Türkiyə həmsədr ölkələrdən biri olsun - Deputatdan TƏKLİF
Bizi izləyin

Nida Təhlil

Türkiyə həmsədr ölkələrdən biri olsun - Deputatdan TƏKLİF

Hazırkı mürəkkəb geostrateji vəziyyətdə istər beynəlxalq münasibətlər sistemində, istərsə də regionumuzdakı kritik şərtlər içərisində milli maraqların qorunması strateji əhəmiyyət kəsb edir və olduqca aktualdır. Son hadisələr bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev milli məsələlərdə və milli maraqların qorunmasında qətiyyət nümayiş etdirməklə ölkəmizin hərbi- siyasi maraqlarını qoruyur, milli maraqlarımızın təmin edilməsində prinsipiallıq nümayiş etdirir.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə baş tutan sonuncu telefon danışığında bir sıra mühüm məsələlərə toxunması və onların aydınlaşdırılmasını istəməsi milli maraqlarımızın qorunması baxımından olduqca vacibdir: “Məsələ ondadır ki, artıq uzun müddətdir Rusiya işğalçı Ermənistanı fasiləsiz olaraq silahlandırır. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi boyu daim davam edib. Hətta 1997-ci ildə general Lev Roxlin o zaman olduqca böyük miqdar hesab olunan 1 milyard dollarlıq silahın Rusiyadan işğalçı Ermənistana pulsuz olaraq verilməsini ifşa etmişdi. 2020-ci ilin 12-16 iyul tarixində Ermənistan ordusunun iki ölkə arasındakı sərhəd xəttində yaratdığı hərbi-siyasi təxribatdan sonra isə bəlli olur ki, Rusiya Ermənistanı silahlandırmaqda yenə də davam edir. Bu, əsla yolverilməzdir. Rusiyanın işğalçı ölkəni silahlandırması hər şeydən öncə beynəlxalq hüquqa ziddir. İkincisi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyaya uyğun deyil. Üçüncüsü, bu, ölkənin regiondakı tarixi-siyasi və mənəvi məsuliyyətinə uyğun deyil. Çünki Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir. Bundan başqa regiondakı status-kvonu legitimləşdirmək cəhdidir və nəhayət strateji müttəfiq kimi Azərbaycanın milli maraqlarını görməzdən gəlməklikdir ki, bunların heç birinin nə hüquqi, nə də siyasi bəraəti ola bilməz”.

Millət vəkili bildirib ki, əgər Minsk Qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlər əvəzlənməli və Minsk Qrupuna üzv olan ölkələrdən başqaları həmsədrlik missiyasını öz üzərinə götürməlidir: “Bu rola ən uyğun ölkə isə regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyə Cümhuriyyətidir. Hələ Minsk Qrupu formalaşarkən, əslində, Türkiyənin həmsədrlərdən biri olması olduqca ciddi şəkildə müzakirə olunmuşdu, lakin təəssüf ki, baş tutmamışdı. Ona görə də Rusiya Federasiyası hazırkı mürəkkəb tarixi mərhələdə onsuz da mürəkkəb hesab edilən Cənubi Qafqaz regionunda işğalçı Ermənistanı silahlandırmaqla vəziyyəti bir qədər də gərginləşdirməməli, tam əksinə, problemin həllinə məhz indi heç olmadığı qədər yardım etməyə çalışmalıdır. İşğalın davam etməsi təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Rusiyanın cənub sərhədlərində vəziyyəti gərginləşdirə biləcək potensiala sahibdir ki, bu da əsla nə Rusiyanın, nə də Azərbaycanın maraqları baxımından arzuedilən deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm