Bölgədəki gərginlik Azərbaycana necə təsir edəcək? - Politoloq AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Bölgədəki gərginlik Azərbaycana necə təsir edəcək? - Politoloq AÇIQLADI

“Bölgədə gərgin vəziyyət hökm sürür. Rusiya-Gürcüstan və İran-ABŞ münasibətləri gərginləşir. Azərbaycanın bu 4 ölkə ilə münasibətləri normaldır və hər biri ilə əməkdaşlıq edir. Ona görə də Azərbaycan tərəfdaş ölkələr arasında gərginliyin əleyhinədir”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, Rusiya Gürcüstana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır: “Halbuki, Rusiya prezident Vladimir Putin gürcü xalqına qarşı sanksiya tətbiq etmək istəmədiyini bildirib. Buna baxmayaraq, Kremldə narahatdırlar ki, Gürcüstanda anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Kreml sanksiya vasitəsilə Gürcüstan hakimiyyətinə və cəmiyyətinə anlatmaq istəyir ki, Gürcüstanın maliyyə itkisi böyük olacaq. Həqiqətən Rusiya Gürcüstana qarşı sanskiyaları tətbiq etməyə başlayarsa, Gürcüstanın maliyyə itkiləri yüz milyonlarla dollar olacaq. Bu, kiçik Gürcüstan üçün böyük rəqəm sayıla bilər. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya hakimiyyətinə müraciət edərək, sərt addımlar atmamağa çağırış edib”.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan həm Rusiya, həm də Gürcüstanla iqtisadi və ticarət əlaqələrinə malikdir. Ona görə də Azərbaycan bu gərginlikdə tərəf tuta bilməz: “Tam əksinə, Azərbaycan hər iki ölkə ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır. Buna baxmayaraq, Moskva Gürcüstanla yanaşı Azərbaycanın kənd təsərrüfatı məhsullarının da Rusiyaya ixracına əngəllər yaratmağa başlayıb. Bu, Azərbaycanın aqrar məhsullarının ixracına qadağa qoyulması ilə bağlı ilk fakt deyil. Rusiya bəzi hallarda bu amildən siyasi təzyiq vasitəsi kimi istifadə edir”.

Politoloq bildirir ki, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi Ermənistana da problemlər yarada bilər: “Çünki, Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanın iqtisadiyyatına da mənfi təsir edəcək. Ermənistan Rusiya ilə Gürcüstan üzərindən ticarət əməkdaşlığını saxlayır. Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi Ermənistanın tranzit imkanlarına zərbə vurur”.

Bununla yanaşı, İranla ABŞ arasında artan gərginlik də həm Azərbaycanda, həm də Ermənistanda diqqətlə izlənilir: “ABŞ İranla əməkdaşlıq edən ölkələri də hədəf alır. Ermənistan isə İranla iqtisadi əməkdaşlığa önəm verir. Bu yaxınlarda Ermənistan hökumətindən bir heyət məhz əməkdaşlığı inkişaf etdirmək üçün Tehrana getmişdi. İranın iqtisadi baxımdan zəifləməsi Ermənistan bazarı üçün də problemlər yaradacaq. Azərbaycanın da İranla ortaq layihələri var. Azərbaycan İran iqtisadiyyatının zəifləməsini istəmir. Ancaq əgər sanksiyalar İran iqtisadiyyatını zəiflədərsə Azərbaycan iqtisadiyyatı zərərlərdən özünü qorumağa çalışacaq. Türkiyə də eyni vəziyyətdədir. Əlbəttə Türkiyənin ABŞ-la münasibətlərini isti adlandırmaq olmaz. Ankara Vaşinqtonun istəyi ilə İranla münasibətləri zəiflətməyəcək. Tam əksinə, Türkiyə İran neftini daha ucuz qiymətə almağa çalışacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm