Onlar Prezidentin güclü iradəsi qarşısında aciz qaldılar - RƏY
Bizi izləyin

Nida Təhlil

Onlar Prezidentin güclü iradəsi qarşısında aciz qaldılar - RƏY

"Azərbaycan 44 günlük Vətən müharibəsində bir çox dairələr üçün mümkün görünməyən məsələni reallığa çevirdi. 30 il idi ki, torpaqlarımız işğal altında idi. Biz beynəlxalq təşkilatlara işğala son qoydurmaq üçün Ermənistana təzyiq göstərmələrinə çağırışlar edəndə elə bilirdilər ki, Azərbaycan çarəsiz ölkədir. Onlar heç vaxt təsəvvürlərinə belə gətirə bilmirdilər ki, Azərbaycan nə vaxtsa hərbi gücü sayəsində işğalçını öz ərazilərindən darmadağın edərək qova biləcək".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Vətən müharibəsinin birinci ildönümü və onun nəticələri ilə bağlı danışarkən deputat bildirib ki, Ermənistan və onun havadarları Azərbaycanın gücü və Prezident İlham Əliyevin güclü siyasi iradəsi qarşısında aciz qaldılar:

"Müharibədə qazandığımız zəfər regionda yeni reallıq yaratdı. Bu yeni reallıq regionda əməkdaşlıq mühitinin yaranmasına, davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə imkan verir. Təbii ki, döyüş meydanında qazandığımız qələbəmizi siyasi meydanda da möhkəmləndiririk. Bu, Zəngəzur dəhlizinin açılması, dövlətlərarası sərhədlərin delimitasiya və demarkasiya olunması və sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. Sülh müqaviləsinin imzalanması yeni reallıq gətirəcək. Məhz Cənubi Qafqaz regionunda əməkdaşlıq mühitinin yaranması yeni əməkdaşlıq formatlarını zəruri edir. Əvvəllər bir-biri ilə düşmən olan ölkələr yenidən bir-birlərinə inteqrasiya olunacaq. Bu, mümkündür və alternativsiz reallıqdır. Bu məsələni qısa bir misalla izah etməyə çalışacağam. Almaniya ilə SSRİ və digər Avropa ölkələri arasında böyük müharibə baş verdi. Bu müharibə nəticəsində 40 milyondan çox insan həlak oldu, alman faşistləri yaşayış məntəqələrini darmadağın etdi, insanlığa qarşı vəhşilik törətdi. Amma Almaniyanın kapitulyasiya sənədinə imza atmasıyla bütün məsələlər sonlandırıldı və bu gün keçmiş müharibədə alman faşizminin dərin iz buraxdığı ölkələr bütün o məsələləri unudaraq dostcasına yenidən əməkdaşlıq edirlər".

Azər Badamov qeyd edib ki, Azərbaycan və Ermənistan da gələcəkdə əməkdaşlıq edərək eyni platformalarda təmsil olunacaq:

"Çünki biz qonşu ölkələrik və xalqlarımız arasındakı düşmənçilik əbədi davam edə bilməz. Bu gün Azərbaycan müstəqil ölkədir və onun suverenliyinə ola biləcək hər bir təhlükəni dəf etmək iqtidarındadır. Həm də qonşu ölkələrlə əməkdaşlıq etmək əzmindədir. Cənab Prezident dəfələrlə qeyd edib ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri də beyinləri yuyulmuş Azərbaycan vətəndaşları hesab edirik. Bu o deməkdir ki, biz əməkdaşlığa və inteqrasiyaya hazırıq. Reallıq budur və bunun alternativi yoxdur".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm