Bakı Ermənistanı növbəti iqtisadi blokadaya saldı: 120 dövlətdən İlham Əliyevə...
Bizi izləyin

Nida Təhlil

Bakı Ermənistanı növbəti iqtisadi blokadaya saldı: 120 dövlətdən İlham Əliyevə...

Azərbaycan 25-26 oktyabr tarixində dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının 18-ci sammitinə ev sahibliyi etdi. Bu hərəkatın növbəti 3 il ərzində sədrliyi də Azərbaycana tapşırılıb.

Publika.az mövzu ilə bağlı qaranlıq qalan məsələləri Milli Məclisin İnsan hüquqları, həmçinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirova ünvanlayıb.

- Qoşulmama Hərəkatının 18-ci zirvə görüşünün Bakıda keçirilməsi və ölkəmizin bu hərəkata sədrlik etməsi Azərbaycana nələr vəd edir?

- Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci zirvə görüşünün Azərbaycanda keçirilməsinin özü və eyni zamanda, Azərbaycanın 3 il müddətində bu quruma sədrlik etmək hüququna malik olması ölkəmizin diplomatik uğurudur. Biz 2011-ci ildə bu təşkilata daxil olmuşuq, 8 il sonra isə ona sədrlik etdik. Doğrudan da böyük nailiyyətdir. Nəzərə alsaq ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr BMT-yə üzv olan ölkələrin üçdə ikisini təşkil edir, deməli, bu, Azərbaycanın beynəlxalq aləmdə, BMT kürsüsündə də mövqeyinin güclənməsi anlamına gəlir. Hər bir böyük sammit yekunda qəbul edilən sənədlər baxımından qiymətləndirilir. Qoşulmama Hərəkatında qəbul edilən Bakı Bəyannaməsi və Yekun Sənəddə xüsusi bənd olaraq faşizmin təbliğ və təşviq edilməsi, onun qəhrəmanlaşdırılması əleyhinə bəndin salınması Azərbaycanın növbəti diplomatik qələbəsidir. Xüsusilə, ölkə Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində səsləndirdiyi fikirlərin eynisinin bu sənədlərdə də təsdiqini tapması Azərbaycan prezidentinin bu mövqeyinə beynəlxalq birliyin, konkret olaraq, Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin dəstək verməsi anlamına gəlir. Cənab prezidentin bu istiqamətdəki prinsipial və qətiyyətli mövqeyi müdafiə edilir. Bu, bizim tarixi uğurumuz, Ermənistanın isə tarixi məğlubiyyətidir. Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin rəhbərləri, parlament sədrləri, xarici işlər nazirləri birmənalı şəkildə təsdiq edirlər ki, əslində, Ermənistan dövləti faşizmi təbliğ və təşviq edir. Onu qəhrəmanlaşdırmaq siyasəti həyata keçirir.

- Yekun Sənədə ilk dəfə mühüm yeni bənd daxil edildi ki, burada bilavasitə, Ermənistanın növbəti dəfə, 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması əks olunub. Bu, Ermənistanın növbəti beynəlxalq blokadaya salınması deməkdir?

- Sənəddə, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipinə hörmət ifadə olunub. Güc tətbiq etməmək, güc tətbiqi ilə ərazilərin işğalı siyasəti qınanılıb. Eyni zamanda, Ermənistanın işğal siyasəti nəticəsində yaranmış hər hansı qurumun tanınmaması və onun qəbuledilməzliyi öz əksini tapıb. Bu diplomatik yanaşmanın mənası odur ki, 120 dövlət Ermənistanı işğalçı hesab edir. Separatçı qondarma rejimi tanımır. Ermənistan və onun yaratdığı rejimlə iqtisadi münasibətlər saxlamır. Ermənistan mətbuatı Qoşulmama Hərəkatının 18-ci zirvə görüşünün sənədlərində əksini tapmış və Azərbaycanın diplomatik qələbəsi sayılan bu bəndləri məğlubiyyət kimi qəbul edir.

- Azərbaycanın hərəkata sədrliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə necə təsir göstərəcək?

- Azərbaycanın 2019-2022-ci illər ərzində, yəni 3 il müddətində dünyanın ən mühüm və sayca ən böyük ikinci beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizi gücləndirəcək. Azərbaycan, ilk növbədə, Qoşulmama Hərəkatının əsas prinsiplərindən olan "Bandunq prinsipləri"nə sadiqdir. Bu prinsiplər müstəqilliyin və suverenliyin dəstəklənməsi, dövlətlərin daxili işlərinə qarışmamaq siyasəti, qarşılıqlı maraqlar əsasında yeridilən siyasəti ehtiva edir. Eyni zamanda, əməkdaşlığın təşviq və təbliğ edilməsini özündə əks etdirir. Burada sərhədlərin güc tətbiq etməklə dəyişdirilməsi siyasətinin yolverilməzliyi nəzərdə tutulub ki, bu da Qoşulmama Hərəkatının prinsipləri ilə üst-üstə düşür. Azərbaycan Qoşulmama Hərəkatına üzv olan dövlətlərin hər biri ilə ayrı-ayrılıqda ikitərəfli formatda münasibətləri inkişaf etdirəcək ki, bu da münaqişənin həllində geniş imkanlar yaradacaq. Çoxtərəfli formatda, xüsusilə, BMT çərçivəsində münaqişənin yenidən gündəmə gətirilməsi və Azərbaycanın haqlı mövqeyinin müdafiəsi baxımından da unikal imkanlar yaranıb. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib, lakin onlar icra olunmur. Bu nöqteyi-nəzərdən, 2023-cü ildə Azərbaycan və 120 dövlətin səmərəli fəaliyyətinin nəticələrinin şahidi olacağıq. Təbii ki, Azərbaycanın 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi həm də ona imkan verir ki, bu dövlətlər üzv olduqları digər beynəlxalq təşkilatlarda da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün imkanlar yaratsın. Yəni Azərbaycan Qoşulmama Hərəkatına sədrliklə digər beynəlxalq təşkilatlarla da münasibətlər qura bilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm