Onların cavabını bir millət, iki dövlət verəcək - RƏY
Bizi izləyin

Nida Təhlil

Onların cavabını bir millət, iki dövlət verəcək - RƏY

“Bir xalq, bir dövlət olaraq iyunun 15-də tarixi qələbəmizdən sonra həm Milli Qurtuluş Gününün, həm də Şuşa şəhərində imzalanan tarixi bəyannamənin sevincini yaşayırıq. Azərbaycan və Türkiyə arasında tarix boyu kifayət qədər yaxınlaşmalar olub. Dost və qardaş kimi bir-birini müdafiə edən çox maraqlı tarixlərimiz var. Çanaqqala savaşını heç kim unuda bilmir. Biz Azərbaycan xalqı olaraq Rusiyanın təbəəsində idik. Amma Çar Rusiyası ilə Osmanlı arasında müharibə başlayanda biz Osmanlının yanında olduq. Biz din və dil qardaşımızın yanında idik. Həmin savaşlarda minlərlə şəhidlərimiz oldu. Bu gün də onlar haqqında kifayət qədər qəhrəmanlıq dastanları var”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov deyib. Millət vəkili bildirib ki, 1918-ci ildə Osmanlı dövləti ağır vəziyyətdə olmasına baxmayaraq, Qafqaz İslam Ordusunu Azərbaycana göndərdi. Bu ordu Azərbaycanın haqq işi uğrunda mübarizədə 1300-dən artıq şəhid verdi:

“Təbii ki, Azərbaycan öz müstəqilliyini yenidən bərpa edəndən sonra ölkəmiz üçün nə qədər təhlükələr var idi. Dövlətimizin müstəqilliyi təhlükə altına düşmüşdü. Naxçıvanın taleyi də bir o qədər bilinmirdi. Amma o zaman Türkiyə Cümhuriyyəti Azərbaycan üçün əlindən gələni etdi. Əslində, bu, qardaşlıq köməyi, qardaşlıq yardımı idi. Bu mənada Azərbaycanın dilbər guşəsi olan və şərəf tariximizi daşıyan Şuşada iki qardaş dövlət arasında imzalanmış bəyannamə bəlkə də dünyanın heç bir xalqına nəsib olmayan tarixi hadisədir. Bu müqavilə həm də bütün dünyaya xatırlatdı ki, Türkiyə Cümhuriyyəti həmişə Azərbaycanın yanında olub”.

Anar İsgəndərov vurğulayıb ki, Türkiyə bu gün də Azərbaycanın yanındadır, sabah da ölkəmizin yanında olacaq:

“Bu, təkcə dildən gələn ifadə deyil, əməldir. Bu əməli sübuta yetirmək üçün məlum bəyannamənin imzalanması əyani misaldır. Bu bəyannamənin imzalanması ilə Türkiyə-Azərbaycan münasibətləri özünün ən yüksək zirvəsinə qalxdı. Bu gün gün kimi aydındır ki, heç bir təcavüzkar dövlətin, eləcə də Ermənistanın əsgəri Azərbaycan dövlətinə güllə ata bilməz. Güllə atsa belə, onun cavabını bir millət, iki dövlət verəcək. Eyni zamanda, Azərbaycan elə bir orduya sahib olacaq ki, bu ordu bütün dünyaya nümunə göstəriləcək. Şuşanın azad olunması bu gün də dünya üçün möcüzəli bir mövzudur”.

Deputat əlavə edib ki, bundan sonra Azərbaycan əsgəri gücünə, bacarığına görə yüksək səviyyəyə qalxacaq:

“Biz xalq və dövlət olaraq torpaqlarımıza sahib olmaq üçün hər bir çətinliyə dözməyə hazırıq. 44 günlük müharibədə Azərbaycan dövlətinin əsgəri bu imtahandan alnıaçıq çıxdı. Vətənini azad etdi. Azərbaycanın üçrəngli bayrağını ölkənin hər yerində şərəflə dalğalandırdı. Bu mənada Azərbaycanın Ali Baş Komandanının, dövlət başçısının Türkiyə Cümhuriyyətinin rəhbəri ilə Şuşada imzaladığı bütün sənədlər - Şuşa Bəyannaməsi Azərbaycanın gələcək maraqlarını uğurla həyata keçirmək üçün bir qardaşın o biri qardaşa etmiş olduğu ən böyük yardımdır. Biz bir xalq olaraq bu cür qardaşlıq köməyini heç vaxt yaddan çıxarmamışıq və çıxarmayacağıq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm