İranın Gürcüstan, Rusiya və Ukraynada “Hizbullah” PLANI – DETALLAR
Bizi izləyin

Nida Təhlil

İranın Gürcüstan, Rusiya və Ukraynada “Hizbullah” PLANI – DETALLAR

“Allaha, Peyğəmbərə və möminlərə iman gətirənlər (bilsinlər ki) şübhəsiz onlar Allahın hizbidir (camaat). Qalib gələcək olanlar onlardır”.

Maidə sürəsi, 56-cı ayə.


1982-ci ildə Livanda İranın dini mərkəzlərinin təşkilatçılığı ilə yaradılan “Hizbullah” məhz bu ayəni radikal idealogiyasının əsas istinad nöqtəsi və şüarı olaraq seçdi. Özlərini “Allahın ordusu” adlandıran radikal silahlı qrup bu gün təkcə fəaliyyət göstərdikləri Livanda yox, regionun dini coğrafiyası üzərində İranın dini dairələrinin əlindəki əsas silah olaraq istifadə olunur.

İran “Hizbullah” modelindən Yaxın Şərqdə geniş şəkildə istifadə edir. Yəməndə silahlı husi dəstələri, Suriyada və İraqda Haşdi Şabi qruplaşması və digər dəstələr bu ideoloji model əsasında formalaşdırılıb. Yaxın Şərqin məzhəb kimliyi İrana bu planda geniş imkanlar yaradır, hərçənd, şiə məzhəbini siyasi ideologiyasının alətinə çevirən bu ölkənin hədəfində postsovet məkanı da var və son 10 ildə “Hiabullah” modelini xüsusilə 4 ölkədə - Azərbaycan, Gürcüstan, Rusiya və Ukraynada reallaşdırmaq uğrunda bütün yollara əl atır.

İranın bu ölkələrdə “Hizbullah” planının bir əsas ortaq nöqtəsi var: azərbaycanlılar;

Azərbaycan əhalisinin şiəlik inancını siyasi maraqları naminə istifadə etməyə çalışan İran digər ölkələrdə “Hizbullah” modelini - gizli şəbəkə halında fəaliyyət göstərən siyasi-dini ideologiya mərkəzlərinin, silahlı dəstə yaratmaq potensialına sahib qrupların təşkili və s. – formalaşdırmaq üçün də azərbaycanlılardan istifadə edir.

- Qumda, Məşhəddə və digər dini mərkəzlərində təhsil alan azərbaycanlılar Azərbaycana qayıdır, burada İranın siyasi-dini ideologiyasını təbiğ edir, şəbəkə formalaşdırır; “təsir agentləri”nin xitab etdiyi auditoriyada təmsil olunanlar post-sovet məkanına işləmək, yaşamaq üçün gedəndə də onlarla əlaqə kəsilmir, getdikləri ölkələrdə eyni idealogiya əsasında şəbəkənin qurulması prosesində iştirak edirlər;

- Dini mərkəzlərdə təhsil alan azərbaycanlıların bir qismi birbaşa postsovet məkanında azərbaycanlıların yaşadığı ölkələrə göndərilir, gizli şəbəkələrin yaradılması işini həyata keçirirlər;

- Postsovet məkanında azərbaycanlıların kompakt yaşadığı ölkələrdən də soydaşlarımız dini təhsil cəlb edilir, beyni “yuyulduqdan” sonra emissar olaraq yaşadıqları ölkəyə geri qayıdırlar; Gürcüstan nümunəsində bu daha qabarıq görünür;

Postsovet məkanında bu planların icrası “Hüseyniyyun” qruplaşması tərəfindən həyata keçirilir.

Azərbaycanda yeni “Hizbullah” planı ilkin mərhələdə baş tutmadı. 2015-ci il Nardaran hadisələrindən sonra ölkədə “şəriət rejimi” qurmaq istəyən “Müsəlman Birliyi" hərəkatı və Tale Bağırzadə kartının neytrallaşdırılması İran üçün ciddi mənada fiasko idi. Hətta planın icrasını həyata keçirən “Hüseyniyyun” qruplaşması bu fiaskodan sonra bir müddət “yerin altına” çəkildi. Qruplaşma daxilində parçalanmalar da yaşandı.

İranın planının ifşa olunması təsir imkanlarını azaltsa da, niyyətlərindən əl çəkməmişdilər.

Və B planı aktivləşdirildi: Gürcüstan, Rusiya və Ukraynadakı azərbaycanlılar üzərində iş gücləndirilir;

Bu planda iki ana hədəf var:

Birincisi, Azərbaycandakı planlarını bu ölkələrdəki azərbaycanlılar üzərindən həyata keçirməkdir.

Gəncə terroru bunu sübut etdi. “Hüseyniyyun” qruplaşmasının üzvü Yunus Səfərov Rusiya vətəndaşıdır və Moskvada İranın təsirində olan məscidlərdə siyasi-dini ideologiyanın təbliğatçılarından olub. Tale Bağırzadə fiaskosundan sonra “Hüseyniyyun” qruplaşması daha radikal həll yoluna əl atdılar: Yunus Səfərov “din uğrunda” Gəncə terrorunu törətməli və Azərbaycanın dini kəsimi “müqavimət hərəkatı” adı altında birləşməli idi. Səfərov məhkəmədə etiraz olaraq, niyə terrora əl atdığını danışarkən, dolayısı ilə bunu etiraf edir. Gəncə planı qismən baş tutdu, lakin gözlədikləri “müqavimət” olmadı. Gəncə terrorundan sonra İranın Gürcüstandakı “şeyxi” Mirtağı Əsədovun Azərbaycana gəlişi əslində “müqaviməti” hərəkətə gətirmək məqsədi daşıyırdı, lakin bacarmadı.

İkincisi, Azərbaycanla paralel olaraq, postsovet ölkələrində də - Rusiya, Gürcüstan, Ukrayna – “Hizbullah” modelinin yaradılmasının bazasının formalaşdırılmasıdır.

Yunus Səfərov faktoru Rusiya üçün “Əcəl zəngi”nin çalınması riskinin mövcudluğundan xəbər verir. Rusiya vətəndaşı olan Səfərov “Hüseyniyyun” qruplaşmasının Suriyadakı düşərgələrində hərbi təlim keçmiş, Haşdi-Şabi qruplaşmasının tərkibində İran maraqları uğrunda döyüşmüşdü. Silahlı birinin yenidən Moskvaya qayıda bilməsi, orada Azərbaycana gələrək, terror aktı törətməsi Rusiyada onu himayə edən gizli şəbəkənin olmasından xəbər verir. Bu şəbəkə Moskvada İranın təsirində olan məscidlərdə yuva qurub. “ahlibeyt.ru” saytı əsas təbliğat platformalarından biridir.

Analoji şəbəkənin Ukraynada son dövrlər tədricən formalaşdırıldığına, şiə məzhəbinə məxsus kəsimin ibadət etdiyi məscidlərdə İranın siyasi-dini ideologiyasının təbliğ edildiyinə dair məlumatlar var.

Gürcüstan isə İranın “Hizbullah” planı üçün potensialı məkanlardan biri halına gəlib. Mirtağı Əsədov Gürcüstanın Tale Bağırzadəsi, Cənubi Qafqazın Nəsrullahı ola bilər.

İran Gürcüstanda “dini kanton” yaratmaq planı üzərində 2011-ci ildən etibarən aktiv şəkildə işləyir.

Gürcüstanda 2003-cü ildən sonra dini icmaların dövlət nəzarətinə götürülməsi prosesi 2011-ci ildə Qafqaz Müsəlmanlar İdarəsinin təsir imkanlarının sıradan çıxması ilə nəticələndi. QMİ-nin Gürcüstanda dini təsiri əlindən alınandan sonra Gürcüstan dövləti müsəlmanları bir təşkilat altında birləşdirmək məqsədilə Gürcüstan Müsəlmanları İdarəsini (GMİ) yaratdı. Bu quruma sünni məzhəbinə məxsus inanclıların çoxluq təşkil etdiyi Acarıstanda uzun illər imam olmuş Camal Paksadzenin gətirilməsi də Tiflisin məzhəbindən asılı olmayaraq ölkədəki bütün müsəlmanları bir çatı altında birləşdirmək və nəzarət gücünü artırmaq istəyindən xəbər verirdi. 2012-ci ildə QMİ-nin Tiflis nümayəndəliyi təsis edilsə də əvvəlki təsir imkanlarını qaytarmaq mümkün olmadı.

Əvəzində İranın yolu açıldı və ilk hədəfi rəsmi Tiflisin yaratmaq istədiyi müsəlmanların mərkəzləşdirilmiş icması oldu. İranın dini mərkəzlərinin bu planında əsas kurator Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (GMADİ) və onun rəhbəri Mirtağı Əsədovdur. Bu qurum 2011-ci ildə Gürcüstanda dini birliklər haqqında qanunun qəbulundan sonra qeydiyyata alınsa da, sonrakı proseslər əslində Mirtağı Əsədovun əvvəldən İrana bağlı olduğunu və hərəkətə keçmək üçün şəraitin yetişməsini gözlədiyini deməyə əsas verir. Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və qurumun rəhbəri Mirtağı Əsədovun əsas işi şiəlik kartını ortaya ataraq, Gürcüstan müsəlmanlarının bir çətir altında birləşməsini pozmaq oldu. Bu İranın ssenarisidir və məqsəd QMİ-nin timsalında Azərbaycanın dini təsirindən çıxarılmış azərbaycanlıları Əhli-beyt eşqi ilə ələ almaq və şiəlik adı altında Xomeyniçilik mərkəzlərinə bağlamaqdır.

Gürcüstan dövlətinin məzhəb ayırmadan müsəlmanların eyni çətir altında toplanması planına mane olan da Mirtağı Əsədovdur. M.Əsədovun rəhbərlik etdiyi qurum Gürcüstanda Konstitusiya Məhkəməsinə müraciət edərək, şiə və sünni müsəlmanlarının ayrı idarə və icma olaraq tanınmasını tələb edir. Sonradan hər iki məzhəbin birləşdiyi Təmsilçilik Şurasında təmsil olunmağı qəbul etsə də, eyni tələbini hələ də gündəmdə saxlamaqdadır.

Marneuli şəhərindəki İmam Əli adına məscid Mirtağı Əsədovun və onun vasitəsilə İranın nəzarətindədir. İranın Borçalı bölgəsində “Gürcüstan Əhli Beyt Cəmiyyəti”, “Əhli Beyt Aşiqləri Forumu”, “Hüseyniyyə” Cəmiyyəti, “İmam Əli Xeyriyyə Fondu”, “Zeynəb Qadınlar Birliyi”, “Şəms” qrupu, “Əl Mustafa Beynəlxalq Universiteti” adı altına yaratdığı dini təmayüllü təşkilatlar da Mirtağı Əsədovun əlindədir və siyasi-dini təbliğat məscidlə yanaşı, bu təşkilatlar üzərindən də aparılır.

Mirtağı Əsədovun 2011-ci ildə - QMİ-nin Gürcüstanda təsir imkanları itirilən vaxt Azərbayan vətəndaşlığından imtina etməsi, Gürcüstan vətəndaşlığını qəbul etməsi də İranın “dini kanton” planının tərkib hissəsi idi. Əsədov bununla yaratdığı Gürcüstan Müsəlmanları Ali Dini İdarəsini qeydiyyatdan keçirməyə və sonrakı dövrdə bölgədəki müsəlmanlar arasında təfriqə salacaq məhkəmə iddialarını qaldırmağa nail oldu.

Mirtağı Əsədovu Gürcüstanda ən çox müdafiə edənlərdən biri də Yevangilis-Baptis Kilsəsinin baş keşişi Malkhaz Sonqulaşvilidir. Baptist keşiş hər il İraqın Kərbəla şəhərində İranın rəhbərliyi altında keçirilən Ərbəin mərasiminə qatılır. Sonuncu dəfə Ərbəin mərasimində o, hər kəsi bu mərasimə qatılmağa dəvət edib. Bu əlaqə və baptis keşişin Mirtağı Əsədovu müdafiə etməsi bir qədər şübhəli görünür. Lakin burada İranın Ərbəin üzərindən apardığı siyasətin konturları da aydın sezilir. Əslində Gürcüstan azərbaycanlılarının təsir dairəsinə salınması prosesinin bir hissəsi də məhz Ərbəin yürüşü zamanı həyata keçirilir.

İrandan Mirtağı Əsədova təlimat verən əsas şəxs Əl-Mustafa Universitetinin Gürcüstan nümayəndəliyinin rəhbəri Davud Zariidir. D.Zarii mütəmadi olaraq Borçalı bölgəsinə gəlir və burada dini mərasimlərdə iştirak edir.

Məlumatlara görə, Boraçlıda iki məscid – İmam Əli və İmam Hüseyn adına olan məscidlər İranın nəzarətindədir. Mirtağı Əsədovun “şeyxliyi” altında 500-dən artıq azərbaycanlı İranın maraqları istiqamətində aktiv şəkildə fəaliyyət göstərir. Təbliğatda onlarla internet resursundan da aktiv şəkildə istifadə edirlər: “zeynebiye.com”, “imanmedia.ge”, “ahlibeyt.ge”, “sualcavab.ge”, “www.iman.ge”, “almustafa.ge” və s;

Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutu (IWPR) hələ 2005-ci ildə İranın Gürcüstan azərbaycanlıları üzərində dini təbliğata start verdiyini yazırdı.

İranın dini vaizlərinin Gürcüstanda Azərbaycan icmasına fokuslandığı qeyd olunan məqalədə bildirilirdi ki, İrandan gələn missionerlər rəsmi olaraq fars dili və İslamı tədris etməyə gəlir, lakin reallıqda onların əsas ünvanı Kvemo-Kartli (Borçalı) bölgəsi və paytaxtdır.

İnstitutun araşdırmasına görə, İran vaizləri xeyriyyə fəaliyyəti altında öz siyasi niyyətlərini gizlədirlər: “Onların əsas məqsədi yerli müsəlmanlar arasında İran siyasətini yaymaq və şiələri digər məzhəblərə qarşı qoymaqdır. Dini siyasətin nəticəsidir ki, son bir neçə ildə Marneuli küçələrində İran üslubunda hicablı qadınlar tez-tez görünür. Bəzi müşahidəçilərin fikrində, İranın təsiri ilə Gürcüstanda Azərbaycan icması arasında dini dözümlülük yoxa çıxır”. (https://iwpr.net/ru/global-voices/gruziya-deyatelnost-iranskikh-missionerov-vyzyvaet-opaseniya).

Həmin vaxtda artıq 16 il keçir və bu gün İran Gürcüstanda böyük ölçüdə istəyinə çata bilib.

İranın azərbaycanlılar üzərindən qurduğu gizli şəbəkələrin yekun hədəfi “Hizbullah” modelində silahlı dəstələrin yaradılmasıdır. Bu cəhdləri Azərbaycanda və Yunus Səfərovun timsalında Rusiyada gördük, Gürcüstanda şəraitin yetişməsi üçün potensial imkanlar var, Ukraynada da artıq proses başlanıb.

Bu, İranın siyasi-dini ideologiyasının daha geniş coğrafiyada yayılması, təsir imkanlarının genişləndirilməsi ilə yanaşı, siyasi proseslərdə Tehranın təzyiq rıçağı olaraq istifadə etməsinə də hesablanıb. İstisna deyil ki, son dövrlər regionda “hücum taktikasını” seçən İran maraqlarının təmin edilməsi məqsədilə Rusiyaya, eləcə də Gürcüstana bu rıçaqlar vasitəsilə təsir etməyə çalışsın.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm