• USD 1,7000 0,00% EUR 1,8876 0,00%
    • GBP 2,0559 0,00% RUB 0,0257 0,00%

Ölülər və faciələr üzərində qurulan siyasət...

Ölülər və faciələr üzərində qurulan siyasət...

Son günlər gündəmi zəbt edən azyaşlı Elinanın ölümü və Prezident İlham Əliyevin şəxsən bu məsələni nəzarətə götürməsi bir amili yenidən təsdiqlədi: Azərbaycan cəmiyyəti bu cür hadisələr zamanı kimliyindən, düşüncəsindən asılı olmayaraq həmrəylik nümayiş etdirir və cəmiyyətin seçdiyi dövlət başçısı xalqla həmrəydir. Bu, cəmiyyət və dövlət olaraq bizim böyüklüyümüz, xüsusilə xalqın problemlərin həlli üçün hansısa siyasi oyunbazların şəxsi ambisiyalarına xidmət edən çağırışlarına reaksiya vermədən, bu dövlətin rəhbərinə üz tutması, dövlət başçısının da öz xalqını dinləməsi, onun yanında olması üstünyülümüzdür. Və təcrübə göstərir ki, ədalətin bərpası üçün ən düzgün yol budur. Bu baxımdan, baş vermiş hadisədə mütləq ədalətin bərpa olunacağı şübhəsizdir, Prezidentin istintaqı öz nəzarətinə götürməsi bunun əksini mümkünsüz edir.

Diqqət edin, Prezidentin məsələni nəzarətə götürməsindən sonra cəmiyyətdə yaşanan narahatlıq aradan qalxdı və hər kəsdə ədalətin yerini tutacağı inamı yarandı. Bunun təcrübə ilə isbatlanmış səbəbləri var:

a) Prezident İlham Əliyevə inam;
b) Dövlət başçısının bütün hallarda xalqın yanında olması;
c) “Mən xalqın birinci xidmətçisiyəm” deyən İlham Əliyevin buna bütün fəaliyyəti boyunca sadiq qalması;


Və bu səbəbləri kifayət qədər sıralamaq olar. Lakin insanların aradan qalxan narahatlığının başqalarına keçməsi diqqət çəkdi və müşahidələr göstərdi ki, Prezidentin məsələni nəzarətə götürməsindən sonra cəmiyyətdə yaranan inam və sakitlikdən narahat olanlar var.

Milli Şuranın “xaç atası”, AXCP sədri Əli Kərimli “narahatlığını” gizlətmədən dilə gətirir. İddia edir ki, səhiyyə insanları öldürür, ordu dinc dövrdə əsgərlərimizi öldürür, indi də təhsil öldürür. Daha sonra o, insanları dövlətə qarşı çıxmağa çağırır. Bu çağırışın arxasında gizlənən məqsədli səbəblər var, lakin öncə iki məqama diqqət çəkmək yerinə düşər:

Birinci: AXCP sədri son dövrlər Azərbaycan Ordusu ilə bağlı iddialarını artırıb, son çağırışlarının birində isə o, xalqı Qarabağda baş verəcək müharibədən qaçmağa səsləyir. Eyni iddialar Ermənistan mediasında tirajlanır: ermənilər Azərbaycan Ordusunda “neqativ” halların olduğunu uydurur; ermənilərin baş naziri Nikol Paşinyan isə Qarabağda müharibənin olmaması, Azərbaycan Ordusu ilə üz-üzə gəlməmək üçün dəridən-qabıqdan çıxır; Və Qarabağ ətrafında baş verən proseslər fonunda özünə siyasətçi deyən, siyasi hakimiyyətə iddia edən bir azərbaycanlının İrəvan kulislərində Azərbaycana qarşı aparılan təbliğatla assosiasiya olunmuş çağırışlar etməsi şübhələrə yol açır. Burada ermənilərin də, Əli Kərimlinin də məqsədi bəllidir. Birincilər Azərbaycanı məğlub etmək üçün “informasiya müharibəsi” aparır, ikinci hakimiyyətə gəlmək üçün belə “informasiya müharibəsi”nin ruporu missiyasını qəbul edir. Bu şəxsin siyasi fəaliyyətində belə yanaşma artıq aksiomaya çevrilib: insanlar üzləşdiyi problemlərin həlli yox, bu problemlərin həllinin uzanması və ölkədə yaranacaq böhranı siyasi qazanca çevirmək.

Diqqət çəkəcəyimiz ikinci məqam da Əli Kərimlinin məktəblinin ölümü üzərindən siyasi divident axtarışında olduğunu təsdiqləyir.

İkinci: Elina hadisəsi baş verəndən sonra cəmiyyətin həmrəy şəkildə bu məsələnin üzərinə getdiyi vaxt Əli Kərimli “Facebook” hesabında Sudanda çevriliş hadisəsini tirajlar, bunu Azərbaycan üçün nümunə gətirir, devrilən prezident Ömər Əl Bəşiri misal göstərir, 20 aprelə təyin etdikləri mitinqin reklamını aparırdı. Hərçənd, cəmiyyətin gündəmində nə 20 aprel, nə Afrika ölkəsində hərbiçilərin Əl Bəşiri devirməsi, nə də Əli Kərimli var idi. Gündəm baş vermiş hadisə idi və nəticə olaraq, Prezident İlham Əliyev məsələni nəzarətə götürdü. Yalnız dövlət başçısının bu addımı və cəmiyyətdə narahatlığın aradan qalxmasından sonra Əli Kərimli “Markın tribunası”nda hadisədən danışdı, insanları etiraza səslədi.

Haqlı suallar yaranır: məqsəd Azərbaycan insanının marağıdırsa, Əli Kərimli niyə məsələ gündəmdə olanda deyil, sonra “arxadan daş atmağa” başladı? Hadisə məhz Prezident məsələni nəzarətə götürəndən sonra niyə yadına düşdü?

Bu sualların cavabı Kərimlinin maraqlarında aydın görünür:

- Məktəblinin ölümünə görə cəmiyyətin reaksiyasını həzlə izləyən Kərimli düşünürdü: ən yaxşı halda bu məsələ böyüyəcək və xalq arzuladığı iqtidarı “qızıl sinidə ona təqdim edəcək”; ən pis halda cəmiyyətin etirazı ona “mən haqlıyam, gəlin mənim yanıma” deməsi üçün əsas verəcək;

Lakin proses onun istədiyi kimi getmədi və dövlət başçısının müdaxiləsi ilə cəmiyyətdə yaranan inam və sakitlik onun arzularını alt-üst etdi. Məhz bundan sonra o, cəmiyyətin həssaslığını siyasi maraqları uğruna istifadə etmək üçün məsələni yenidən gündəmə gətirir, özünü “xalqın dərdinə pərvanə” kimi göstərir.

- Kərimlinin “arxadan atdığı daş”ın hədəflərindən biri də Milli Şuranın 20 aprelə təyin etdiyi mitinqi doldurmaqdır. “Diqlas” yanğınında sahibkarların ziyan çəkməsi zamanı da o, bu gedişi etmişdi. İnsanların əməyi yananda Kərimli təcili şəkildə 6 aprelə mitinq təyin etdi və gözlədi ki, baş verənlər ona stadionu doldurmaq imkanı verəcək. Yenə dövlət başçısının vətəndaşın harayına yetişməsi planlarını alt-üst etdi. İndi də eyni metodu fərqli formada işə salır: 20 apreldə mitinq qərarı aprelin 3-də verilmişdi, məktəblinin ölümü hadisəsi isə bundan sonra baş verdi; əgər mitinq qərarı öncədən verilməsəydi, Kərimli mitinqi dərhal hadisədən sonraya təyin edəcəkdi, lakin artıq gec idi və buna görə də məsələni aprelin 20-nə qədər gündəmdə saxlamaq, insanların narahatlığının aradan qalxmasına imkan verməmək və cəmiyyətin həssaslığından istifadə etmək məqsədilə bu çağırışları edir.

Hər şey bu qədər dəhşətli və bəsitdir: ölülər və faciələr üzərində qurulan siyasət!

Ölkədə zəlzələ baş verir, insanlar evsiz qalır, o, bundan hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışır;

Dənizdə təbii fəlakət olur, insanlar ölür, o, bundan hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışır;

Yanğın olur, insanlar zərər çəkir, o, bundan hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışır;

Əsgərimiz şəhid olur, o, “günahkar iqtidardır” deyib hakimiyyətə gəlməyə çalışır;

Azyaşlı məktəbli ölür, Prezident məsələni şəxsi nəzarətinə götürür, o isə bunu necə siyasi qazanca çevirim deyə yollar axtarır;

Və bütün bunlar təsdiqləyir: Əli Kərimli üçün Azərbaycan insanının faciəsi, Azərbaycan insanının ölümü statistikadan başqa bir şey deyil!

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR