İnqilab erməniləri “yeyir" - Silahlar Paşinyana tuşlandı
Bizi izləyin

Nida Təhlil

İnqilab erməniləri “yeyir" - Silahlar Paşinyana tuşlandı

“İnqilab öz balalarını yeyir”. Ötən il “küçə inqilabı” ilə hakimiyyətə gələn Nikol Paşinyanın ermənilərə “vəd etdiyi gələcəyi” unutması, əksinə, “vəd olunan gələcək” uğrunda küçə mübarizəsinə qoşulanların bu gün ac qalması, əvvəlki rejimin xarakterinə uyğun olaraq, yalnız bir ovuc insanın kütlənin hesabına varlanması, bütün bunların fonunda Nikolun xalqa qarşı silahları işə salmaqdan çəkinməməsi Ermənistanda inqilabın “öz balalarını yediyini” göstərir.

İcevanda “çörəyi ağacdan çıxanlara” qarşı polis zorakılığı və Paşinyanın bu zorakılığı açıq şəkildə dəstəkləməsi ermənilərin “inqilab eyforiyası”nı alt-üst etdi. Xüsusilə çörək uğrunda etiraz edənlərə qarşı hücuma Ermənistan polisinin rəhbəri Valeri Osipyanın rəhbərlik etməsi bu ölkənin polis dövləti kimliyindən çıxa bilmədiyini, çıxmadığını göstərdi.

Siyasi Proqramlaşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Vladimir Sarkisyan yazır ki, İcevan həngaməsinin gerçək səbəbi puldur.

Hər şeyin – “yaşıllığın müdafiəsi” adı altında insanlara hücumun əsl səbəbi yeni hökumətin pul siyasətidir. Hökumət yaşıllığı müdafiə etmir, əksinə, ağac sexlərinin meşədən kəsdikləri ağaclara görə cərimə adı ilə pul ödəməsini istəyir”, - o qeyd edir.

Halbuki, Paşinyanın İcevanda hücum etdiyi sadə ermənilər ötən il onun “küçə inqilabı”na qızğın dəstək verirdilər.

Şirak vilayətinin Bardzraşen kəndinin sakinləri də Nikola sona qədər dəstək vermişdi. Bu gün onlar aclıqla mübarizə aparır. Kənd sakinləri danışırlar ki, “onların problemləri ilə heç kim maraqlanmır”.

“Biz çörəyimizi əkinçiliklə qazanırıq, lakin nə normal suvarma sistemimiz, nə də normal yolumuz var”, - onlar şikayətlənirlər.

İyulun 21-də kənd sakinləri icmanın rəhbəri Artak Qevorqyanın istefası və problemlərinin həlli üçün İrəvan-Gümrü yolunu bağlayaraq, etiraz etdilər. Belə etirazlar mütəmadi olaraq 7 aydır davam edir, lakin heç kim onları eşitmək istəmir.

“Biz hökumətə iki məsələ ilə bağlı rəsmi müraciət etmişik. Necə olur ki, 7 ay ərzində hökumət bu iki məsələyə baxa bilmir?!” – sakinlər danışır.

İnqilabdan il yarım keçir, artıq ermənilər yenidən inqilab etmək haqda düşünürlər. Çünki Sarkisyanın hərbi xuntasından xilas olsalar da, Paşinyanın yalançı demokratiyası ilə üzləşdilər. Ölkədən qaçanların sayı getdikcə sürətlənir, intiharların sayı artır, bölgələrdə əhalinin sayı sürətlə azalır, sadə insanların qazanc yerləri hökumətin müdaxiləsi ilə ləğv olunur və bütün bunların fonunda İrəvanda yeni oliqraxiya sistemi formalaşır.

Erməni şərhçi Qarnik Qevorqyan “Nikol Paşinyanın oliqarxları” sərlövhəli məqaləsində yazır ki, “inqilabdan bir il yarım keçib, lakin heç bir dəyişiklik yoxdur”.

Şüarlara və bəyannamələrə baxmayaraq, siyasi-iqtisadi sistem, iqtisadiyyatın bazisi dəyişmədi. İki onillik boyunca Ermənistan iqtisadiyyatının bazisi monopoliya-oliqarxiya idi, bu həm də siyasi hakimiyyətin dayağı rolunu oynayırdı. Siyasi sistem və oliqarxiya bir-bir ilə o qədər birləşmişdi ki, bir-birinə qarşılıqlı təsir edir, oliqraxiya siyasətin maliyyələşməsini təmin edir, siyasi hakimiyyət də oliqarxiyanın maraqlarına xidmət edirdi. Nikol Paşinyan bu sistemi ləğv etməyi vəd etmişdi. Ötən müddət isə göstərdi ki, o, oliqarxiya və siyasətin birləşməsi vədini çox tez unutdu”, - deyə erməni şərhçi qeyd edir.

Əlavə edir ki, bu gün oliqarxiya sistemi yenı də ölkənin iqtisadi sistemində təkbaşına hakimdir: “Hakimiyyət və biznesin birləşməsi təkcə parlamentdə deputat-sahibkarın olması ilə yekunlaşmır, həm də hakimiyyətdə təmsil olunmayan, lakin iqtisadiyyata sahiblik edən oliqarxiya da siyasi sistemi yönləndirir. Yeni hakimiyyət bu sistemi dəyişmək üçün heç nə etmədi, əvəzində oliqarxiya sistemindəki fiqurlar dəyişdi”.

Ermənistan siyasətində ən böyük oliqraxlardan biri Qaqik Sarukyandır. “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri və parlamentdə “Sarukyan” blokunun lideri olan Qaqik hakimiyyətin idarəçiliyinə ciddi təsir imkanlarına sahibdir. Bununla yanaşı, milli təhlükəsizlik naziri Artur Vanesyan, İrəvanın meri Ayk Marutyan və Paşinyanın komandasında təmsil olunan digər nazirlərin iqtisadiyyatı monopoliyaya aldığı, daha doğrusu, əvvəlki hakimiyyətin əlindən alaraq, özlərinin nəzarətinə keçirdiyi haqda faktlar var.

Erməni şərhçi Samvel Ohanesyan isə Paşinyan hakimiyyətinin müxtəlif yalanlar adı ilə büdcəni taladığını yazır. Lakin heç kim bunun qarşısında səsini çıxara bilmir. Çünki bu gün Ermənistanda həqiqəti deyənlər “əks-inqilabçı” damğası ilə linç edilir. Bu metod Paşinyana və onun ətrafına toplanmış məmur-oliqarxiyaya sərf edir.

Göründüyü kimi, Ermənistanda sistem dəyişmədi, sadəcə, şəxslər dəyişdi və inqilab ona sitayiş edənlərin boynunu baltalayır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm