Ermənistanda baş verən hadisələr AŞPA-nın baxış bucağından kənarda qalır - Aydın Quliyev
Bizi izləyin

Nida Təhlil

Ermənistanda baş verən hadisələr AŞPA-nın baxış bucağından kənarda qalır - Aydın Quliyev

“Görüş zamanı aparılan müzakirələri, orada səslənən fikirləri hər iki ölkənin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ikili standartlar siyasətinə qarşı vahid strategiyasının müəyyənləşdirilməsinin başlanğıcı kimi qəbul etmək olar”.

Bu sözləri Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor qeyd edib ki, artıq Türkiyə və Azərbaycan AŞPA-nın qərəzli ikili standart siyasətinə qarşı vahid fəaliyyət strategiyası müəyyənləşdirməyə başlayıb: “Müxtəlif ölkələrdə insan haqları, demokratiya ilə bağlı çox aşkar pozuntular baş verdiyi halda, əsası olmayan təzahürlərə görə Azərbaycan və Türkiyənin hədəfə gəlməsi düşündürücüdür və bunun ikili standartlar çərçivəsində edildiyi insanların nəzərindən yayınmır. Məsələn, Ermənistan, Gürcüstan və Ukraynada baş verən bir sıra hadisələr AŞPA-nın baxış bucağından kənarda qalır. Ermənistanda Paşinyanın bütün siyasi rəqibləri demək olar ki, müxtəlif əsaslar və bəhanələrlə sıradan çıxarılıb. Keçmiş prezidentlərdən həbs olunanı, barəsində cinayət işi qaldırılanı var. Siyasi təqiblərə görə ölkəni tərk etmiş keçmiş nazirlər də var. Konstitusiya Məhkəməsinə qarşı həyata keçirilən qeyri-sivil və təqib xarakterli mübarizə üsulları faktiki olaraq Ermənistanda siyasi hakimiyyət böhranı yaratmaq həddinə qədər gəlib çatıb. Ancaq AŞPA buna susur. Qərblə çoxdandır inteqrasiya şəraitində olan Gürcüstanda keçmiş nazirin siyasi partiya yaratmağına görə dərhal onun özü və partiya funsionerləri həbsə atılırlar. Eyni zamanda Gürcüstanın keçmiş prezidenti Saakaşviliyə cinayət işi açılır və ölkəsindən didərgin salınır, ancaq AŞPA buna susur. Belə faktların qarşısında Azərbaycandakı müəyyən təzahürlərə və indiki hakimiyyətə radikal, barışmaz mövqedə dayanan mənbələrdən alınan məlumatlar əsasında sənədlər qəbul olunur. Aşkar görsənir ki, Azərbaycana və Türkiyəyə qarşı vahid xəttlə siyasət aparılır. Belə şəraitdə iki ölkənin AŞPA-nın ikili standart siyasətinə qarşı öz strategiyalarını birləşdirməsi çox əhəmiyyətli bir məsələdir. Bu yöndə Prezident İlham Əliyevin türkiyəli nazirlə apardığı dialoq yaranmış şəraitə tamamilə adekvatdır. Hətta Azərbaycanın və Türkiyənin bu standartlar çərçivəsində AŞPA ilə bağlı sərt qərarlar qəbul etməsi üçün çox böyük əsaslar var. Bir vaxtlar Rusiya bu cür təqiblər nəticəsində AŞPA-nı tərk etdi və sonradan proseslər göstərdi ki, Rusiya AŞPA-sız ötüşə bildi, amma qurum onsuz ötüşə bilmədi. Bundan sonra Rusiyanı yenidən təşkilata dəvət etdi. Azərbaycan və Türkiyənin birləşmiş səyləri ilə Avropanın enerji təhlükəsizliyi üçün çox ciddi işlərin görüldüyü bir vaxtda Avropa strukturları tərəfindən məhz bu iki strateji əhəmiyyətli ölkəyə qarşı aparılan siyasət reallığa uyğun deyil”.

A.Quliyev bildirib ki, AŞPA-nın dünyadakı nüfuzu zərbə altındadır: “Ortada Rusiya nümunəsi var. AŞPA-nın daxilində müəyyən dövlətlərə qarşı ayrı-seçkilik siyasəti aparılır ki, bu da həmin dövlətlərdən çox təşkilatın özü üçün çətinliklər yaradır.AŞPA-nın rəhbər tutduğu standartlar zədələnir. Bir daha bəlli oldu ki, qurumun ikili standartlarına qarşı sərt qərar verən ölkələr sonradan AŞPA-nın özündən daha üstün mövqeyə keçə bilirlər. Nəticədə təşkilat sadəcə olaraq onların ayağına gəlir. Fikirmcə, ölkə başçısının bəyanatları AŞPA ilə Azərbaycanın münasibətlərində gözlənilən perspektivdən xəbər verir. Yəni əgər qurum Azərbaycanla münasibətlərdə ikili standartlar siyasətinə son qoymasa, o zaman ölkənin müəyyən qərar verməsi üçün ciddi əsaslar yaranacaq. Belə qərarın verilməsi daha çox AŞPA-nın özünə ziyandır”.

Baş redaktor vurğulayıb ki, Azərbaycan mediası başqa dövlətlərdən fərqli olaraq, daha sərbəst və təhlükəsiz model çərçivəsində fəaliyyət göstərir: “Bu yaxınlarda biz AŞPA-nın Azərbaycanda media azadlığı ilə bağlı sənəd qəbulunu gördük. Həmin sənəd ölkədəki reallıqlara uyğun gəlmədiyi üçün ictimaiyyət tərəfindən rədd edildi. Azərbaycan mediasına dövlət dəstəyi var. Ölkədə ifadə tərzinə və ya yazdığı məqaləyə görə jurnalistin təqib olunması, yaxud da cəzalandırılması ilə əlaqədar hər hansı fakt yoxdur. Belə şəraitdə AŞPA-nın ölkədə media azadlığı ilə bağlı qəbul etdiyi sənəd sadəcə olaraq neqativ xarakterlidir və Azərbaycandakı reallıqlarla uyğun gəlmədiyi şübhəsizdir”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm