Sahibkara dəstək, vətəndaşa xidmət... – Karantin rejimi niyə lazımdır və dövlət nələr edir?
Bizi izləyin

Nida Təhlil

Sahibkara dəstək, vətəndaşa xidmət... – Karantin rejimi niyə lazımdır və dövlət nələr edir?

Azərbaycanda iyunun 21-dən iyulun 5-nə qədər tətbiq olunan ciddi karantin rejiminin daha iki həftə uzadılması ilə bağlı rəy var. Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirdiyi mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev bu barədə açıqlama verdi.

Prezidentin köməkçisinin açıqlamasında “Azərbaycan dövləti Qarabağ müharibəsi ilə yanaşı koronavirus müharibəsi şəraitində yaşayır” sözləri diqqət çəkir. Həqiqətən də koronavirus bütün dünyanı müharibə şəraitinə keçməyə məcbur etdi və bu müharibədə düşmənin gözəgörünmüz olması təhlükənin miqyasını daha da artırır.

Lakin karantin rejiminin uzadılacağı haqda açıqlamadan sonra müəyyən iddialar irəli sürüldü: sadə xalq əziyyət çəkir, insanların sosial vəziyyəti daha da pisləşəcək, kiçik sahibkarlar çətin vəziyyətə düşür.

Bu iddiaları irəli sürənlər arasında mövcud vəziyyətdən narahat olan sadə vətəndaşlar da var, mövcud situasiyanı siyasi maraqları naminə istifadə etmək istəyənlər də. Hərçənd, reallıq nədir və vətəndaşın sağlamlığı üçün başqa çıxış yolu varmı?

Birincisi, ciddi karantin rejiminin tətbiq edilməsi və müddətinin uzadılmasına yaranmış zərurətin səbəbi nədir?

May ayında başlanan yumşalma iyun ayında yoluxma hallarının daha geniş dalğasını gətirdi. Bütün dünyada başlanan bu proses yoluxmanın təbii artımına səbəb oldu, lakin Azərbaycanda özünün və ətrafdakıların sağlamlığına laqeyd yanaşan vətəndaşlar tibbi maskadan istifadə etməmək və sosial məsafə saxlamamaqla yoluxmanın daha da artmasını sürətləndirdi. Belə vəziyyətdə dövlət öz sağlamlığını düşünməyən vətəndaşın da sağlamlığını düşünmək, qorumaq məcburiyyətindədir, çünki fərdi məsuliyyət olmadıqda ümumi məsuliyyət güclənir.

Dövlət hər bir vətəndaşın həyatı üçün məsuliyyət daşıyır və ciddi karantin rejiminin tətbiq edilməsi də məhz vətəndaşların sağlamlığının müdafiəsi məqsədi daşıyır. 21 iyundan 5 iyula qədər tətbiq olunan ciddi karantin rejiminin nəticələri sürətli yoluxmanın qarşısını almağın ən effektiv yolunun bu olduğunu göstərir.

İyun ayından başlayaraq, bütün dünyada olduğu kimi Azərbaycanda da yoluxma hallarının növbəti dalğası yaşandı və gündəlik yoluxma 500-ü keçəndə iki həftəlik ciddi karantin rejimi tətbiq olundu. Nəticədə sürətli artımın qarşısı alındı və yoluxma stabilləşdi. Koronavirusun inkubasiya dövrünün 14 gün olduğunu nəzərə alsaq, təcrübəyə əsasən qarşıdakı günlərdə yoluxma hallarının sayının aşağı düşəcəyini deyə bilərik. Ciddi karantinin növbəti iki həftə davam etməsi isə koronavirusla mübarizədə daha müsbət nəticələrin əldə ediləcəyi gözləntisini artırır.

Dövlət üçün vətəndaşın sağlamlığı və təhlükəsizliyi prioritet əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bunu vurğulayıb və tətbiq olunan məhdudiyyətlərin məqsədi də məhz budur. Heç bir dövlət iqtisadi itkilər hesabına başa gələn məhdudiyyətlərin tətbiqini istəməz. İqtisadi itkilərə rəğmən bu addımlar atılırsa, sadə məntiq vətəndaşın sağlamlığının ön planda olduğunu göstərir.

Azərbaycan məhdudiyyətləri tətbiq etməyə məcbur olan tək ölkə deyil. May ayında yumşalma prosesinə start verən Almaniya, İngiltərə, Çexiya, Türkiyə, İran, Avstraliya və digər ölkələr də yenidən karantin rejiminin sərtləşdirilməsi istiqamətində addımlar atır.

İkincisi, bütün dünyada karantin rejiminin tətbiqi təbii olaraq sosial vəziyyətə təsir edir, lakin Azərbaycanda mənzərə fərqlidir.

Azərbaycan nadir ölkələrdəndir ki, pandemiyaya qarşı mübarizənin ilk günlərində vətəndaşın sosial təminatını ən vacib istiqamət olaraq seçdi.

Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planı təsdiqləndi. Bu planda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir hazırlandı. Aprelin 17-də isə dövlət başçısı tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı.

Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması istiqamətində addımlar atıldı. Dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min (ümumilikdə 1 milyon 629 min) işçinin iş yerini və əmək haqqını itirməməsinin qarşısını almaq məqsədilə elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirildi. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirildi.

Karantin rejiminə görə işini itirən, qeyri-formal işləyən, eləcə də işsizlərə iki ay müddətində minimum yaşayış səviyyəsində birdəfəlik ödəmə (aylıq 190 manat) edildi. Bu, 600 min vətəndaşı əhatə edir. Buna paralel olaraq, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 mindən çox ödənişli ictimai iş yerlərinin yaradılmasına start verildi.

Xüsusi həssas təbəqələrə - pensiya, təqaüd, ünvanlı sosial yardım alan vətəndaşlara və fiziki qüsuru olanlara dəstək verildi. Hətta sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsini dövlət üzərinə götürdü. Bununla yanaşı, kommunal xərclərlə bağlı da güzəştlər edildi.

Bunlar pandemiya ilə mübarizənin ilk mərhələsindən başlayaraq, dövlətin göstərdiyi dəstəkdir və tətbiq olunan ciddi karantin rejimi dövründə də imkansız, işini itirmiş vətəndaşlara göstərilən dəstək davam edir.

Üçüncüsü, sahibkarlar əziyyət çəkirlərmi?

Bu sualın cavabı minlərlə sahibkarın göstərilən dəstəyə görə Prezidentə ünvanladıqları təşəkkür məktublarında verilir.

Pandemiya ilə mübarizənin ilk dövründən etibarən 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilib. 300 min mikro və fərdi sahibkara dəstək verilib. Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanətinin verilməsi haqda qərar qəbul edildi, beləliklə, zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırıldı. Dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud bank kreditləri üzrə isə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırıldı. Dövlət heç bir müəssisənin iflasa uğramasına, eləcə də işçini işdən çıxarmasına imkan vermədi. Bütün yükü öz üzərinə götürdü.

Bütün bunlar pandemiyanın iqtisadiyyata vurduğu zərər və dövlətin iqtisadi itkilərlə üzləşməsi fonunda həyata keçirilir, çünki vətəndaşın sağlamlığı və sosial rifahı hər şeydən üstündür.

İndi vətəndaşın sağlamlığı üçün tətbiq olunan ciddi karantin rejimində, eləcə də növbəti həftələrdə məhdudiyyətlərin uzadılacağı təqdirdə insanların sosial cəhətdə əziyyət çəkəcəyini, yaxud sahibkarların itkilərə məruz qalacağını iddia etmək ya dövlətin dəstəyindən xəbərsiz olmaqdır, ya da bu dəstəyi məqsədli şəkildə görməzdən gəlməkdir. Nə olursa olsun, kim nə deyirsə desin, Azərbaycanda dövlət vətəndaşın yanındadır və bu, yenə kimin nə deməsindən asılı olmayaraq, belə davam edəcək....

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm