• USD 1,7000 0,00% EUR 1,8825 +0,04%
    • GBP 2,1197 +0,97% RUB 0,0266 +1,13%

Şəhid cənazəsinə nifrət püskürənlərin siyasi mahiyyəti

Şəhid cənazəsinə nifrət püskürənlərin siyasi mahiyyəti

Onlar 20 Yanvar şəhidləri üzərindən siyasi xal qazanmaq istədilər, “aprel müharibəsi”ndə şəhidlərimizi dəfn etməmiş siyasi qarşıdurma yaratmaq üçün qollarını çırmaladılar, cəbhədə düşmənlə döyüşdə şəhid olan əsgərlərimizin qanı üzərindən hakimiyyətə gəlmək üçün yol cızmağa çalışdılar, indi də şəhid pilotumuz Rəşad Atakişiyevin cənazəsinə siyasi nifrət yağdırırlar.

Bir neçə gündür şəhid pilotumuzun yaxını Qabil Hüseynlinin “dəfn mərasiminə gəlib cənazə yerini siyasi meydana çevirməyin” çağırışından sonra sosial şəbəkələrdə ona qarşı sərt tənqid və təhqirlər yağdırılır. Çünki Q.Hüseynli onlara cənazə yerini siyasi platformaya çevirmələrinə imkan vermədi.

Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi dividend əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər”.

Q.Hüseynli yalnız bunu demişdi və şəhid pilotumuzun siyasi vasitəyə çevrilməsinə qarşı çıxması onun haqqıdır. Təsəvvür edin, Azərbaycan Hərbi Hava Qüvvələri böyük itki ilə üzləşdi, çünki bir pilotu yetişdirmək üçün dövlət illərini sərf edir. Şəhid pilotumuzun ailəsi böyük itki ilə üzləşdi, dövlət hər cür dəstək göstərsə də, bundan sonra onun övladlarına heç kim atalıq edə bilməz. Bütün ölkə günlərdir bu itkini müzakirə edir, hər kəs şəhidin tapılması üçün aparılan axtarışlara diqqət yetirmişdi. Xalq bu itkinin ağrısını yaşayır, amma kimlərsə siyasi sancılanmalarının nifrətini şəhidin ailəsinin üzərinə tökür. Bu hansı təfəkkürdür?!

Q.Hüseynlini məhz ona görə təhqir edirlər ki, o, bu məsələdən siyasi dividend qazanmaq istəyənlərə imkan vermədi. İmkan versəydi, necə olacaqdı? Bunu anlamaq o qədər də çətin deyil: Əli Kərimli öz dəstəsi ilə dəfn mərasiminə gələcəkdi, müxtəlif rakurslardan fotolar çəkdirəcəkdi, orada siyasi bəyanatlar verməyə çalışacaqdı, buna nail olmasaydı belə sonra sosial şəbəkələrdə çəkdirdiyi fotoları paylaşacaq, dövlətə qarşı bəyanatlar verəcək, şəhidin cənazəsindən siyasi dividend əldə etməyə cəhd göstərəcəkdi.

İndiyə qədər onlar dəfələrlə bunu edib, yaxud etməyə çalışıblar. Q.Hüseynlinin günahı da məhz buna imkan verməməkdir. Buna görə də ona qarşı trol hücumu başlandı. Bu hücumun Əli Kərimli tərəfindən edildiyi şübhəsizdir, AXCP sədrinin hücumdan dərhal sonra sosial şəbəkə hesabında yazdıqları da bunu sübut edir.

Şəhidin evində yasdır, Əli Kərimli hakimiyyəti ittiham edir. İddia edir ki, “dəfn mərasimini müxalifətin üzünə bağlamaqla xalqı böldülər”. Halbuki, xalq dəfn mərasimindədir və onun dediyi xalq şəhidin üzərindən xal qazanmır, əksinə bu itkinin ağrısını yaşayır.

Əli Kərimli Qabil Hüseynlinin də əleyhinə çıxır və yenə məsələni hakimiyyətin üzərinə gətirir.

Axı nə vaxt bu xalqın ümumi kədərini ədəbinizlə yaşadınız, qapını üzünüzə bağladılar?

20 Yanvar şəhidlərinin ziyarətinə məhz fotosessiya etmək üçün gələnlər sizlər deyilsinizmi?

“Aprel müharibəsi” başa çatmamış, şəhidlərimizin qanı qurumamış ordu haqqında mənfi rəy yaradan, itkilər haqda yanlış informasiyalar ötürən, xalqın düşmənlə müharibəsini siyasi hakimiyyət müharibəsinə çevirən sizlər olmadınızmı?


İndi şəhid pilotun ailəsi cənazə yerini “siyasi teatra” çevirməniz üçün niyə sizə icazə verməli idi?!

Unutmayın, bu xalq öz şəhidini heç kimin şəxsi ambisiyasına alət etməyib, etməyəcək də...

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR