Azərbaycan xalqı Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Azərbaycan xalqı Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - DEPUTAT

Azərbaycan Prezidentinin Milli Mətbuat nümayəndələrinə verdiyi müsahibə 2019-cu ilin ilk 9 ayının yekunları ilə bağlı olsa da, ümumilikdə İlham Əliyevin fikirlərində 2003-cü ildən bu günə kimi həyata keçirilən siyasətin əsas paradiqmaları dilə gətirildi.

Bu sözləri Publika.az-a Prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi müsahibəyə münasibət bildirərkən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Ölkə başçısının həyata keçirdiyi siyasətdən danışan deputat sözlərinə belə davam edib: “Prezident müsahibə zamanı bir sıra mühüm məsələlərə toxundu. Bu məsələlər içərisində Azərbaycanın xarici siyasəti ilə bağlı mühüm tezislər, beynəlxalq münasibətlərdə rolu və bugünkü nüfuzunu təmin edən fəaliyyətinin istiqaməti ilə bağlı fikirlər var. Eyni zamanda burada regional və qlobal çağırışlar kontekstində beynəlxalq münasibətlərin nüfuzlu aktoru kimi Azərbaycanın davranışlarının əsas istiqamətləri də var idi. Bir fikri xüsusilə vurğulamaq lazımdır: “Azərbaycan Prezidenti qeyd etdi ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıl olaraq həyata keçirilir”. 2003-cü ildən bu günə qədər həyata keçirilən siyasətə diqqət yetirdikdə görəcəksiniz ki, heç nə təsadüfi baş verməyib. Bu illər ərzində həyata keçirilən siyasət əvvəlcədən düşünülmüş, strateji məqsədlərə və milli maraqlara hədəflənmiş intensiv fəaliyyət proqramı kimi nəzərdən keçirilə bilər. Bunun nəticəsidir ki, bu gün Azərbaycan inkişaf edib, qüdrətlənib. Həm xarici, həm daxili siyasət komponentləri milli maraqlar çərçivəsində uzlaşdırılaraq bugünkü qüdrətli Azərbaycan yaradılıb”.

H.Babaoğlu bildirib ki, Prezident sosial siyasət və iqtisadiyyatın inkişafı məsələləri üzərində xüsusilə dayandı: “Əlbəttə ki, bu, Azərbaycanın həyata keçirdiyi sosial siyasət və iqtisadiyyatının inkişafı idi ki, cənab Prezident bu məsələlər üzərində xüsusi dayandı. Hər iki komponent bir-birindən asılıdır. İqtisadiyyat olmasa, sosial problemləri həll etmək olmaz və sosial problemlərin həlli birbaşa iqtisadiyyatla bağlıdır. Sosial dövlət olma öhdəliklərini yerinə yetirmək üçün ilk növbədə güclü iqtisadi gücə malik ölkə olmaq lazımdır. İlham Əliyev bu məsələlərə toxunaraq ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışdı. Eyni zamanda 9 ay ərzində görülən işlərin, həyata keçirilən islahatların nəticə etibarilə Azərbaycan vətəndaşının rifahına yönəlmiş olduğunu diqqətlə təqdim etdi. Şübhəsiz ki, bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsasında vətəndaşların rifahı durur”.

Deputat qeyd edib ki, Azərbaycanın inkişafı mühüm hədəfdir: “Ölkənin hərbi gücü və siyasi nüfuzunun artması, Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həll olunmasına imkan verəcək. Düşünürəm ki, səsləndirilən fikirlər həm də Bakı Dövlət Universitetinin 100 illik yubileyində Azərbaycan Prezidentinin nitqinin davamı kimi qiymətləndirilə bilər. Biz burada bir qədər detallı məlumatlar almış olduq ki, bu da mühüm məlumatlar idi. İlk dəfə idi ki, İlham Əliyev tərəfindən Azərbaycanın ayrı-ayrı beynəlxalq təşkilatları ilə münasibətlərinə aydınlıq gətirildi. Eyni zamanda Avropa İttifaqı ilə imzalanacaq beynəlxalq sazişin detallarına toxunuldu. Bəzi hallarda müxalif qüvvələr tərəfindən manipulyasiya edilən bu mövzunun əsasında nəyin durduğunu cənab Prezident qeyd etdi və və izah etdi ki, əgər biz beynəlxalq sazişi indiki şərtlərlə qəbul etsək, o zaman Azərbaycan vətəndaşlarına satılan enerji daşıyıcıları, xüsusilə də qazın qiyməti 7-10 dəfə arta bilər. Bu fikirlərdən aydın oldu ki, istər beynəlxalq təşkilatlarla əməkdaşlıqda, istərsə də xarici siyasətdə başlıca vəzifə Azərbaycanın dövlət maraqlarının və vətəndaşların maraqlarının qorunmasıdır. Düşünürəm ki, mühüm mesajlar var və Azərbaycan xalqı Prezidentin fəaliyyətini yüksək qiymətləndirir”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm