Ermənistanın qadağan olunmuş raketləri: Beynəlxalq təşkilatlar faktı təsdiqləyir
Bizi izləyin

Nida Təhlil

Ermənistanın qadağan olunmuş raketləri: Beynəlxalq təşkilatlar faktı təsdiqləyir

“Bu gün Bərdəyə, raket zərbələrinin endirildiyi yerə getdik. Bir adamın ayağı kəsiləndən sonra əməliyyat olundu, başqa birini həkimlər xilas edə bilmədi, hər yerdə qan vardı, dəhlizlərdə, palatalarda...”.

Ermənistanın Bərdəyə raket hücumunu işıqlandıran CNN-nin müxbiri Fulya Öztürk gördüklərini belə təsvir edib.

Cəbhədə məğlub olan Ermənistan mülki əhaliyə hücum etməyə davam edir. Oktyabrın 27-də Bərdəyə atılan birinci raket nəticəsində biri azyaşlı olmaqla 4 nəfər həlak oldu, 13 nəfər yaralandı. Bir gün sonra, oktyabrın 28-də işğalçı ölkə Bərdənin mərkəzində insanların çox olduğu bazara raket hücumu etdi: 21 dinc insan həlak oldu, 70-ə yaxın yaralı var.

Həyətinə raket düşən, qan bürüdüyü həyətə gəldik, ailə həlak olmuş doğmalarının yasını tuturdu. Raketlərin hədəfi mülki insanların idi”,- Fulya Öztürk yazır.

Döyüşlər Bərdədən yüzlərlə kilometr uzaqda, Azərbaycanın işğal olunmuş ərazilərində gedir. Döyüşən əsgərdir, mülki insanlar gündəlik həyatını yaşayır, gündüz işə gedirlər, gecələr evlərindədirlər.

Cəbhədə Azərbaycan Ordusunun qarşısından qaçan Ermənistan döyüşün getdiyi bölgədən yüz kilometrlərlə uzaqda olan yaşayış məntəqələrini, şəhərləri hədəfə alıb və hücumlarda zaman seçimi də hədəfin məhz dinc insanlar olduğunu təsdiqləyir: Bərdəyə birinci hücum axşam saatlarında, insanların evdə olduğu zaman edilmişdi, ikinci hücum günorta saatlarında, insanların evdə olmadığı və ən çox toplaşdığı bazara edildi.

Gəncəyə edilən hücumlarda da məhz bu detal – zaman məsələsi xüsusi seçilmişdi: gecə insanların yuxuda olduğu zaman.

Yatmış dinc sakinlərə hücum edən Ermənistanın bu vandalizmi artıq beynəlxalq ictimaiyyət tərəfindən qınanılır və illər sonra dünya işğalçı ölkənin germək simasını görür.

“Amnesty İnternational” və “Human Rights Watch” təşkilatı Ermənistanın Bərdəyə raket hücumunda kaset bombalarından istifadə etdiyini təsdiqləyib.

“Amnesty İnternational”: “Oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir ya bir neçə “Smerç” raket atılıb. Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildirib”.

“Human Rights Watch”: “Ermənistan qüvvələri 28 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə hücumda istifadə olunan beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü atıb və ya atılması üçün təmin edib. Hücumda ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir. “Human Rights Watch" kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib”.

Ermənistanın bu cinayəti beynəlxalq medianın da diqqətindədir.

“VICE News” nəşri yazır ki, “Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərinin yaşayış məntəqələrini qadağan edilmiş kasset döyüş sursatları ilə atəşə tutub.

Nəşrin jurnalistləri oktyabrın 28-də baş vermis hücumdan bir neçə saat sonra araşdırma aparıblar və “Smerç” raketindən atılmış döyüş sursatlarının qalıqlarını aşkarlayıblar. “Amnesty International”ın hərbi eksperti Brayan Kastner və Avropa Birliyinin keçmiş hərbi müşaviri Mark Qarlasko da nəşrə təsdiq ediblər ki, döyüş sursatları “Smerç”dən buraxılıb.

Ermənistan mülki əhalini hədəfə almaqla təkcə müharibə cinayəti törətmir, həm də qadağan olunmuş silahlardan istifadə edir.

1949-cu ilin avqustun 12-də qəbul edilmiş “Müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında” Cenevrə konvensiyasında tələb olunur: “Mülki əhalinin, hətta hərbi əməliyyatlarda iştirak etməyən silahsız hərbçilərin hədəfə alınmaı qadağandır”.

2008-ci ildə qəbul olunmuş “Kaset tipli silah-sursatlar haqqında” Konvensiya da ölkələrin müharibədə kaset tipli silahlardan istifadəsini qadağan edir.

Konvensiyada o da nəzərdə tutulur ki, sənədin qüvvəyə mindiyi gündən etibarən 8 il müddətində bütün dövlətlər silahlı qüvvələrinin arsenalında olan kaset tipli silah-sursatları məhv etməlidir.

Bu o deməkdir ki, 2016-cı ilə qədər bütün ölkələr kaset tipli silahlardan imtina etməli idi. Həmin vaxtdan 4 il keçir və beynəlxalq təşkilatların da təsdiqlədiyi kimi, Ermənistan kaset tipli raketlərlə Azərbaycanın mülki əhalisinə hücum edir. Son bir ayda 90 dinc vətəndaş həlak olub, 392 nəfər yaralanıb.

Ermənistan Cenevrı konvensiyasını və “Kaset tipli silah-sursatlar haqqında” konvensiyanı pozur. Bununla yanaşı, kaset tipli silahların məhv edilməməsi ilə dünyanı aldadır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm