Pambıqçılığın inkişafı ölkəyə valyuta axınını artırır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Pambıqçılığın inkişafı ölkəyə valyuta axınını artırır - ŞƏRH

“Sovet dönəmində ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında pambıqçılıq SSRİ məkanında şöhrət qazanmışdı”.

Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Deputat bildirib ki, pambıqçılıq Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrindən biridir. Bu sektorun inkişafının əsasları Heydər Əliyev tərəfindən qoyulub. İnkişaf Azərbaycanda kənd həyatını, kənd təsərrüfatı sektorunu yeni bir mərhələyə qaldırdı: “Kəndlər zənginləşib varlandı, evlər tikildi. Kənd əhalisinin məşğulluğu təmin olundu, həyat tərzi yaxşılaşdı. O dövr dövlət büdcəsinə milyonlarla rubl vəsait daxil oldu”.

M.Quliyev qeyd edib ki, xüsusilə, AXCP-Müsavat hakimiyyəti dövründə pambıqçılıq az qala ləğv olunmaq təhlükəsi qarşısında idi: “Cənab Prezidentin dünənki müşavirədə də söylədiyi kimi, müstəqilliyin ilk illərində heyif ki, gözəl ənənə tamamilə dağıdıldı. Üç-dörd il bundan öncə ölkə başçısının tapşırığı ilə pambıqçılığın inkişafı yeni mərhələyə qədəm qoydu. Proqram hazırlandı, bitkinin əkilməsində, becərilməsində intensiv üsullardan istifadə, ölkəyə bəhrəli sortların gətirilməsi kimi mühüm işlər görüldü. Hazırda Azərbaycan pambıqçılığı dirçəlişini yaşayır”.

Millət vəkilinin fikrincə, dünənki müşavirə bir daha göstərdi ki, Azərbaycanda pambıqçılıq çox böyük perspektivi olan sahədir: “Bu sahənin inkişafı ilə biz bir sıra məsələri həll etmiş oluruq. Azərbaycan pambıqçılığı 1970-80-ci illərdə olan şöhrətini yenidən qaytarıb. Bu, kənd təsərrüfatı sektorunda çalışan insanların məşğulluğunu təmin edir. Azərbaycana valyuta gətirir. İnsanlarımızın rifah halının yüksəldilməsinə ciddi şərait yaradır. Baxmayaraq ki, mənfur qonşularımız Tərtərin suyunu kəsdi, ancaq artezianlar hesabına ən yüksək nəticə verən rayon da məhz o, oldu. Bu, kənd təsərrüfatında böyük bir inqilabdır və o insanların qəhrəmanlığıdır. Elə fermerlər var ki, bu il pambıqdan 100-150 min manat gəlir əldə ediblər. Cənab Prezident bunun son hədd olmadığını vurğuladı və yeni sortların gətirilməsi ilə bağlı İnam Kərimova tapşırıqlar verdi”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm