Millət vəkili: "Əməkhaqlarının artırılması dövlət büdcəsinin inkişafından xəbər verir"
Bizi izləyin

Nida Təhlil

Millət vəkili: "Əməkhaqlarının artırılması dövlət büdcəsinin inkişafından xəbər verir"

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əməkhaqqı artımları ilə bağlı sərəncamları artıq qüvvəyə minib. Bu sərəncamlar qısa müddət ərzində əməkhaqlarının iki dəfə artmasını ehtiva edir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, yarım il ərzində əməkhaqlarının iki dəfə artırılması dövlətin və dövlət büdcəsinin sabitliyindən və inkişafından xəbər verir: “Vergi, gömrük sahəsində aparılan islahatlar da buna öz müsbət təsirini göstərir. Dövlət büdcəsinin gəlirləri artır və bunun sayəsində vətəndaşların əməkhaqqı yüksəlir. Bütün bu sərəncamların xərcləri dövlət büdcəsi hesabına həyata keçirilir. Deməli, dövlət büdcəsinin gəlir mənbələri proqnozlaşdırılan istiqamət üzrə inkişaf edir. Dövlət büdcəsi sahibkarlıq, istehsal, vergi və bu kimi sahələrin dinamik inkişafı hesabına özünü qoruyur. Bunun hesabına da vətəndaşlarımızı əhatə edə bilən sosial tədbirlər həyata keçirilir”.

A.Hüseynov qeyd edib ki, digər tərəfdən ölkə iqtisadiyyatında dinamika yüksəlir: "Çünki bazara, iqtisadi sferaya bir milyarddan çox vəsait daxil olur. Bu da bank sektorunda, xidmət sektorunda və bu kimi digər sahələrdə inkişafa gətirib çıxarır. Vətəndaşların alıcılıq qabiliyyəti artır. İstehsal, tələbat da paralel olaraq artır. Orta sahibkarlıq inkişaf edir. İqtisadiyyatımızın əldə etdiyi bir milyardlıq vəsait onun üçün böyük mənbədir".

Qeyd edək ki, bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamlar imzalanıb. Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm