24 saata Türkiyə-Yunanıstan müharibəsi başlayır: Qırıcılar və donanma hərəkətə keçdi
Bizi izləyin

Nida Təhlil

24 saata Türkiyə-Yunanıstan müharibəsi başlayır: Qırıcılar və donanma hərəkətə keçdi

Türkiyənin “Oruc Rəis” araşdırma gəmisini Şərqi Aralıq dənizinə göndərməsindən sonra gərginlik artıb.

Publika.az
xəbər verir ki, Yunanıstan Türkiyənin onun ərazi sularına müdaxilə etdiyi iddiası ilə həm hərbi, həm də diplomatik cəbhədə hərəkətə keçib.

Məlumatlara görə, Yunanıstanın hücum gəmiləri Meis adası önündə lövbər atıb. Türkiyə buna cavab olaraq, Antalyanın Kaş qəsəbəsi hissəsində hücum gəmilərini yerləşdirib. Bununla yanaşı, Türkiyənin üç hərbi helikopteri də bölgədə uçuş həyata keçirir.

Gərginlik Türkiyənin dünən yeni NAVTEX elan etməsindən sonra başlanıb.

NAVTEX ingilscə “Navigational text messages” ifadəsinin qısaldılmış formasıdır və bu, dənizçilərə bildirilən beynəlxalq elandır. NAVTEX elanı ilə dənizdəki bütün hərbi və mülki gəmilərə yer və atılacaq addımlar bildirilir.

Türkiyə yeni NAVTEX elanı ilə “Oruc Rəsi” axtarış gəmisinin bölgədə olduğunu elan etdi və beynəlxalq hüquqa görə bu elandan sonra istənilən təhlükəyə qarşı cavab vermək haqqına sahibdir.

“Oruc Rəis” gəmisi avqustun 23-nə qədər Şərqi Aralıqda axtarış işlərini həyata keçirəcək.

Türkiyənin bu addımından sonra Yunanıstan təşvişə düşdü. Bu ölkənin milli təhlükəsizlik şurasının rəhbəri Kiryakos Miçotakis fövqəladə toplantı keçirdi.

Yunanıstan mediası Türkiyənin döyüş gəmilərinin də bölgəyə yerləşdirildiyini yazır. Ölkənin ən çox oxunan qəzetlərindən “Ta Nea” yazır ki, yunan hücum gəmiləri hazır vəziyyətə gətirilib.

Qəzet yunan donanmasının “Oruc Rəis” gəmisinin bütün hərəkətlərini yaxından izlədiyini və Yunanıstan Milli Əməliyyat Mərkəzinin bütün məlumatları analiz etdiyini yazıb.

“Donanma Türkiyənin araşdırma gəmisinin bütün hərəkətlərini yaxından izləyir və hər 15 dəqiqədə bir gəminin bölgədən çıxması çağırışı edilir. Yunanıstanın Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri də qalxmağa hazır vəziyyətdədir”, - qəzet yazıb.

“Kathimerini” qəzeti isə qarşıdakı 24 saatın çox önəmli olduğunu yazıb.

“Ankara-Afina münasibətləri “Oruc Rəis” gəmisinin hərəkətə keçməsindən sonra daha da gərginləşdi, iki ölkənin hərbi donanması üz-üzədir. Mənbələrimiz qarşıdakı 24 saatın çox kritik olduğunu bildirirlər”, - qəzet qeyd edir.

Türkiyənin hərəkətə keçməsi qarşısında aciz qalan Yunanıstan Avropa Birliyindən təcili toplantı tələb edib. Afina iddia edir ki, Ankaranın addımları birlik ölkələrinin hər birini təhdid edir.

Türkiyə XİN isə “Oruc Rəis” gəmisinin axtarış apardığı ərazilərin xəritəsini paylaşıb və yunanların iddialarının yalan olduğunu ifşa edib.

Şərqi Aralıqda karbohidrogen ehtiyatların mənimsənilməsi uğrunda mübarizə gedir. Yunanıstan Misir və İsraillə birgə ittifaq qurub. Lakin Türkiyənin Liviyanın Milli Razılıq Hökuməti ilə imzaladığı müqavilə dənizdə güc balansını və mövcud xəritəni Ankaranın xeyrinə dəyişdirdi. “Oruc Rəis” axtarış gəmisinin hərəkətə keçməsi bu prosesin davamıdır və Türkiyənin əlinin güclənməsi fonunda yunanların təşvişi təəccüblü görünmür.

Türkiyə geri çəkilmək niyyətində olmadığını və atdığı addımların beynəlxalq hüquqdan kənara çıxmadığını bəyan edir.

Türkiyə mediası isə “Oruc Rəis” həmləsinin “100 illik müdafiədən hücuma keçid” olaraq şərh edirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm