Bu, ermənilərin son nəfəsləri, son çırpıntılarıdır - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu, ermənilərin son nəfəsləri, son çırpıntılarıdır - Deputat

“Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti tarixi çıxışdır. Dövlət başçısı diplomatları, dünya liderlərini, Azərbaycan xalqını və bütün insanları maraqlandıran suallara cavab verdi və bu çıxışda bir daha əmin olduq ki, ötən müddət ərzində Prezident İlham Əliyev bir lider olaraq sanki şahmat oynayıb və bu gün bütün daşları yerinə otuzdurub”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, ölkə başçısı açıq-aşkar bütün dünyaya bəyan etdi ki, baş verən bütün toqquşmaların səbəbkarı və günahkarı yalnız Ermənistan və onun hərbi-siyasi rəhbərliyidir.

N.Həmzəyev qeyd edib ki, beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirib. Ancaq Ermənistan həmişə danışıqların formatını dəyişdirib: “Dünənki çıxışında dövlət başçısı da qeyd etdi ki, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurub. Bundan sonra o, Azərbaycanı yeni müharibə ilə hədələməyə başladı və təxribatlar həyata keçirdilər. İyul ayında heç bir səbəb olmadan Tovuz şəhərini və digər yaşayış məntəqələrini atəşə tutdular. Bundan sonra, avqust ayında diversiya qrupu göndərildi. Bütün bunlar təxribat idi. Prezident İlham Əliyev xalqa müraciətində Şuşada qondarma rejimin başçısının özünə “andiçmə mərasimi” keçirməsini, Ermənistan baş nazirinin Şuşada, Cıdır düzündə rəqs etməsini, qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin Şuşaya köçürülməsi ilə bağlı planlar qurulmasını, Cəbrayıla Ermənistandan yeni yolun çəkilişinin həyata keçirilməsinin danışıqların üstündən xətt çəkdiyini diqqətə çatdırdı.

Bu baxımdan Prezidentin bu çıxışını dinlədikdən sonra azərbaycanlı olmağımızla qürur duyduq, fəxr elədik və çox sevindik ki, bizim bu cür Ali Baş Komandanımız var. Düşünürəm ki, bu çıxışdan sonra ermənilər nəticə çıxarmalı və əgər az da olsa öz dövlətlərinin gələcəyini düşünürlərsə, ən qısa zamanda Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidirlər. Əks təqdirdə onların itkisi çox böyük olacaq. Təəssüflər olsun ki, bu çıxış ərəfəsində, eyni zamanda ondan əvvəl də ermənilər dinc əhalini hədəf alıblar, mülki şəxslərə zərbələr endirirlər. Buradan görsənir ki, bu, onların son nəfəsləri, son çırpıntılarıdır. İstənilən halda ermənilər öz istəklərinə çata bilməyəcəklər və məğlubiyyətləri qaçılmazdır. Bütün xalq Ali Baş Komandanın ətrafında sıx birləşib”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm