Prezidentin bu yanaşması hər bir vəzifəli şəxs üçün nümunəvi hadisədir - Zahid Oruc
Bizi izləyin

Nida Təhlil

Prezidentin bu yanaşması hər bir vəzifəli şəxs üçün nümunəvi hadisədir - Zahid Oruc

“Prezident məmur, millət vəkili, hakim, bütün idarəetmə sistemində çalışanlar və bütövlükdə vətəndaşlar üçün örnək yaradır”.

Bunu Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Şamaxı rayonuna səfərini şərh edərkən Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc deyib.



Zahid Oruc bildirib ki, ölkə rəhbərinin bölgələr üzrə səfərləri mühüm dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir: “İndiyə qədərki dövrdə biz ona şahid olduq ki, hər görüşün, tədbirin konkret hədəfləri var. İlk növbədə Azərbaycan regionlarının inkişafı, infrastruktur quruculuğu, əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması ölkənin birinci şəxsi tərəfindən qarşıya qoyulur və bunların hər biri ilə əlaqədar hesabatlar alınır, məruzələr dinlənilir. Verilmiş tapşırıqların, həyata keçirilmiş investisiya planlarının nəticələri yerində yoxlanılır. Bu, kifayət qədər yaxşı fəaliyyət modelidir. Hər bir rayonun inkişafı öz-özlüyündə Azərbaycanı gücləndirmiş olur. Yerlərdə sahibkarlıq fəaliyyətinə təkan və insanlara daha geniş meydan verilməsi əlavə aktivimizə yazılan hadisələrdir”.

Deputat Prezidentin vətəndaşların problemlərinin aradan qaldırılmasına daim dəstək olduğunu vurğulayıb: ”Cənab Prezidentin təkcə Şamaxı deyil, bundan əvvəlki zamanda həyata keçirilən hər bir səfəri dediyimiz ali məqama xidmət edib. Şamaxı məsələsinə gəldikdə, baş vermiş zəlzələnin vurduğu ziyanın aradan qaldırılmasında dövlət iradə göstərir, birinci addımı atır. İnsanları naümid qoymur, onların yanında olduğunu sübuta yetirir. Açıq demək lazımdır ki, ölkəmizin rəhbəri üçün bu planda, bu formatda, statusda çalışmaq onun həm həyatının mənasını təşkil edir, həm də bu illər ərzində biz məhz belə bir prezidenti tanıyırıq. Zaqatalada da oxşar hadisələr olanda birinci şəxs yenə də darda qalan insanların yanında idi. Ondan əvvəl Kür daşqınları, müxtəlif xarakterli təbii fəlakətlər fonunda, yaxud insan amili ilə əlaqədar problemlər meydana çıxanda, özünün qlobal, regional miqyasda böyük siyasətinə, işlərinə rəğmən prezident aşağı qurumlarda çalışan məmurların işinə dəstək vermək, həmçinin nəzarət etmək naminə özü birbaşa hadisə rayonunda olub. Gözümün qarşısında həmin hadisələrin ağır nəticələri tam aradan qaldırılıb. İnsanlar yeni evlərlə təmin olunurlar. Bundan öncə səfərlər zamanı biz görmüşdük ki, cənab Prezident sadə insanlarla görüşəndə mehriban, xoş davranışlar sərgiləyir. Yaşlı bir insanı, ananı bağrına basır, onun arzularını dinləyir, istəklərinə meydan verir. Hansısa problemlərin həlli üçün yerindəcə tapşırıqlar verir. Bu, məmur üçün parlament üzvlərinə, hakimə, həkimə və ya siyasətçiyə, partiya təmsilçilərinə nümunə olacaq bir hadisədir. Sabah ölkə rəhbərinin bağrına basdığı insanları qapı qarşısına qoyanda, onu gözləməyə məcbur edəndə, hansısa bir probleminin həllinə yardımçı olmayanda, təkcə bir insanın gözləntisinə zərbə vurmuruq. Dövlətin bağrına basdığı insanı sanki özümüzdən uzaqlaşdırırıq. Şamaxı səfərində vətəndaşlar yaxınlaşaraq dövlətin birinci şəxsi ilə şəkil çəkdirirdilər. Bu, yalnız texnoloji qurğunun kadrı sayılmır. O Prezidentin əlamətdar gününə çevrilir. Həmişə yaddaşında qalır. Qlobal siyasətdə iştirak edən, güclü rəhbərlərlə görüşlərdən keçən insan Azərbaycanın bir bölgəsində sadə, sıravi, əliqabarlı insanlarımızla mehriban atmosferdə ünsiyyət qurur. Həqiqətən demokratik idarəçilik məhz bu cür mehribanlığa, xoş rəftara bağlıdır”.

Zahid Oruc inkişaf üçün əsas amilin adlarda deyil, daha çox yeni fəlsəfədə, fərqli təfəkkür tərzi ilə məsələlərə yanaşmaqda olduğunu qeyd edib: “Bir daha demək istəyirəm ki, bu ilin Azərbaycan həyatında ən qlobal dəyişikliyi məhz budur ki, ölkə rəhbəri həmin siyasətin tələblərinə uyğun olmayan insanları yeni kadrlarla əvəz edib. Hökumətə, parlamentə, bütün hakimiyyət qollarına etibar və inamın artırılması üçün mühüm işlər görülüb. Bu, mənə görə yeni hakimiyyət quruculuğudur. Ona görə də bu səfəri əhəmiyyətli, vacib və uğurlu hesab edirəm”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm