Rusiyada idarəetmə sistemi təkmilləşəcək - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Rusiyada idarəetmə sistemi təkmilləşəcək - ŞƏRH

“Putin anladı ki, idarəetməni bu cür saxlamaqla hakimiyyətin səmərəliliyini nə artıra, nə də uzun müddət öz reytinqini qoruyub saxlaya bilər”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Rusiyanın siyasi sistemi, eləcə də Putinin hakimiyyət müddəti ABŞ və Avropa ölkələrinin ciddi təzyiqi altındadır: “Putin yaxşı başa düşür ki, sonuncu müddətdə prezident kimi fəaliyyət göstərir, 2024-cü ildə onun müddəti başa çatacaq. Bundan sonra seçilməsi qeyri-mümkün olacaq. Burada yaş və səhhət faktoru, eyni zamanda dünyanın məsələyə münasibəti rol oynayır. Müntəzəm olaraq Avropa mətbuatında Putinin monarx, çar və s. bu kimi adlarla damğalanması artıq ölkə içərisində narazılığın artmasına gətirib çıxarır. Onun son reytinqinin də aşağı səviyyədə olduğunu görürük. Müəyyən dəyişikliklərə getməsə, mənfi nəticələrə gətirib çıxara bilər. Ruslar dəyişiklik istəyir və bu istək hər gün bir az daha da artır. Ona görə də Putin belə bir siyasi manevr etdi”.

Q.Hüseynli qeyd edib ki, Rusiya Prezidenti Konstitusiyada olan dəyişiklikləri nəzərə alsa, onun artıq hakimiyyəti bölüşməyə başladığını demək olar: “Ağırlığı Dövlət Dumasının hər iki palatasına yönəldir. Səlahiyyətlərinin bir qismini parlamentə verib. Heç də az olmayan digər qismini isə Nazirlər Kabinetinə vermək niyyətindədir. Beləliklə, prezident hakimiyyətinin qeyri-məhdud səlahiyyətləri müəyyən qədər daralır, parlament və hökumət arasında bölünür. Putin hesab edir ki, bundan sonra Nazirlər Kabineti daha səmərəli işləyə bilər. Müxtəlif dövlət proqramları, layihələr həyata keçirməklə Rusiyaya daha ciddi nəzarət edə bilər. Prezidentin səlahiyyətlərindən bir qisminin də yerli hakimiyyət orqanlarının qubernatorlara, quberniyaların parlamentlərinə verilə biləcəyi haqqında irəli sürülən iddialar onu göstərir ki, hakimiyyət əks mərkəzləşmə xətti tutub. Putin yerli özünüidarəetməni təkmilləşdirmək fikrindədir. Pis ideya deyil. Kifayət qədər əsaslandırılıb. Zənnimcə, həmin ideyalar ardıcıl surətdə həyata keçirilsə, Rusiyada idarəetmə işi xeyli təkmilləşər. Beləliklə əhalinin maddi güzəranı artar. Bir sözlə, Rusiya ciddi islahatlar və dəyişikliklər yolunu tutub. Bu dəyişikliklər ölkənin siyasi, iqtisadi və mədəni cəhətdən daha da irəliyə getməsini təmin edəcək işlərin həyata keçirilməsini nəzərdə tutur”.



Politoloq vurğulayıb ki, Putin patriot olduğuna görə hakimiyyətin daha effektli işləməsini istəyir: “O, 2024-cü ildə daha aşağı iş qabiliyyətinə malik olacaq. Nazarbayev yolunu da gedə bilər. Prezidentliyə başqa birini gətirib, Medvedevi Təhlükəsizlik Şurasında yerləşdirdiyi kimi özü ya Təhlükəsizlik Şurasının sədri ola bilər, ya da məsləhətverici bir qurum təsis edib, orada qərarlaşa bilər”.


Q.Hüseynli Mixail Mişustinin Baş nazir postuna təyinatının Rusiya-Azərbaycan münasibətlərinə təsirindən də danışıb:
“Ölkələrarası əlaqələr tərəfdaşlıq səviyyəsinə doğru irəliləyir. Xüsusilə, Birinci vitse-prezidentin Moskvaya son səfəri göstərdi ki, bu münasibətlərin daha da inkişaf edərək yüksəyə qalxma imkanı var”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm