Baş tutmayan siyasi teatr: Paytaxtı yandırmaq istəyənlərin niyyəti üzə çıxır
Bizi izləyin

Nida Təhlil

Baş tutmayan siyasi teatr: Paytaxtı yandırmaq istəyənlərin niyyəti üzə çıxır

Gəldilər, qışqırdılar, fotokameralara poz verib dağılışdılar. Bakının mərkəzində yaşanan qarşıdurma, iğtişaş şousunun məqsədi nə idi, nəyə hesablanmışdı və nəyi sübut etdi?!

Döyüldüyünü, az qala “öləcəyini” iddia edən, lakin başında kiçik tənziflə kamera qarşısına çıxan Əli Kərimli deyir ki, 19 oktyabrda üzləşdiyi zorakılıqla bağlı beynəlxalq hüquqi mexanizmlərdən istifadə edəcək. Söhbət “zorakılığa” məruz qalıb iddiası ilə Azərbaycan dövlətini beynəlxalq məhkəmələrə vermək və hökumətin ona təzminat ödəməsinə nail olmaqdan gedir. Bu, minlərlər avro deməkdir. Əli Kərimli beynəlxalq instansiyalarda istədiyinə nail olarsa, minlərlə avro pul qazana bilər. İndiyə qədər müxtəlif şəxslər siyasi iddialarla belə cəhdlər edib və bəzi hallarda nail olublar. Bununla yanaşı, öz ölkələrində hökumətləri beynəlxalq istansiyalara şikayət edən şəxslər adətən siyasi dairələrin radarına düşür və qrant, yaxud digər formada maliyyə dəstəyi ilə təmin olunurlar.

Bu və digər faktlar diqqəti “19 oktyabr şousu”nun məqsədinə yönəldir:

- Paytaxtın mərkəzində icazəsiz aksiyaya cəhd etmək, asayiş keşikçilərinin müdaxilə edəcəyini bilə-bilə qarşıdurma yaratmaq;
- Yaranmış qarışıqlığı fotolentə köçürmək və “Azərbaycanda insan hüquqları pozulur” iddiasını arqumentləşdirmək;
- Azərbaycan dövlətini beynəlxalq məhkəmələrə şikayət etmək üçün əsaslar toplamaq;
- Ölkənin sərhədlərindən kənardakı dairələrə “siyasi teatr” nümayiş etdirmək və müxalifətin “əvəzsiz lideri” obrazını gücləndirmək;


Aksiya öncəsi və 19 oktyabrda baş verənlərin müşahidəsi Əli Kərimlinin oyununu anlamağa imkan verir.

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) mitinq üçün müraciət etdi, meriya “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müvafiq müddəalarına əsasən paytaxt sakinlərinin daha az istifadə etdiyi məkanda yer ayırdı. Bu, qeyd olunan qanunun 7-ci maddəsinə, yəni digər vətəndaşların hüquqlarının və ictimai asayişin qorunmasına, həm də mitinq iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə hesablanmışdı. Lakin Milli Şura və AXCP israrla 28 May metrostansiyasının qarşısındakı meydanda toplaşacaqlarını bildirdilər.

1. Lökbatan qəsəbəsində mitinq üçün ayrılan yerə getmək Əli Kərimlinin “elektoratının” Milli Şuraya toplaşan azsaylı tərəfdarlarından ibarət olduğunu sübut edəcək, “xalq narazıdır” iddiasının absurdluğunu ortaya çıxaracaqdı;
2. 28 May metrostansiyasının qarşısındakı aksiya keçirmək ərazidən keçən digər vətəndaşları da iştirakçı kimi göstərməyə imkan verəcəkdi;


Aksiyada baş verənlər də bunu sübut etdi. Əli Kərimlinin 150 nəfərdən ibarət tərəfdarı müxtəlif qruplara ayrılaraq, şüarlar səsləndirir, ərazidən keçən vətəndaşlar “nə baş verir” instinkti ilə təbii olaraq ayaq saxlayırdılar. Fotokameralar da öz işində idi. Beləcə, “izdiham” görüntüsü yaratmağa çalışdılar. Halbuki, bu və bundan öncəki aksiylar ərəfəsində müxalifətin özünün keçirdiyi internet sorğuları Azərbaycanda xalqın kimin yanında olduğunu təsdiqləyir.

Əli Kərimlinin hər gün efirinə çıxdığı Sevinc Osmanqızının, eləcə də digər“Youtube” kanallarında Milli Şuranın 28 sentyabra təyin etdiyi, sonradan imtina etdiyi mitinqi ilə bağlı sorğunun nəticələri:

Sual: “28 sentyabr mitinqində iştirak edəcəksiniz?”.
91 faiz iştirakçı “Yox” cavabını verib.


Digər sorğularda “Müxalifət icazəsiz mitinqə başlamalıdır?” və “Ölkə üzrə şəhərlərin mərkəzlərində icazəsiz mitinqlərə start verilərsə, iştirak edəcəksiniz?” sualları yer alır.

Cavablar: “Yox” – 69 faiz, “Hə” – 25 faiz, “Azərbaycanda müxalifət yoxdur” – 6 faiz.

8 oktyabr piketi ilə bağlı sorğunun nəticələri də eynidir: “Yox” – 65 faiz, “Hə” – 35 faiz.

Əli Kərimlinin çətiri altına toplanmış “Youtube” kanallarının keçirdiyi digər sorğu isə bütün suallara cavab verir.

“Azərbaycanda normal seçki keçirilərsə, kimə səs verərsiniz?” – 66 faiz iştirakçı İlham Əliyevin adını qeyd edib.

Bu, hakimiyyətin yox, müxalifətin özünün keçirdiyi sorğuların nəticələridir. Bu mənzərə fonunda “19 oktyabr aksiyası”nın fiaskosu göz önündədir. Xalq İlham Əliyevi dəstəkləyir, xalqın adından danışmağa cəhd edən Əli Kərimli isə faktiki olaraq irreal vəziyyətə düşüb. Aksiyadan bir gün öncə Əli Kərimlinin cangüdəni Ruslan Əmirlinin “camaat mitinqə dəstək vermir” dediyi və xalq haqqında nəlayiq ifadələr işlətdiyi səs yazısı da aksiyanın dəstək qazanmadığını təsdiqləyirdi.

Və əslində Əli Kərimlinin qanunsuz aksiyaya əl atması, iğtişaş yaratması, özünün də asayiş keşikçiləri ilə toqquşmaya gedərək, “başı tənzifli” peyda olması düşdüyü vəziyyətdən çıxmağa hesablanmışdı.

Lakin “məni öldürürdülər” iddiası da qanunsuz aksiyası kimi fiaskoya uğradı. Onu müayinə edən DİN Hospitalının rəisi İsbi Babaxanov deyib ki, 19 oktyabr tarixində 1965-ci il təvəllüdlü Kərimli Əli Əmirhüseyn oğlu polis əməkdaşlarının tövsiyəsi ilə hospitalda tibbi müayinələrdən keçib: “Onun sol alın nahiyəsində yüngül dəri cızıqları müşahidə edilib. Vətəndaş Kərimli hospitalda baş beyin kompüter tomoqrafiyası, abdominal və torakal kompüter tomoqrafiyası, rentgenoqrafiya müayinələri və qarın boşluğunun ultrasəs müayinələrindən keçib. Heç bir patoloji hal aşkar edilməyib. Buna görə də xəstə evə buraxılmış və müayinə protokolları ona təqdim olunub”.

Ə. Kərimlinin hospitalda onu xərəkdən istifadə etmədən müayinələrdən keçirilməsi barədə iddialara gəlincə, İ. Babaxanov qeyd edib ki, Ə. Kərimli hospitala gələrkən, müayinələrdən keçərkən xərəkdən istifadəyə və kənar şəxslərin ona köməkliyinə ehtiyac olmayıb: “O, bütün müayinə kabinetlərini öz ayağı ilə gəzərək keçib”.

Teatr bitdi və kulisdə qrimlərin silinməsi vaxtıdır. Bu aksiya sübut etdi ki, Əli Kərimli azsaylı tərəfdarı ilə Azərbaycanı yenidən 90-cı illərin qaranlığına qaytarmağa çalışsa da, xalq buna imkan vermir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm