Nida Təhlil
Qonşumuzda siyasi böhran: “Gürcü arzusu” qələbəni qoruya biləcək?
Gürcüstanda hakim partiyanın qələbəsi ilə nəticələnən seçkilərdən sonra siyasi böhran yaranıb: prezident Salome Zurabişvili nəticələri tanımadığını elan etdi, 4 müxalifət koalisiyası - “Dəyişiklik üçün Koalisiya” (11,2 faiz), “Birlik – Milli Hərəkat” (9,8 faiz), “Güclü Gürcüstan” (9 faiz) və “Qaxariya – Gürcüstan naminə” (8,2 faiz) parlamentin işində iştirak etməyəcəklərini bəyan ediblər.
Yaranmış siyasi böhran fonunda açıq qalan suallar var:
- Müxalifət parlamentin legitimlik qazanmasının qarşını ala bilərmi?
Parlamentdə konstitusiya çoxluğuna (113 mandat) ümid edən “Gürcü arzusu” ilkin məlumata görə 89 mandat əldə edib. Bu, seçkiöncəsi vədlərin – kilsəyə xüsusi statusun verilməsi, LGBT təbliğatının qadağan edilməsi və s. – yerinə yetirilməsini çətinləşdirsə də, parlamentin bu seçkinin nəticələrinə uyğun fəaliyyətini təmin edir. Gürcüstan konstitusiyasına görə, 150 yerlik parlamentdə deputatların 51 faizinin (76 deputat) iştirakı qanunverici orqanın səlahiyyətə başlamasına və hökumətin formalaşdırılmasına imkan verir. Bu baxımdan, müxalifət mandatdan imtina etsə belə, parlamentin legitimliyini poza bilməyəcək.
Burada əsas məqamlardan biri də deputat səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsinin çətinliyidir. Bu məsələ parlamentdə müzakirəyə çıxarılmalı və qərar qəbul edilməlidir. 2020-ci il seçkilərindən sonra müxalifətdən olan 51 deputatın mandatdan imtina etməklə bağlı müraciəti qəbul olunmamışdı, indi də eyni ssenarinin təkrarlanması mümkündür.
- Prezident parlamentin fəaliyyətinin qarşısını ala bilərmi?
- Konstitusiyaya görə, Gürcüstan parlamentinin ilk iclası seçkinin nəticələrinin elan edilməsindən sonra 10 gün ərzində keçirilməlidir və ilk sessiyanı prezident təyin edir. Zurabişvilinin nəticəni tanımaması bu məsələdə çətinlik yarada bilər, lakin “Gürcü arzusu” legitimlik üçün lazım olan 76 deputatın olduğunu əsas gətirərək, prezidentin “vetosu”nu qıracaq. Konstitusiyada ilk iclasın prezident tərəfindən təyin olması qeydi ilə yanaşı, 10 gün ərzində keçirilməsi də yer alır və hökumət ikinci məqamı əsas götürə, parlament sədrinin qərarı ilə ilk iclası keçirə bilər. Baş nazir İrakli Kobaxidze artıq bu haqda açıqlama verib.
“Gürcü arzusu”nun siyasi gedişi necə ola bilər?
Hakim partiya artıq parlamentin fəaliyyətə başlayacağını, müxalifətin imtinasının heç nəyi dəyişdirməyəcəyini rəsmi şəkildə bildirib. Hərçənd, hadisələrin gedişində müxalifət partiyalarının biri, yaxud bir neçəsi ilə razılaşmaq istiqamətində addımların atılacağı da gözləniləndir. Mümkün konsensusun “Gürcüstan naminə” partiyası ilə baş tutması ehtimalı var. Partiya sədri Georqi Qaxariya “Gürcü arzusu” hökumətində baş nazir olub, hazırda mövqelər arasında kəskin ziddiyyətlər olsa da, keçmiş bağlılıq anlaşmaq perspektivlərini tam sıradan çıxarmır.
Bütün bunların fonunda seçkinin nəticələrini hüquqi baxımdan ləğv etmək imkanı olmayan müxalifətin aksiyalarla nəsə etməkdən başqa yolu qalmır. Hərçənd, bunun nə qədər effektiv olacağı sual altındadır.
Birincisi, hakim partiyanın əlində inzibati resurslar və 50 faizdən artıq elektorat var;
İkincisi, uzun müddətdir aksiya ssenarisini tətbiq edən müxalifətin gücünün hakimiyyəti dəyişdirməyə yetərli olacağı ehtimalı azdır;
Üçüncüsü, müxalifəti dəstəkləyən Qərbin prosesə müdaxiləsi ritorik müstəvidən irəli getmir və mövqelərini tamamilə itirməmək, ən azı 50 faizə yaxın elektorata xitab edən müxalif güc üzərindən təsir imkanlarını saxlamaq naminə praktiki müdaxiləni təxirə sala bilər.
Asif Nərimanlı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...