Putinin bu addımının məqsədi... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Putinin bu addımının məqsədi... - ŞƏRH

“Putinin bu addımı kompleks şəkildə bütün məsələləri həll etmək, vəziyyətdən çıxmaq və təbii ki, yeni inkişafa qədəm qoymaq üçün düşünülmüş bir addımdır”.

Bunu Publika.az-a açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.



F.Sadıqov bildirib ki, Rusiyanın daxili siyasətində iqtisadi istiqamətdə müəyyən problemlər var: “Rusiya özü mürəkkəb bir dövlətdir və Putin isə uzun müddətdir ki, dövlət başçısıdır. Əlbəttə ki, Putin dünya siyasətində aparıcı rol oynamaq istəyir. Bu da Rusiya rəhbərliyindən müəyyən islahatlar tələb edir. Bu islahatlar olmasa, yenilənmə, kadr dəyişikliyi, hökümətə yeni istiqamət verilməsi məsələlərinə kifayət qədər diqqət yetirilməsə, durğunluq yaranar. Bu durğunluğu aradan qaldırmaq lazımdır. Hökümət yeni funksiyalarla məşğul olmalıdır. Hökümət qarşısında yeni vəzifələr qoyulmalıdır. Bu da onlara qarşı qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalarla bağlıdır. Putinin bu addımı kompleks şəkildə bütün məsələləri həll etmək, vəziyyətdən çıxmaq və təbii ki, yeni inkişafa qədəm qoymaq üçün düşünülmüş bir addımdır. Bu yenilənmiş hökumət bir sıra çağırışlara qarşı çıxış etməyə hazır olmalıdır. Çünki orada daha peşəkar kadrlar tapmalıdır. Xüsusilə, iqtisadi və daxili siyasət məsələlərini deyə bilərik”.

Politoloq qeyd edib ki, dövlət strukturları müasir səviyyədə işləyəcəksə, deməli, burada müəyyən əlaqələr və düzəlişlər lazımdır: “Putin konstitusiyaya bir sıra əlavələr təklif edib. Orada bir neçə maddə var. Rusiyanın ekspertləri, analitikləri müxtəlif düşərgələrə bölünüb. Bəziləri hesab edir ki, Putin hakimiyyətdə qalmaq üçün özünə yeni imkanlar qazanmaq istəyir. Digərləri isə düşünür ki, artıq məlum məsələlər yetişib və artıq həll etmək lazımdır. Məsələləri həll etmək üçün konstitusiyada əlavələr olmalıdır. Mən düşünürəm ki, həqiqət haradasa ortadadır. 2024-ə qədər olan vaxt uzundur. İnanmıram Putin 2024-ə qədər olan müddət ərəfəsində bu məqsədlə nəsə etsin. Putinin hazırda Rusiyada reytinqi yüksəkdir. Bunu həm tərəftarları, həm rəqibləri, həm də bir sıra düşmənləri etiraf edir. Təbii ki, Putin başa düşür ki, Rusiyanın inkişafı islahatlarla bağlıdır. Rusiya inkişaf etmək istəyirsə, dövlət strukturları müasir səviyyədə işləyəcəksə, deməli, burada müəyyən əlaqələr və düzəlişlər lazımdır. O cümlədən konstitusiyaya. Yəni, burada ciddi, dərin dəyişiklikləri mən görmürəm. Əgər indiyənə qədər dövlət başçısı höküməti özü formal olaraq parlamentdən keçib, təsdiq edirdisə, indi hökümətin bu təsdiqi yeni konstitusiya əlavələrinə görə, parlamentin səlahiyyətinə verilir. Yeni dövlət şurası yaranır. Dövlət şurası artıq konstitusiyanın tərkib hissəsi kimi qələmə veriləcək. Onun funksiyası da genişlənəcək. Burada birmənalı olaraq ancaq dövlət başçısının öz hakimiyyətini möhkəmləndirməsi üçün bu addımı atdığını demək düzgün olmaz. Əgər belədirsə, onda konstitusiyaya əlavələr ancaq dövlət başçısının hakimiyyətinə daha da möhkəmlənməsinə yönələn düzəlişlər olmalı idi. Amma biz görürük ki, əksinə, parlamentə bir sıra səlahiyyətlər vermək istəyir. Yaxud da Dövlət Şurasını yaradır və funksiyaları genişlənir. İndiki mərhələdə düşünürəm ki, bu, yetişmiş məsələlərdir. Düzgün olaraq da bu formada həll etmək lazımdır”.

F.Sadıqov Mişustinin təyinatı ilə bağlı onun xarici siyasətlə məşğul olmayacağını deyib: “Çünki hal-hazırda hökümət və onun baş naziri texniki və iqtisadiyyat məsələləri ilə məşğuldur. Bundan sonra da məşğul olacaq. Digər bir reallıq ondan ibarətdir ki, bizim Rusiya ilə münasibətlərimiz stratejik partnyorluq münasibətləridir. Müxtəlif komussiyalar mövcuddur. Şübhəsiz ki, münasibətlərimiz bundan sonra da həmin səviyyədə inkişaf edəcək. Çünki xarici siyasət prioritetlərini Rusiya hökuməti və Mişustin yox, Rusiyanın dövlət başçısının özü həll edir”.




Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm