Muxtarlı üzərində “Hüseynov ssenarisi” – Milli Şura köhnə oyunu yeniləyir
Bizi izləyin

Nida Təhlil

Muxtarlı üzərində “Hüseynov ssenarisi” – Milli Şura köhnə oyunu yeniləyir

Mehman Hüseynovun bir günlük aclıq aksiyası üzərində qurulan “quru aclıq” ssenarisinin Əfqan Muxtarlının timsalında yenidən gündəmə gətirildiyi müşahidə olunur. Sosial şəbəkələrdə Əfqan Muxtarlının karsa salındığı, aclığa başladığı haqda informasiyalar tirajlanır. Penitensiar Xidmət bu iddiaları təkzib edir, buna baxmayaraq, Muxtarlı ətrafında ajiotajın şişirdilməsinə cəhdlərin arası kəsilmir.

Mehman Hüseynovun həbsdə aclıq aksiyası zamanı da eyni ssenari dövriyyədə idi: məhbus bir günlük aclıq aksiyasından sonra normal qida rasionuna qayıtmışdı, lakin onun “13 gün quru aclıq” keçirdiyi haqda iddialar göydə uçuşurdu, hərçənd, tibb elminə görə, insan orqanizmi quru aclığa 3-4, maksimum 5 gündən artıq tab gətirə bilməz. Tibbin bütün sərhədlərini “darmadağın” edən bu iddialar sonda elə Mehman Hüseynov tərəfindən təkzib olundu.

M.Hüseynov ətrafında qurulan “13 gün quru aclıq” ssenarisinin hədəfi Azərbaycana qarşı təzyiq kampaniyasının aparılması idi. Avropa Parlamentinin məlum məsələyə görə qəbul etdiyi anti-Azərbaycan qətnaməsi bunun məntiqi sonluğu oldu. Qətnamənin həmmüəlliflərindən olan AP üzvü, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harmsın (Almaniya, Yaşıllar qrupu) daim Azərbaycana qarşı məkrli oyunlar quran, dünyada “inqilabların atası” olaraq tanınan Corc Sorosun təsiri altında olması faktı da prosesin Qərbdə erməni diasporu/lobbisinin də daxil olduğu anti-Azərbaycan şəbəkəsi tərəfindən idarə olunduğunu göstərirdi.

Daxildə isə Milli Şura Mehman Hüseynov məsələsindən öz maraqlarına uyğun yararlanmağa çalışırdı. Əli Kərimli “Mehman Hüseynova azadlıq” şüarlarına bürünmüşdü və bu şüarlar 19 yanvar mitinqində də əsas çağırış oldu. Müşahidələr göstərirdi ki, 19 yanvar mitinqinin əvvəlki mitinqlərlə müqayisədə bir qədər kütləvi olmasının (3 min iştirakçı) kökündə də M.Hüseynov amili dayanırdı. Əli Kərimli Hüseynovdan həm mitinqə əlavə iştirakçının qatılması, həm də bu prosesi idarə edən Qərbdəki dairələrin dəstəyini qazanması üçün istifadə edirdi.

Sonda Mehman Hüseynovun səsinə nə Qərb, nə də Əli Kərimli yox, Prezident İlham Əliyev səs verdi. Hüseynovun həbsdən çıxandan sonra Əli Kərimliyə münasibəti də onun aclığı - səhhəti üzərindən siyasi maraqlar güdüldüyünü və müdafiəsinin məhz bu maraqların təmin edilməsi məqsədinə xidmət etdiyini anlamasının nəticəsi idi.

Eyni siyasi oyun Əfqan Muxtarlı ətrafında da oynanılır. Qərbdəki dairələrə bağlı olan məlum şəbəkə Muxtarlının karsa salınması, yaxud aclıq aksiyasına başlaması (bəzi məlumatlarda 2, bəzilərində 3 gündür aclıq aksiyasına başladığı deyilməsi bunun iddia olduğunu təsdiqləyir) məsələsini şişirdir, sosial şəbəkədə bununla bağlı müxtəlif iddiaları tirajlayırlar. Təcrübə prosesin Qərb strukturlarına çıxarılması və Azərbaycana qarşı yeni hücumun edilməsinə hesablandığı ehtimalını gücləndirir.

Muxtarlı üzərində “Hüseynov ssenarisi”nin davam etdirilməsi Milli Şuranın 28 sentyabra təyin etdiyi mitinq fonunda da təsadüfi görünmür. İstisna deyil ki, Əli Kərimli 19 yanvar mitinqində Mehman Hüseynovdan istifadə etdiyi kimi, 28 sentyabr mitinqində Əfqan Muxtarlıdan istifadə edəcək. Bununla yanaşı, o, həm də Muxtarlının arxasında dayananların dəstəyini qazanmağı planlaşdırır.

Hərçənd, Mehman Hüseynov məsələsində olduğu kimi, Əfqan Muxtarlı məsələsində də onların məqsədi kiminsə azadlığa çıxması yox, siyasi maraqlarının təmin edilməsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm