Parlamentə yeni simalar gəldi, amma bir dəfə də olsun onlar... - Fəzail Ağamalı
Bizi izləyin

Nida Təhlil

Parlamentə yeni simalar gəldi, amma bir dəfə də olsun onlar... - Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında hakim partiyanın parlamentdəki deputatlarının geri çağırılması barədə qərar qəbul olunması haqda yayılan xəbərlərə münasibət bildirib.

Deputat mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandırıb.

- Fəzail müəllim, Milli Məclisin buraxılacağı ilə bağlı fikirləri necə dəyərləndirirsiniz?

- Bu addıma ölkədə gedən və sistemli xarakter daşıyan islahatların tərkib hissəsi kimi baxıram. Düşünürəm ki, Yeni Azərbaycan Partiyası bu addımı atmaqla ölkədə gedən islahatlara siyasi partiya olaraq özünün daha önəmli və ciddi töhfəsini vermək niyyətindədir. Bunun başqa izahı da yoxdur.

- Gələn il onsuz da parlament seçkilərinin zamanı idi. Növbədənkənar seçkilərə ehtiyac varmı?

- İlham Əliyev 2018-ci il prezident seçkilərindən sonra öz komandasını yenilədi. Daha müasir dünyagörüşü özündə ifadə edən, təşəbbüskar, vətənpərvər və nisbətən daha üstün enerjili, müstəqil Azərbaycan dövləti zamanında formalaşan məmurlarımızı daha yüksək səviyyəyə gətirdi. Onlara etimad göstərdi. Bundan sonra artıq sosial, iqtisadi və hüquqi sistemdə ciddi dəyişikliklərə start verildi. İcra strukturlarında kadr dəyişiklikləri aparıldı. Bu siyasət indi də davam edir. Ölkə Prezidenti həm də hakimiyyət bölgüsündən biri olan məhkəmə-hüquq sistemində də islahatların aparılması ilə bağlı sənədlər imzaladı. Parlament bu prosesdən kənarda qalmalı deyildi. Siyasi məkan kimi həmin islahatların içində yer almalı idi. Bunun üçün bayaq sadaladığım yüksək keyfiyyətləri özündə ehtiva edənlərin parlamentdə təmsil olunması qaçılmazdır. Bu addım islahatların məntiqinə tamamilə uyğundur. O da etiraf olunmalıdır ki, parlamentdə ən çox mandat YAP-a aiddir. YAP da ölkə Prezidentinin islahatlarına töhfə vermək üçün peşəkarlığı, müasirliyi və enerjini özündə daşıyan üzvlərinin parlamentdə təmsil olunması qərarına gəlib.

- Milli Məclis buraxılarsa və yeni seçkilər keçirilərsə köhnə üzvlərin təxminən neçə faizi dəyişə bilər?

- Bunu heç kim deyə bilməz. Hər halda YAP çalışacaq ki, tələblərə uyğun olan insanlar namizədliklərini irəli sürsün. Biz də Ana Vətən Partiyası olaraq bu amilləri ciddi şəkildə qarşıdan gələn seçkilərdə nəzərə alacağıq.

- Növbədənkənar seçkilərdə namizədliyinizi irəli sürəcəksinizmi?

- Siz necə düşünürsünüz: irəli sürüm, ya yox?

- Fəzail müəllim, mən sizin seçiciniz deyiləm. Düşünürəm ki, siz öz seçicilərinizlə məsləhətləşdikdən sonra doğru qərarı verə biləcəksiniz.

- Çox ağıllı cavabdır. Təbii ki, biz partiya olaraq bu seçkilərdə iştirak edəcəyik. Düşünürəm, partiyanın belə bir niyyəti olsa ki, mən bu seçkilərdə iştirak edim, yəqin ki, namizədliyimi irəli sürəcəm.

- Yeni kadr islahatlarında gəncləşmə siyasəti aparılacaqmı?

- Əlbəttə. Düşünmürəm ki, auditoriyadan dünən çıxan insanların Milli Məclisə gətirilməsi gözləniləndir. Ötən parlament seçkilərində müəyyən şəxslər gəldi, amma bu dörd ildə bir dəfə də olsun mövqelərini ortaya qoymadılar. Gənc deyəndə 25-26 yaşlı insanları nəzərdə tutmuram. Yəni 40-50 yaşında, kifayət qədər təcrübəsi olan, biliyə, savada malik, işlədiyi sahədə peşəkarlığı formalaşdıran və cəmiyyətdə müəyyən nüfuz sahibi olanlar parlamentdə təmsil olunacaqlar. Bu, təkcə YAP-a yox, bütün partiyalara aiddir.

- Milli Məclis üzvü kimi parlamentin indiki fəaliyyətində hansı axsaqlıqları görürdünüz?

- Dövlətçilik məsələlərində, xüsusilə, ciddi xarakterli məsələlərdə passivlik, biganəlik, konkret mövqeyin və iradənin ortada olmaması. Milli Məclisdə ən ciddi hallarda 10-15 nəfərdən başqa deputatlarımız son dərəcə kəskin və ciddi xarakter daşıyan məsələlərdə passivlik nümayiş etdirirdilər. Onu da demək istəyirəm ki, bu gün ölkə prezidentinin gördüyü işləri önə çəkib, xalq tərəfindən, onsuz da, yüksək qiymətləndirilən mövqeyini bir daha təkrarlamaq kifayət deyil. Bu gün həm də ölkə Prezidentinin siyasətinə qarşı çıxanlara qarşı iradə nümayiş etdirilməlidir. Bu müstəvidə mübarizə daha kəskin xarakterli olsun.

- 2020-ci il üzrə dövlət büdcəsi müzakirəyə çıxarılmışdı. Parlamentin buraxılacağı təqdirdə büdcənin təsdiqi ləngiyə bilərmi?

- Gecikmə mümkün deyil. Biz sabah üçüncü oxunuşda büdcəni qəbul edəcəyik. Düşünürəm ki, kifayət qədər bitkin hazırlanan büdcə layihəsi millət vəkillərinin təklifləri əsasında daha da təkmilləşdirilib. Və bu büdcə ilə biz 2020-ci ili ciddi islahatlar ili kimi reallaşdıra biləcəyik.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm