Erməni xalqı ayağa qalxıb deyəcək ki, hazırkı rejim getsin və... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Erməni xalqı ayağa qalxıb deyəcək ki, hazırkı rejim getsin və... - ŞƏRH

"Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. 90-cı illərin əvvəllərində ermənilər yaranmış vəziyyətdən istifadə edərək bu əraziləri işğal etdi. O dövrdə Azərbaycan torpaqları işğal olunanda BMT bir neçə qətnamə qəbul etdi. Amma o qətnamələrin icra olunması ilə bağlı heç bir tədbir görülmədi. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü 4 qətnaməyə səs vermişdi, ən azından öz səslərinə hörmət əlaməti olaraq o qətnamələrin müəyyən qisminin yerinə yetirilməsi yolunda bir addım atmalı idilər".

Bu fikirləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.

O bildirib ki, artıq dövr dəyişib və Azərbaycan Ordusu güclənib. Dövlətimiz həm siyasi, həm də iqtisadi baxımdan kifayət qədər güclüdür: "Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər nüfuzu var. Ölkəmiz beynəlxalq təşkilatlarda da böyük mövqeyə sahibdir. Ordumuzun hazırlıq səviyyəsi çox yüksəkdir. Heç şübhəsiz ki, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasının yeganə yolu hərbi əməliyyatların davam etdirilməsidir. Tarixi ərazilərimizi qaytarıb ədaləti bərpa etmək üçün başqa çıxış yolumuz yoxdur. Azərbaycanın haqq səsini bütün dünya qəbul edir, beynəlxalq hüquq prinsipləri bizim xeyrimizədir. Ermənistanın arxasında dayanan qüvvələr də tərəfləri münaqişənin sülh yolu ilə həllinə çağırır. Lakin bu, diplomatik etiket normaları naminə səslənən fikirlərdir".

K.Məmmədov qeyd edib ki, bu gün Ermənistanı tam şəkildə dəstəkləyən ölkə yoxdur: "Paşinyan dəfələrlə Rusiya prezidentinə zəng vurub, artıq onları da bezdirib. Dövlət başçısı da dedi ki, onun döymədiyi qapı qalmayıb. Ermənistanın böyük itkilər verməsinə baxmayaraq, Paşinyan kimi sərsəm siyasətçinin şərtlərimizi hələ də qəbul etməməsi onun ölkəsini fəlakətə apardığını göstərir. Ermənistanın ictimai-siyasi durumu onsuz da yaxşı deyil, bundan sonra vəziyyəti daha da ağırlaşacaq. Getdikcə vəziyyət kəskinləşəcək, erməni xalqı özü ayağa qalxacaq ki, rejimi getməlidir, normal və reallıqları dərk edən iqtidar gəlməlidir. Erməni vətəndaşlarının bir hissəsi etiraf edirlər ki, Azərbaycanın işğal olunmuş əraziləri bizə lazım deyil, Azərbaycan Ordusunun qarşısında dayana bilmirik. Əminəm ki, Prezidentin xoş xəbərini yaxın günlərdə eşidəcəyik. Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm