Böhran kritik həddə çatdı: Xəzər təhlükədədir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Böhran kritik həddə çatdı: Xəzər təhlükədədir - ŞƏRH

“Danışıqlar cəhdi həmişə olub və hazırda pərdəarxası danışıqlar gedir”

Bunu Publika.az-a açıqlamasında ABŞ-İran gərginliyini təhlil edən politoloq İlqar Vəlizadə deyib.



Politoloqun fikrincə, hazırda tərəflər sülhə hazır deyil: “Amma eyni zamanda açıq müharibə də istisnadır. Burada daha çox “proksi müharibə”ni davam etdirmək niyyətindən söhbət gedir. Yəni, bu tip müharibə hazırda tərəflərin istəklərinə tam cavab verir. Birbaşa aparılan müharibə, münaqişə hər iki tərəf üçün böyük risklər vəd edir. Bu itkilər hər iki cəmiyyət üçün qəbulolunmaz sayıla bilər. Ona görə mövcud vəziyyətdən çıxış edərək ABŞ prezidenti Donald Tramp sadəcə bunu bəyan edir ki, “İranla münasibətlərdə geri çəkilməyəcəyik”. Amma dolayı yolla bu müharibəni aparmaq niyyətindədir. Çünki onun resursları, potensialı hələ də tükənməyib”.

Ekspert Q.Süleymaninin öldürülməsinin İran üçün müsbət nəticələnmədiyini qeyd edib: “Generalın öldürülməsi sadəcə Trampa müəyyən dərəcədə yaxşı nəticələr gətirdi. Süleymani çoxfaktorlu insan idi. İllərlə İranın “proksi müharibə” apardığı şəraitdə baş komandan idi. Müharibəni tənzimləyəcək şəxs idi. Görünən və görünməyən iplər onun əlində cəmləşmişdi. Qasım Süleymani regionda İranın tərəfdarı sayılan əsas açar insanlarla münasibəti olan şəxs idi. Həm İran tərəfi, həm də İranın dəstək verdiyi tərədaşları üçün etibarlı biri idi. Belə bir insanı itirməsi İranın müəyyən dərəcədə mövqeyini zəiflədib. İran son illər ərzində müəyyən itkilərlə üzləşib (sosial-iqtisadi itki, imic itkisi və s.). Vəziyyətdən çıxmaq üçün İrana vaxt lazımdır. Madam ki, ABŞ İrana qarşı açıq müharibəyə keçməyib, bu, İrana imkan verir ki, dolayı yollarla sarsılmış mövqeyini bərkitsin”.

İ.Vəlizadə ABŞ-İran gərginliyində vasitəçilərin fəallığının artacağını proqnozlaşdırıb: “Hazırda pərdəarxası danışıqlar gedir. Düşünürəm ki, həm vasitəçilərin aktivliyi artacaq, həm də münaqişə tərəfləri çalışacaqlar vasitəçilərin xidmətlərindən istifadə edərək bir-birinə mesajlar ötürsünlər. Vasitəçilər istəyirlər ki, proseslər ən azından idarəolunan səviyyəyə gəlib çıxsın. Onların xidmətindən istifadə isə dolayı əlaqələrə səbəb ola bilər. Gedişat baş verəcək hadisələrə bağlıdır”.

Politoloq ABŞ-İran münasibətlərinin regiona da təsirsiz ötüşmədiyini vurğulayıb: “Gərginlik yaxşı ki, açıq hərbi müstəviyə keçməyib. Amma iqtisadi fon kifayət qədər təzyiqli şəkildə qalır. İran həm Yaxın Şərq ölkəsi, həm də Xəzər dənizi hövzəsinin mühüm iştirakçısıdır. Əlbəttə ki, bu gərginlik hövzəyə də təsirsiz ötüşmür. Düşünürəm ki, yaxın vaxtlarda İranla münasibətləri qorumuş və ya qonşuluqda olan müxtəlif ölkələr çalışacaqlar bu mənfi təsirləri minimuma endirsinlər. Çünki İran ətrafında olan gərginlik onlara da birbaşa təsir göstərir. Buna görə də dolayı mexanizmlər işə düşəcək ki, iqtisadi risklər minimum səviyyəyə çatdırılsın”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm