Nida Təhlil
Ermənistanın Qarabağda törətdiyi beynəlxalq cinayət - FAKTLAR
Ermənistanın Azərbaycanın işğal etdiyi torpaqlarında uzun müddət qanunsuz məskunlaşma siyasəti apardığına dair kifayət qədər fakt var.
İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı növbəti faktlar ortaya çıxdı. Əldə olunan sənədli materialların arasında Suriya vətəndaşlarına aid siyahı və pasport sürətləri tapılıb. Məlum olub ki, siyahıda siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.
- 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693);
- 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (pasport: 004-11-L128622);
- 01.01.1962-ci ildə Suriyada anadan olmuş Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227);
Bu suriyalı ermənilərindən bəzilərinin adına verilmiş posportların kserosurətləri də aşkarlanıb.
Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmanı uzun müddətdir həyata keçirib. Xüsusilə Suriya münaqişəsi başlayandan sonra Yaxın Şərqdəki erməni əsilli vətəndaşların köçürülməsi prosesi genişləndirildi.
Britaniyanın “Open Democracy” saytı 2015-ci ildə yazırdı ki, müharibədən qaçan Suriya erməniləri iki səbəb görə Ermənistana getmək istəməyiblər: yolun uzaqlığı və bu ölkədə sosial vəziyyətin aşağı səviyyədə olması.
Sayt qeyd edirdi ki, Ermənistan hökuməti Suriya ermənilərinin köçürülməsi məqsədilə müxtəlif layihələr hazırladı. Lakin Ermənistan gələn Suriya erməniləri yaxşı şəraitin yaradılacağı ilə bağlı vədlərin əksi ilə qarşılaşdı və hakimiyyət onların işğal altındakı Qarabağa köçürülməsi işinə start verdi.
Saytın araşdırmalarına görə, Ermənistan hökuməti Suriya erməniləri üçün “Yeni Hələb” layihəsi hazırlamışdı və Suriyadan gələn ermənilərin yaşaması üçün İrəvanın yaxınlığında yaşayış massivi tikiləcəkdi. Bununla həm qaçqınların mənzil problemi həll edilməliydi, həm də gəlmələrin öz abu-havasının saxlaması üçün kompakt yaşayış şərtləri tanınmalıydı. Sonradan aydın oldu ki, hökumətin bu planı həyata keçirməyə vəsaiti yoxdur. Beləliklə, plan faktiki olaraq biznes layihəsinə çevrildi. Məlum oldu ki, bu massivdəki mənzillər yalnız pulu olan qaçqınlara satılacaq. Hansı ki, bu qiymətə İrəvanda mənzil almaq mümkündür.
Vədini yerinə yetirməyən Ermənistan hökuməti Suriya ermənilərinin qarşısında şərt qoyurdu: Yaşamaq hüququ qarşılığında Dağlıq Qarabağa köçmək. “Hələb” xeyriyyə təşkilatının nümayəndəsi Sarkis Balaxyan deyirdi ki, hökumətyönlü KİV-lər Suriya qaçqınlarının Qarabağa köçməsi üçün “vətənpərvərlik” məqalələri yazır və bir növ onlara təzyiq edirlər.
“Hökumətin Suriya ermənilərini Qarabağa köçürmək üçün hazırladığı “böyük plan” sürgündən heç nə ilə fərqlənmir”, - o bildirirdi.
Həmin vaxt yüzlərlə Suriya ermənisi ölkədən çıxarılmamaq naminə işğal altındakı ərazilərə köçməyə razılaşdı.
Avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra Ermənistan Suriya ssenarisini yenidən təkrarlamağa başladı. Əslində partlayışdan öncə də Livandakı sosial-iqtisadi kataklizmlər bu ölkədəki erməniləri Ermənistana köçməyə təşviq edirdi. Lakin partlayış bu prosesi daha da sürətləndirdi.
Livanda nəşr olunan “Azdak” erməni qəzetinin baş redaktoru Şahan Kntarxaryan deyir ki, sosial-iqtisadi böhran fonunda Beyrutda baş verən partlayış erməniləri Ermənistana köçməyə vadar edir. Onun sözlərinə görə, Ermənistanda Livan ermənilərinə pulsuz tibbi yardım, yaşayış üçün mənzil, sosial müavinət və s. vədləri verilir, bu da Beyrutda evini itirmişlər üçün yeganə çıxış yolu kimi görünür.
Sentyabr ayından etibarən bu köçürmə sürətləndirildi. Hətta ilkin mərhələdə işğal altındakı Dağlıq Qarabağa Livandan 150 erməni ailəsinin köçürülməsi planlaşdırılırdı. Avqustun 26-də Ermənistanın Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat katibi Zare Sinanyanın açıqlamasında deyilirdi: “Livan ermənilərindən iki həkim ailəsi “Artsax”-a (Dağlıq Qarabağ) köçürüldü, onlar Şuşa şəhərində məskunlaşdırıldı”.
Sosial şəbəkələrin erməni seqmentində də Livan ermənilərinin Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətə malik Şuşaya köçürüldüyünə dair məlumatlar yayılırdı.
İşğal altındakı torpaqlarda yaradılan qondarma qurumun “rəsmiləri” də bildirirdilər ki, “Livandan gələn ailələrin yaşaması üçün bütün şərait yaradılıb”.
Azadlıq radiosunun erməni xidmətinin Şuşa şəhərinə köçürülən erməni ailəsindən hazırladığı videoreportajda işğal altındakı ərazilərə qanunsuz köçürmə prosesi açıq şəkildə sübut olunurdu. Livan ermənisi olan aşpaz Toni Hajar üç nəfərdən ibarət olan ailəsi ilə birlikdə məskunlaşdığı işğal altındakı Şuşada “kulinariya layihəsi”ni həyata keçirmək niyyətində olduğunu açıqlamışdı.
Ermənistan mediası və digər mənbələrdə yayımlanan məlumatlara görə, Livandan gələn erməni ailələrə “yaşamaq hüququ”, “sosial dəstək” qarşılığında Qarabağda yaşamaq şərti irəli sürülüb.
İşğalçı ölkənin Azərbaycan torpaqlarına qanunsuz köçürmə siyasətinin iki ana səbəbi var idi:
Birincisi, Dağlıq Qarabağda erməni əhalisinin sayını süni şəkildə artırmaqdır.
Bu məskunlaşdırma proseso Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər də daxil olmaqla bütün ərazilərdə aparılıb.
Azərkosmos ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ortaya çıxan işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı da qanunsuz köçürmənin sübutlarından biridir.
2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni 15 evdən ibarət idi: 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilib, avqust ayında bu rəqəm artıq 15-ə çatmışdı. Bununla yanaşı, süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq, son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirilib.
İkincisi, Suriyadan və Livandan Qarabağa köçürülən ermənilərin muzdlu əsgər kimi istifadə edilməsidir.
Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən döyüşənlər arasında məhz Qarabağa məskunlaşdırılmış Livan erməniləri də var.
Bütün dünya Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edirdi.
Misal üçün, Azərbaycan Beyrut partlayışından sonra Livana 1 milyon dollar yardım ayırdı. Ermənistan isə evsiz qalmış Livan ermənilərini işğal olunmuş ərazilərdə məskunlaşdırır, onları məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevirirdi.
Ermənistan bu addımı ilə beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.
İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həm də müharibə cinayətidir. Tarixdə bununla bağlı təcrübə və cəza mövcuddur. Misal üçün, 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdi.
BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə Keçmiş Yuqoslaviya üzrə qəbul etdiyi 752 nömrəli qətnamədə “Keçmiş Yuqoslaviyanın hər yerində, əhalinin etnik tərkibini dəyişdirmə cəhdlərini dayandırmağa” çağırmışdı.
Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsasən, “İşğalçı dövlət tərəfindən öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə birbaşa və ya dolayı yolla köçürməsi” müharibə cinayətini təşkil edir.
Hətta Ermənistan qanunvericiliyində də qanunsuz məskunlaşdırma cinayət olaraq tanınır. Bu ölkənin Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur.
Ermənistan qanunsuz məskunlaşma siyasəti ilə beynəlxalq hüququ pozur və beynəlxalq qanunvricilikdə təsbiq olunmuş müharibə cinayəti törədir.
Azərbaycan dəfələrlə vurğulayıb ki, işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tanımır. Bütün məsuliyyət işğalçı ölkənin üzərinə düşür.
Asif Nərimanlı
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi