Bu, strateji və əhəmiyyətli qərardır - Hikmət Babaoğlu
Bizi izləyin

Nida Təhlil

Bu, strateji və əhəmiyyətli qərardır - Hikmət Babaoğlu

“Türkiyə-Azərbaycan Media Platformasının yaradılması oduqca strateji və əhəmiyyətli qərardır. Bu, hər iki dövlətin əslində, bir millətin maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb. Məsələ ondadır ki, postmodernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda qloballaşan dünyada da inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan biri kimi informasiya platforması çıxış edir: “Belə olan halda qlobal informasiya məkanında daha böyük və daha effektiv platformaya sahib ola bilmək, daha güclü olmaq deməkdir. İki qardaş ölkənin vahid media platforması həm də hər iki medianın tarixən ənənəvi olaraq güclü olduğu paltformalarda da onları güclü edəcək və inteqrasiyasını sürətləndirəcək. Məsələn, Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər. Türkiyə mediası isə ingilis və fransızdilli media platformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarının yerinə gətirilməsini təmin edə bilər. Bu isə artıq təkcə informasiya mübadiləsi hadisəsi deyil, medianın timsalında daha üstün yumşaq gücə sahib olmaq deməkdir. Yəni, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin haqlı olaraq dediyi kimi, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol olacaq”.

Deputat qeyd edib ki, Türkiyə Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə özünə yeni tərəfdaşlar cəlb edəcək: “Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Eyni zamanda, ortaq maraqları olan digər dövlətlər - Gürcüstan, Ukrayna, Macarıstan və s. kimi ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər. Ancaq bunun üçün bir sıra məsələlərə kiçik korrektələr də edilməlidir. Çünki ortaq media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri ortaq türk dilinin sürətlə formalaşmasına mane olan baryerlərin aradan qaldırılmasıdır. Məsələn, türk film və seriallarının Azərbaycan televiziyaları və kinoteatrlarında tərcümə edilərək verilməsi doğru deyil. Eləcə də Türkiyədə Azərbaycan filmlərinin yayımlanmasına nail olmaq lazımdır və bu, tərcüməsiz, lazım gələrsə altyazı uyğunlaşdırılması ilə verilsin.

Beləliklə, ortaq media platformasının ortaq dili də formalaşsın ki, ortaq məqsədlərimizin daha sürətlə və daha effektiv şəkildə reallaşmasını təmin etsin. Əgər buna nail ola bilsək, qısa müddətdə dil, ictimai diplomatiya, ədəbi-bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnologiyalar, elmi texniki tərəqqi və s. kimi sahələrdə elə perspektivlər yaranacaq ki, bunlar bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül hadisəsini yaradacaq. Ona görə də Türkiyə-Azərbaycan Media Platformasının yaradılmasını yalnız alqışlamaq olar”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm