Trampın sosial şəbəkələrə qarşı “müharibə"sinin səbəbləri: Azərbaycan nə etməlidir?
Bizi izləyin

Nida Təhlil

Trampın sosial şəbəkələrə qarşı “müharibə"sinin səbəbləri: Azərbaycan nə etməlidir?

Sosial şəbəkələrdən istifadə artıq ifadə azadlığı indeksində ilk sıralarda gəlir və adətən söz azadlığı üzrə profillənmiş təşkilatlar ölkələrdəki vəziyyətin qiymətləndirilməsində “vətəndaşların sosial şəbəkələrə çıxışı” göstəricisini xüsusi vurğulayırlar. Günümüzdə sosial şəbəkələr kommunikasiyanın asanlaşdırılması, eləcə də ifadə azadlığı baxımından “xəstə üçün vacib antibiotikə” bənzəyir, hərçənd, özü ilə birlikdə yan təsirlərini də gətirir. Xüsusilə bu platformada nəzarətin olmaması, prinsipsizliyə əsaslanan informasiya axını, ictimai təhlükəsizliyi təhdid altına alan açıq çağırışlar və s. “antibiotik”in yan təsirlərinin riskli həddə çatdığını göstərir.

İŞİD terror təşkilatının “Facebook”, “Twitter”, “YouTube” və digər bu kimi sosial platformalardan “döyüşçü” topladığı tarix uzaq deyil. 2014-cü ildə peyda ola terror təşkilatı öz idealogiyasını yaymaq üçün sosial şəbəkələrdən ustalıqla istifadə edirdi: gənc nəsil arasında “nüfuzedici” videoçarxlar yayır, insanları “xəyallarını gerçəkləşdirmək” üçün onlara qoşulmağa dəvət edir, radikalizmi geniş şəkildə təbliğ edirdi. Hətta İŞİD döyüşçüləri kiber aləmində “rok ulduzları” kimi qəbul olunurdu.

Bu, bir neçə il öncə baş verənlərdir, İŞİD terror təşkilatı bu gün sıradan çıxsa da kiberterrorizm təhlükəsi aktual olaraq qalır. BMT baş katibi Antoniu Quterreşin ötən il beynəlxalq ictimaiyyətə kiberterrorizmlə bağlı etdiyi çağırış da təhlükənin miqyasından xəbər verir.

Kiberterrorizm açıq görünən təhlükədir, gizli təhlükə isə sosial şəbəkələrin insanlar üzərində nəzarət funksiyasını yerinə yetirməsi, ictimai rəyin yönləndirilməsində aparıcı rol oynaması və maraq qruplarının əsas vasitəsinə çevrilməsidir. ABŞ Prezidenti Donald Trampın mayın 28-də “Onlayn senzuradan müdafiə haqqında” sərəncam imzalaması sosial şəbəkələrin yaratdığı təhlükənin milli dövlətlər üçün sərhəd toxunulmazlığı qədər aktual məsələyə çevrildiyini göstərir.

Sosial şəbəkələrin yaratdığı təhlükə və “vətəndaşların sosial şəbəkələrə çıxışı” azadlığı;

Bu amillər arasında müqayisəli təhlil ABŞ Prezidentinin onlayn platformanın hüquqi tənzimlənməsi istiqamətində qəbul etdiyi qərarın haqlı olduğunu ortaya çıxarır.

Trampın mövqeyinə görə, sosial şəbəkələr, xüsusilə “Twitter” ABŞ dövlətinə qarşı siyasi qərəz nümayiş etdirir, digər ölkələrin, yaxud hansısa maraq qruplarının aləti olaraq çıxış edir, ABŞ-a qarşı informasiya təxribatlarının edilməsində platforma rolunu oynayır:

- sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir;

- onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər;

Və bunlar ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Buna görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırılmalıdır.

Tramp haqlıdırmı?

Bu sualın cavabına keçməzdən öncə sosial şəbəkələrin yaratdığı təhlükə və “vətəndaşların sosial şəbəkələrə çıxışı” azadlığı arasındakı paradoksa diqqət etmək lazımdır. Sosial şəbəkələrin hüquqi tənzimlənməsi qərarı ilk baxışdan ifadə azadlığının əleyhinə görünə, yaxud bu cür təqdimetmə cəhdləri ola bilər. Halbuki, sosial mediadakı mövcud reallıq birbaşa insan haqları, eləcə də ifadə azadlığına ziddir.

Azərbaycan da daxil olmaqla sosial şəbəkələrin müxtəlif ölkə seqmentlərində linç edilmə, sadə dillə desək, “daşqalaq etmə” halları müşahidə olunur. İstənilən istifadəçi istədiyi şəxs haqqında yalan, yaxud doğru olmasından asılı olmayaraq, istənilən informasiyanı paylaşır və adətən əksər istifadəçi bu məlumatın doğru olub-olmadığını yoxlamadan linç kampaniyasına qoşulurlar, halbuki, bunun özü şəxsiyyət toxunulmazlığının pozulmasıdır. Yaxud istənilən istifadəçi ictimai təhlükəsizliyə təhdid yarada biləcək istədiyi informasiyanı paylaşır və tez bir zamanda ictimai rəyə təsir edə bilir. Bu hal şəxsi məlumatların paylaşılmasından tutmuş, ictimai nüfuza zərər verməyə qədər müxtəlif məsələlərdə eynilik təşkil edir. Məhz hüquqi tənzimləmə olmadığı üçün hüquqları pozulmuş şəxs məhkəməyə müraciət edə bilmir, yaxud, ictimai təhlükəsizliyə təhdid yaradan dezinformasiyaların qarşısını qanunla almaq mümkün olmur.

Bu mənzərə onlayn təxribatçılar üçün geniş imkanlar yaradır və onlar heç bir hüquqi tənzimlənmənin olmamasının yaratdığı cəzasızlıq mühitindən gen-bol istifadə edirlər. Reallıq sosial şəbəkələrdə heç bir sərhədin olmamasının birbaşa insan azadlığına qarşı olduğunu göstərir.

Və bu reallıq “Tramp haqlıdırmı” sualını “Tramp niyə haqlıdır” formasında önə çıxarır.

ABŞ Prezidenti ölkəsinin üzləşdiyi vəziyyət, xüsusilə milli təhlükəsizliyə yaranan təhdidlər, eləcə də mövcud qanunvericiliyin tələbləri qarşısında belə bir sərəncam imzaladı. Lakin bu təhdidlər təkcə ABŞ üçün yox, digər milli dövlətlər üçün də aktualdır. Çünki:

1. Hüquqi yolla tənzimlənməyən sosial şəbəkələr hər cür “çirkli informasiya”nın dolaşdığı məkana çevrilib. Adətən yoxlanılmamış, yaxud ümumiyyətlə uydurulmuş informasiyalar bu platformada tirajlanır və istifadəçilər üzərində “kütləvi inam” effekti yaradılır. Bu, birbaşa ictimai təhlükəsizliyi, əksər vaxt da vətəndaşların şəxsi təhlükəsizliyini təhdid altına salır. Misal üçün, koronavirus pandemiyası dövründə hər birimiz belə hallarla birbaşa rastlaşdıq: dövlət virusun yayılmasının qarşısını alması üçün lazımi adımları atdığı vaxtda, sosial şəbəkələrdə yayılan müxtəlif şayiələr ictimai rəydə çaşqınlığa səbəb oldu və bir çox vətəndaş bu şayiələrin arxasınca getdiyi üçün şəxsi həyatını təhlükə altına saldı. Eyni vəziyyət müxtəlif ölkələrdə eyni formada baş verdi.

2. Sosial şəbəkələrin malik olduğu “kütləvi inam” gücündən adətən maraq qrupları öz məqsədləri naminə istifadə edir. Dövlət, yaxud vətəndaşların əleyhinə olan manipulyativ məlumatlar asanlıqla yayılır və ictimai rəy “lazımi istiqamətə” yönləndirilir. “Twitter”, “Facebook”, “YouTube” kimi sosial şəbəkələrin öz maraqlarına, yaxud birgə hərəkət etdikləri maraq qruplarının istəklərinə uyğun informasiya axınını təşkil etməsi, bu axına qarşı əks arqumentin yayılmasının qarşısını alması bunun real nümunəsidir. Misal üçün, dövlət əleyhinə hansısa bir informasiyanın onlayn platformada yayılma arealı ilə bu informasiyanın təkzibi, yaxud izahının yayılma arealı və ya ictimai təhlükəsizliyə təhdid olan çağırışların, manipulyativ məlumatların yayılması ilə real informasiyanın yayılması arasındakı fərqə baxa, müqayisələr apara bilərsiniz.

3. “Ərəb baharı” ilə siyasi kataklizimlərin yaradılmasında effektli vasitəyə çevrilən sosial şəbəkələr hansısa maraq qruplarının milli dövlətlərə qarşı adımlarında aparıcı faktor rolunu oynamaqdadır.

ABŞ sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq istəyən ilk ölkə deyil. Buna qədər bir çox ölkələr bu istiqamətdə addımlar atıb, Avropada da belə addımlar atılmaqdadır. Almaniya sosial şəbəkələrin fəaliyyətini qanunla tənzimləyir.

Göründüyü kimi, sosial şəbəkələr terrorun təbliğindən tutmuş, ictimai təhlükəsizliyə və insan azadlığına qədər müxtəlif istiqamətlərdə “yan təsirlərini” göstərir. Dünya təcrübəsində ABŞ da daxil olmaqla müxtəlif ölkələrin buna qarşı mübarizəyə başlaması, beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələrin aparılması təhlükənin ciddiliyi haqda həyəcan siqnallarının verildiyini deməyə əsas verir.

Bu mənzərə fonunda Azərbaycan nə etməlidir?

Azərbaycan sosial şəbəkələrin “yan təsirləri”ndən əziyyət çəkən əsas ölkələrdən hesab oluna bilər. Bu platformada ölkəmizə qarşı müxtəlif kampaniyalar mütəmadi şəkildə baş verir:

a) Rəsmi Bakının müstəqil siyasətini qəbul edə bilməyən anti-Azərbaycan qüvvələr;
b) Erməni diasporu/lobbisi, eləcə də bu şəbəkənin təsiri altında olan dairələr;
c) Qeyri-əxlaqi, milli-mənəvi dəyərlərimizə qarşı onlayn terror edənlər;


Azərbaycan zaman-zaman bu dairələrin qarayaxma kampaniyası ilə üzləşir. Buna baxmayaraq, heç vaxt sosial şəbəkələrin hüquqi tənzimlənməsi məsələsini gündəmə gətirməyib. İndi təhlükənin beynəlxalq səviyyədə olduğu və ölkəmizin onlayn terrorla üz-üzə qaldığı nəzərə alınsa, bu istiqamətdə hüquqi addım atmağın zamanının çatdığını deyə bilərik. Təbii ki, söhbət internetə çıxış azadlığının məhdudlaşdırılmasından getmir. Məsələ sosial şəbəkələrin ictimai və dövlət təhlükəsizliyinə qarşı zərərinin qarşısının alınmasıdır. Beynəlxalq təhlükəsizliyin təhdid altında olduğu dövrdə Azərbaycan da bu prosesə öz töhfəsini verə bilər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm