevinməyən qüvvələr az deyil və onlar Azərbaycanın qarşısında tramplinlər düzülməsinin yeganə yolu kimi məhz illərlə əldə edilən imicin dağıdılmasını görürlər.

Təcrübəyə görə, beynəlxalq investorlar sərmayə qoymaq istədiyi ölkə haqqında əvvəldən məlumatlar toplayırlar. Əsas informasiya mənbəyi olaraq da beynəlxalq media seçilir. Təsəvvür edin, Azərbaycana investisiya yatırmaq istəyən şirkət axtarış sistemində “siyasi məhbus aclıq aksiyası keçirdi”, “13 günlük ölüm aksiyası” kimi məlumatlarla qarşılaşır, nəticənin nə olduğunu deməyə ehtiyac yoxdur.

Bunun əksi olsaydı, yəni Azərbaycan haqqında axtarış aparan investorlar belə məlumatlarla rastlaşmasaydı və ölkəmizə gəlmək qərarına gəlsəydi necə olardı? Təbii ki, bundan ilk növbədə Azərbaycan iqtisadiyyatı qazanacaqdı, lakin Azərbaycan həm də yerləşdiyi coğrafi mövqeyə görə Yaxın Şərqdən başlamış Mərkəzi Asiya da daxil olmaqla Uzaq Şərqə qədər böyük coğrafiyaya açılan qapı olacaqdı. Hərçənd, Azərbaycan dövləti strateji mövqelərindən istifadə etməklə, Avrasiya xəritəsində əsas oyunçu olmaq istiqamətində addımlayır, lakin məhz manipulyativ hücumlar bu prosesi ləngidir. Görünür, Azərbaycanın Avrasiya qitəsinə açılan iqtisadi qapı olmasını istəməyənlər iş başındadırlar.

Və burada Mehman Hüseynov məsələsinin bu qədər şişirdilərək tirajlanmasının arxasında onun azadlığa çıxması yox, məhz Azərbaycanın perspektiv imkanlarının baltalanması planları yatır.

Asif Nərimanlı

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm