Ermənistanın puça çıxan planları, yaxud "sabun köpüyü" necə partladı?
Bizi izləyin

Nida Təhlil

Ermənistanın puça çıxan planları, yaxud "sabun köpüyü" necə partladı?

“Nazirlər arasında növbəti görüşlərin keçirilməsi nəzərdə tutulursa, deməli Ermənistanın iddia etdiyi separatçı rejimin masa arxasında əyləşmək fikri puça çıxır və faktiki olaraq sabun köpüyü kimi partlayır”.

Bunu Publika.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıxov deyib.

Siyasi şərhçi bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri həm Azərbaycanda, həm də Ermənistanda səfərdə olanda danışıqlar prosesinin davam etdirilməsi üçün tərəflərdən razılıq alıblar: “Təsadüfi deyil ki, onlar səfər çərçivəsində Dağlıq Qarabağa getmədilər. Düzdür, bunu hava şəraiti ilə izah etdilər. Amma əslində, burada real siyasi səbəb var idi. Həmsədrlər ona işarə etdi ki, Dağlıq Qarabağ danışıqlarda tərəf kimi çıxış edə bilməz və kimsə bu mərhələdə onlarla danışıq aparmağı planlaşdırmır. Nazirlər arasında yeni görüşlərin təyin edilməsi o deməkdir ki, uzun illərdir davam edən proses yenə də davam edəcək. Həmsədrlər də maraqlıdır ki, bu proses qırılmasın. Lakin mən düşünürəm ki, bu görüşün konkret gündəliyi olmalıdır. Əgər gündəlik olmasa, konkret məsələlər müzakirəyə çıxarılmasa, belə bir görüşün heç bir mənası olmayacaq. Bu görüşdən konkret mövzu, gündəlik və bu gündəliyin müzakirəsi, təbii ki, Azərbaycanın maraqlarına cavab verən, beynəlxalq hüquq normalarına uyğun qərarlar gözləyirik.

Lakin gözləntilər optimist deyil. Çünki son zamanlarda baş verən hadisələr bizi qeyri-adi nəticələr gözləməyə həvəsləndirdi. Amma mən bunun davamlı olacağını gözləmirəm. Xüsusilə, nazirlər arasında baş verəcək görüşdən. Çünki nazirlər arasında keçirilən görüşlər hazırlıq mərhələsi kimi dəyərləndirilməlidir. Qərarları isə ölkə rəhbərlərinin danışıqlarında əldə olunur”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti görüş gündəmdə olduğunu açıqlayıb. Açıqlamada qeyd edilib ki, Azərbaycan münaqişənin nəticələrini aradan qaldıracaq bütün məqsədyönlü görüşlərin keçirilməsinin tərəfdarıdır və buna hazırdır. Həmsədrlərlə də bu məsələ müzakirə olunub. Görüşün tarixi və yeri isə hələ ki, dəqiq məlum deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm