Qarabağ planı: Azərbaycan müxalifəti ilə Paşinyanın təhlükəli bənzərliyi
Bizi izləyin

Nida Təhlil

Qarabağ planı: Azərbaycan müxalifəti ilə Paşinyanın təhlükəli bənzərliyi

“İndiki halda Qarabağ savaşının yenidən başlama ehtimalı varmı və Əliyevlər hakimiyyəti ilə müharibəyə getmək olarmı?”, AXCP sədri Əli Kərimli belə deyir. Bundan öncə o, “Qarabağın azadlığı demokratiyanın qurulmasından keçir” tezisini dilə gətirirdi.

Son dövrlər Azərbaycanın siyasi müxalifətinin dilindən belə sözlər tez-tez eşidilir. AXCP sədri “Bu rejimlə Qarabağı azad etmək mümkün deyil”, “Demokratik hakimiyyət qurulsa, əraziləri azad edə bilərik” deyir, bənzər tezislər Avropada mühacir müxalifətinin də dilindən səsləndirilir, hətta “Əvvəlcə Bakını alaq, sonra Qarabağı...”, “İnqilab günü cəbhəni tərk edib, Bakıya gəlin, Bakını azad edəndən sonra Qarabağı azad edəcəyik” fikirləri irəli sürülür.

Bu çağırışlar Ermənistanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatlar fonunda diqqət çəkir. Konkret nümunələrə nəzər salaq:

Avqustun 27-də Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan iddia etdi ki, “Azərbaycan hakimiyyətinin siyasəti Dağlıq Qarabağ sakinlərini hədələyir və sülhün əldə olunmasına maneələr yaradır”.

Sentyabrın 3-də Əli Kərimli Ermənistanda Rusiyanın Koçaryanı hakimiyyətə gətirmək istəyini tənqid etdi və Azərbaycanda hakimiyyətin bunu arzuladığını iddia etdi. Ardınca bəyan etdi ki, “Dərdiniz Cənubi Qafqazdan demokratiyanı qovub çıxarıb, regionu Rusiyanın vassalı, özünüzü isə daimi canişin görməkdir?”. AXCP sədri bu açıqlamasında Nikol Paşinyana dolayı dəstəyini nümayiş etdirdi.


Sentyabrın 4-də isə Osmanqızına müsahibəsində Nikola açıq dəstəyini ifadə etdi və “Azərbaycanın indiki hakimiyyəti ilə əraziləri azad etməyin mümkünsüz olduğunu” bildirdi. Həmin müsahibədə Əli Kərimlinin vurğuladığı bir neçə istiqamət diqqət çəkir:

- Ermənistanda xalqın iradəsi ilə demokratik dəyişikliklər oldu;
- Azərbaycan Ordusu müharibəyə hazır deyil, orduda rüşvətxorluq var və hərbi arsenal pis vəziyyətdədir, silahlar köhnədir;
- Hücuma məruz qalarıqsa, ordunun əks-hücum imkanı yoxdur;
- Bu hakimiyyət təcili şəkildə getməlidir.


Əli Kərimlinin müsahibəsinin əsas istiqaməti “hazırkı hakimiyyətin əraziləri azad edə bilməyəcəyi” və “yalnız özünün iqtidara gələcəyi təqdirdə Qarabağın azad olunacağı” iddiasıdır.

Burada Ermənistan hakimiyyətinin Azərbaycan ordusu haqda təbliğatının konturları açıq müşahidə olunur. Hesab etmək olar ki, Əli Kərimli siyasi hakimiyyətə iddialı şəxs kimi mövcud iqtidarı tənqid edir, lakin onun Dağlıq Qarabağ məsələsinə münasibətinin Ermənistanın mövqeyi ilə bənzərliyi təsadüfdürmü?!

İşğalçı ölkə həmişə Azərbaycanı Qarabağ məsələsində “sülhə qarşı çıxmaq”da ittiham edib, Paşinyan hakimiyyətinin də mövqeyi sələflərinin irsinin davamı kimi görünə bilərdi. Hərçənd, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra İrəvandan Bakıya doğru səslənən ittihamlarda “Azərbaycan hakimiyyəti” ifadəsi xüsusi vurğulanır, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsində məhz “Azərbaycan hakimiyyəti” ittiham edilir.

Əli Kərimli, o cümlədən, onunla eyni xətti yürüdən Avropadakı “müxalifət” də “ərazilərin azad edilməsinin yeganə yolu hakimiyyətin dəyişməsidir” tezisini irəli sürür.


Bir-birinin davamı olan bu çağırışlar Dağlıq Qarabağ münaqişəsi ətrafındakı proseslər və erməni diasporu/lobbisi, eləcə də işğalçı ölkənin planları fonunda təsadüfü deyil.

Xatırlayırsınızsa, bu il Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxışı zamanı Nikol Paşinyan “Qarabağda sülhün əldə olunmamasına görə Azərbaycan hakimiyyətini ittiham etmişdi”. Onunla eyni gündə, AŞPA binasının digər zalında keçirilən dinləmələrdə iştirak edən Leyla Yunus isə “Əliyev Qarabağda sülh istəmir” deyə bildirmiş və bu fikirləri Ermənistan mediasında sürətlə tirajlanmışdı.

Nə baş verir, Ermənistan Azərbaycanda siyasi oyunlarmı qurur?

Proseslərin inkişafı bu sualı aktuallaşdırır və baş verənləri anlamaq üçün Paşinyanın hakimiyyətə gəlişindən tutmuş Qarabağ ətrafındakı geosiyasi oyuna baxmaq lazımdır.

Nikolun erməni diasporu/lobbisinin təqdimatı ilə Qərb gücləri tərəfindən hakimiyyətə gətirildiyi və regiondakı geosiyasi oyunların bir parçası olduğu məlumdur. Ermənistanın Rusiya təsirindən çıxması üçün təkcə hakimiyyətin dəyişməsi yox, həm də iqtisadi blokadadan xilası lazımdır. Bunun yeganə yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir. Qarabağ münaqişəsinin həlli həm də Azərbaycanın önündəki əngəlləri qaldıracaq və Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını zəiflədəcək. Bu prosesdə maraqlı tərəf ABŞ-dır və belə görünür ki, Vaşinqton Ermənistanda hakimiyyət dəyişikliyi ilə strateji planına start verdi. Planın sonrakı mərhələlərin inkişafı üçün məhz Dağlıq Qarabağ münaqişəsinin həlli lazımdır. Əslində amerikalı rəsmilərin bəyanatları, ABŞ-ın təklif etdiyi “ərazilər əvəzinə sülh” variantı əsasında aparılan müzakirələr, eləcə də münaqişə ətrafında cərəyan edən hadisələr həll prosesinin başlandığı deməyə əsas verirdi.

Lakin bu variant Ermənistanın planlarına uyğun gəlmir, Nikolun müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərməsi də bundan irəli gəlir. Erməni diasporu/lobbisi/dövləti həm Vaşinqtonun planlarına qarşı çıxmamaq, həm də münaqişənin öz maraqlarına uyğun həll edilməsinə nail olmaq üçün çıxış yolunu İlham Əliyevin hakimiyyətdən getməsində görürlər. Çünki Azərbaycana ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyən, prezidentliyi dövründə iki uğurlu hərbi əməliyyatla – “aprel döyüşləri” və Günnüt – işğal altındakı ərazilərin bir qisminin azad olunmasına imza atan və Dağlıq Qarabağın işğaldan azad olunması strategiyasını prioritet elan edən İlham Əliyev yox, məsələyə loyal yanaşan, münaqişənin həlli ilə bağlı Paşinyanın arxasındakı güclərin (Qərb) qarşısında öhdəlik götürən biri, misal üçün, Əli Kərimli rəhbərlik edir və Paşinyanla danışıqları o aparır.

Nəticədə münaqişə Ermənistanın istəyinə uyğun həll olunur, ən azı Dağlıq Qarabağ ermənilərdə qalır; Ermənistan blokadadan çıxır, erməni diasporu/lobbisi isə ABŞ-ın geosiyasi planlarına qarşı çıxmamaqla Vaşinqtonun qəzəbinə tuş gəlmir; (Oxu: Qarabağ masasından Bakı küçələrinə qədər…–Qlobal mafiyanın Azərbaycana qarşı oyunu).

Görünür, İrəvanın “Azərbaycan hakimiyyəti” tezisi buna hesablanıb. Əli Kərimli və müxalifətin ona yaxın qanadının Ermənistanın tezislərinə bənzər çağırışları onların da bu prosesdə bu və ya digər formada iştirakını istisna etmir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm