ABŞ Qarabağda yeni müharibə istəyir? - Səfir Linn Treysinin reallıqdan uzaq iddiaları
Bizi izləyin

Nida Təhlil

ABŞ Qarabağda yeni müharibə istəyir? - Səfir Linn Treysinin reallıqdan uzaq iddiaları

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi regionda yeni reallığa uyğun olmayan fikirlər səsləndirir. Artıq neçənci dəfədir ki, xanım səfir “Dağlıq Qarabağ münaqişəsi”nin hələ həll olunmadığını və bu istiqamətdə səylər göstərilməsinin zəruriliyindən danışır.

Linn Treysi faktiki olaraq mövcud olmaya məsələdən danışır:

- Dağlıq Qarabağ münaqişəsi 44 günlük müharibə ilə başa çatdı, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, ABŞ-ın da üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirib;
- Prezident İlham Əliyevin Fərmanı ilə ötən əsrin əvvəlində süni şəkildə yaradılmış “Dağlıq Qarabağ” inzibati ərazisi ləğv edilib;


ABŞ səfiri isə artıq olmayan məsələ üzərində regionda sülh istiqamətində fəaliyyəti pozan açıqlamalar verir. Halbuki, Ermənistan-Azərbaycan münaqişəsi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatı imzalaması və kapitulyasiya aktını qəbul etməsi ilə bitib. Azərbaycan Qələbə qazanıb və bu gün Dağlıq Qarabağ adlanan ərazi subyekti, münaqişə və digər bu kimi məsələlər gündəmdə deyil.

Gündəmdə olan məsələlər bəllidir: sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitini formalaşdırmaqla onun inkişafına təkan vermək;

Regionun gələcəyi də bu gündəlikdən asılı olacaq və bu gündəlik Türkiyə və Rusiyanın, eləcə də Avropa İttifaqının gündəliyi ilə eynidir.

Xanım Linn Treysi isə reallıqdan uzaq mövqe səegiləyir. ABŞ səfirinin ardıcıl şəkildə əsassız bəyanatlar verməsi onu göstərir ki, rəsmi Vaşinqton Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında maraqlı deyil, münaqişənin yenidən alovlanmasını, Ermənistanda revanşizm meyllərinin daha da güclənməsi və qalib gəlməsinə çalışır. Təbii ki, bu, Ermənistanın yox, ABŞ-ın regiona dair öz maraqlarına xidmət edən məsələdir.

30 il münaqişənin sülh yolu ilə həlli üçün heç nə etməyən, passiv müşahidəçi funskiyasını yerinə yetirən ABŞ-ın münaqişə həll edildikdən sonra aktivləşməsi, yeni eskalasiyaya rəvac verəcək mövqe sərgiləməsi Vaşinqtonun sülh tərəfdarı olmadığını sübut edir. Əslində ABŞ münaqişənin mövcud olduğu 30 il ərzində nə güc mərkəzi, nə də ATƏT Minsk qrupunun həmsədrlərindən biri kimi onun ədalətli həlli istiqamətində bir dəfə də olsun əməli addım atmayıb. Vaşinqtonun bütün cəhdlər məsələnin konservasiyasına yönəlmişdi. Təsadüfi deyil ki, ATƏT MQ-nin Amerikadan olan nümayəndələri orta səviyyəli, heç bir səlkahiyyətə malik olmayan, hətta öz rəhbərləri tərəfindən belə qəbul edilməyən şəxslər olublar.

Keçmiş amerikalı həmsədr Riçard Hoqlandın etirafları bu kontekstdə yada düşür.

Hoqland bildirir: “Biz beşulduzlu hotellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü... Müvəqqəti həmsədr olmağı təklif edəndə əvvəlcə bir az tərəddüd etdim, Dövlət Departamentində belə bir vəzifə karyera yüksəlişi kimi qəbul edilmirdi. Açığı, bu vəzifəni tam hüquqlu səfir təyin olunmağı gözləyən diplomat, yaxud təqaüdə çıxana qədər işləməsi lazım olan biri tuturdu”.

30 il passiv mövqedən çıxış edən ABŞ-ın indi həll edilmiş məsələni yenidən gündəmə gətirməsi sual yaradır: Vaşinqton yeni müharibə istəyir?

Bu baş verərsə, ilk növbədə ABŞ-ın 30 il ərzində işğal siyasətinə göz yumduğu Ermənistan üçün nəticələr ağır olacaq. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə, Azərbaycan torpaqlarının talan olunmasına susub, göz yumub, Ermənistanın törətdiyi bütün biabırçılıqlar və özbaşınalıqlarını görməzliyə vuran ABŞ niyə indi aktivləşir?!

Cavab bəllidir: amerikalı səfirin bəyanatları da təsdiqləyir ki, Vaşinqton erməni lobbisinin maraqlarını Cənubi Qafqaz regionuna daşımağa cəhd edir.

Lakin ABŞ artıq limitini doldurub, çünki 30 illik passiv müşahidəçilikdən sonra indi belə mövqe nümayiş etdirməyə haqqı yoxdur. ABŞ Suriya, Liviya, Əfqanıstandakı iflasından, ən yaxın müttəfiqlərindən biri olan Fransaya xəyanətindən sonra bu tipli iddialar irəli sürmək haqqını da itirib.

Azərbaycan nə etməlidir?

ABŞ bu mövqeyini davam etdirəcəyi təqdirdə, Azərbaycan hər hansı səviyyədə ATƏT Minsk Qqrupu formatında keçirilən görüşlərdən imtina etməlidir. Çünki artıq münaqişə bitib və Azərbaycan torpaqlarını müharibə ilə azad edib, bunun uğrunda minlərlə şəhid verib. İndi heç bir ölkənin yenidən münaqişə haqqında danışmağa haqqı yoxdur, o cümlədən, ABŞ-ın.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm