Prezidentin bu sözlərini uzun müddət müzakirə etməliyik - Ekspert
Bizi izləyin

Nida Təhlil

Prezidentin bu sözlərini uzun müddət müzakirə etməliyik - Ekspert

"Prezident İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda səsləndirdiyi fikirlər, zənnimcə, uzunmüddətli ciddi və ətraflı təhlil və müzakirə mövzusuna çevrilməlidir".

Publika.az xəbər verir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli qeyd edib.

Ekspert bildirib ki, ictimaiyyətin ölkəmizdə həyata keçirilən islahatların mahiyyəti haqqında daha aydın təsəvvürlərə malik olmaları üçün dövlət başçısının nitqində yer alan məqamların daha ətraflı və konkret istiqamətlər üzrə şərh olunması vacibdir: “Bu səbəbdən, daha ətraflı bilgiyə və təcrübəyə malik olduğum bir istiqamət üzrə öz fikirlərimi bölüşməyə çalışacağam. Yəni indiki halda haqqında söhbət açacağım istiqamət Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılan addımlarla bağlıdır.

Ölkəmizdə aparılan siyasi islahatların hazırda nəzərə çarpan mənzərəsi onu deməyə əsas verir ki, dövlət maraqlarına, Azərbaycanın inkişafına, vətəndaşların rifahına münasibətdə bütün ideoloji və digər fikir ayrılıqları bir kənara qoyulmalı, qütbləşməyə yol verilməməli, cəmiyyəti cinah-cinah, səngər-səngər parçalamaqla öz şəxsi siyasi, iqtisadi və digər maraqlarını, mövqelərini qoruyub saxlamağa çalışanlar siyasi sistemin yeni konfiqurasiyasından kənarda qalmalıdırlar.
Məhz bu konteksdən hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoqun indiki şəraitdə prosesin uzunmüddətli və davamlı olması üçün nə qədər mühüm önəm kəsb etdiyini müəyyənləşdirmək mümkündür.

Bəs bu diqaloqdan və ölkəmizdə etimadlı siyasi münasibətlər sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən kimlər narahatdırlar? Onların arasında ən müxtəlif qütblərdə, qrup və təşkilatlarda təmsil olunan, prosesdə birbaşa iştirak edən, yaxud proses iştirakçılarını “kölgə”dən idarə edən tərəflər var. Onların açıq və şəffaf dialoqun baş tutmamasında maraqlı olmamaları da təbiidir. Çünki onlar illər boyu öz mənafelərini qorumaq üçün ölkə daxilindəki və xaricindəki siyasi qrupların vasitəsilə siyasi baxışlar, mövqelər arasındakı qütbləşməni – səngərləri dərinləşdirməyə, cəmiyyəti barışmaz, antoqonist “ideya”larla parçalamağa, siyasi rəqabət mədəniyyətinin formalaşmaması üçün tərəflər arasına düşmənçilik toxumu səpməklə “lazımlı”, yaxud “vazkeçilməz” olduqlarını görüntüləməyə, öz mənafelərini, maraqlarını qorumağa çalışıblar. Dialoq isə ilk növbədə belələrinin ifşa olunmasına zəmin yaradır, hakimiyyətlə siyasi qruplar arasında etimadlı münasibətlər körpüsü, daim açıq olan ünsiyyət pəncərəsi formalaşdırır ki, bu da uzun illərdir ölkənin siyasi sisteminə “ayı xidməti” göstərənlərin yırtıcı pəncələrini yararsız hala gətirir”.

E.Mirzəbəyli prezidentin Azərbaycanın bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq, ona öz müsbət münasibətini bildirdiyini xatırladıb: “Bu isə ölkəmizdəki siyasi qüvvələrin prosesləri düzgün dəyərləndirdiklərini, həyata keçirilən islahatların təməl fəlsəfəsini dərk etdiklərini sübuta yetirir. Deməli, siyasi sistemi yırtıcı təfəkkürləri ilə parçalamağa çalışanlar hətta ən yaxşı bacardıqları işin öhdəsindən belə gəlməyi bacarmayıblar.

Prezident İlham Əliyevin öz nitqində növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacağnı söyləməsi isə formalaşdırılması istiqamətində ciddi tədbirlərin həyata keçirildiyi siyasi konfiqurasiyanın təkmil mexanizmlərdən ibarət olacağı, daim yeniləşəcəyi, bütün kənar təsir və çağırışlara qarşı dayanıqlılıq nümayiş etdirə biləcəyi anlamına gəlir. Yəni Azərbaycanda bütün digər sahələrdə həyata keçirilən islahatlar kimi, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində görülən işlər də ardıcıl xarakter daşıyır və bu proses heç vaxt səngiməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm