XXI əsrin ilk kapitulyasiya aktı: Ermənistan üzərində TARİXİ QƏLƏBƏ
Bizi izləyin

Nida Təhlil

XXI əsrin ilk kapitulyasiya aktı: Ermənistan üzərində TARİXİ QƏLƏBƏ

XX əsrdə I və II dünya müharibəsində, bu müharibələrin arasında və sonrasında baş verən lokal döyüşlərdə məğlub-qalib tərəflər olub. Və məğlub tərəflər təslimçi sülhə məcbur ediliblər.

XXI əsrin ilk kapitulyasiya aktına Azərbaycanın qarşısında ağır məğlubiyyətlə üzləşən Ermənistan imza atdı. Bu, yeni əsrin hərb tarixinin ilk böyük hadisəsidir və alçaldıcı kapitulyasiya aktı tarixdə hər zaman qalacaq.


44 günlük müharibənin başlandığı 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə bütün təmas xətti boyunca düşmənin mövqelərini yardı. Müharibənin ilk günündə düşmənin hava hücumundan müdafiə sistemlərinin 60 faizi, artilleriya qurğularının 40 faizini sıradan çıxardı. Ermənistanda hələ də düşünürdülər ki, Azərbaycan irəliləməyəcək, çünki 30 il ərzində havadarlarının köməyinə bel bağlayırdı. Lakin artıq ox yaydan çıxmışdı və Azərbaycan Ordusu 30 illik işğala son qoymaq üçün genişmiqyaslı hücum əməliyyatını tətbiq edirdi.

Müharibənin ilk günlərindən başlayaraq, cəbhədə ağır məğlubiyyətə uğrayan Ermənistan erməniləri aldatmaq yolunu tutdu: ordumuz erməni əsgərini iti qovan kimi qovanda, İrəvanın hərbi-siyasi rəhbərliyi bunu “taktiki geri çəkilmə” kimi qələmə verirdi.

Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, yüzlərlə kənd, qəsəbə azad olundu, Ermənistanda hələ də “taktiki geri çəkilmə”dən bəhs edirdilər. Artıq ermənilər də öz rəhbərlərinin yalanlarına inanmırdılar.

Nəhayət, Şuşanın azad edilməsi Ermənistanı kapitulyasiyaya məcbur etdim və bunu şərtləndirən bir neçə səbəb var idi.

1. Düşmənin on minlərlə canlı qüvvəsi məhv edilmiş və yaralanmışdı: döyüşmək üçün şəxsi heyət çatmırdı;
2. Erməni əsgərlər, hətta könüllü və muzdlu dəstələr belə fərarilik edirdi;
3. Erməni ordusunun hərbi texnikasının böyük qismi məhv edilmiş, bir hissəsi qənimət götürülmüşdü: canlı qüvvə ilə yanaşı, döyüş texnikası da çatmırdı;
4. Ermənistan anladı ki, Azərbaycan Ordusunun qarşısını heç bir qüvvə kəsə bilməyəcək;
5. Və nəhayət, Şuşanın azad olunması mənəvi və strateji baxımdan, düşmənin belinin qırılması idi;


Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə döyüşlərin dayandırılmasının şərtini açıqlamışdı: Ermənistan bizim ərazilərdən qoşunlarının çıxarılması ilə bağlı dəqiq qrafik versin.

Ermənistanın hərbi-siyasi rəhbərliyi yalnız minlərlə hərbçisi məhv edilməsindən sonra bu şərtlə razılaşdı və XXI əsrin ilk kapitulyasiya aktına imza atdı.

Noyabrın 10-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatı – təslimçi sülhü imzaladı. Videokonfrans formatında keçirilən imzalama mərasimində yalnız iki lider var idi: vasitəçi Putin və qalib Əliyev. Paşinyan iştirak etmirdi və Prezident İlham Əliyevin təbirincə desək, hansısa zirzəmidə təslimçiliyə imza atmışdı.

9 bənddən ibarət olan kapitulyasiya aktı həm Azərbaycanın qələbəsi, həm də regionda yeni reallığın yaradılması baxımından əhəmiyyətlidir.

Birincisi: kapitulyasiya aktına uyğun olaraq, Ermənistan üç rayonu – Ağdam, Laçın və Kəlbəcəri Azərbaycana təhvil verdi. Bu, bir güllə belə atmadan ərazi baxımdan böyük və coğrafi baxımdan çətin rayonların azad edilməsi demək idi. Müharibə başa çatmasaydı, Azərbaycan bu ərazilərin də azad edilməsi əməliyyatını həyata keçirəcəkdi və əməliyyat planı hazır idi də. Lakin bu ərazilərdə döyüşlər ağır olacaqdı: Kəlbəcər və Laçının dağlıq relyefi, Ağdamın bütövlükdə “mina şəhərinə” çevrilməsi;

Azərbaycan Ermənistanı kapitulyasiya aktına məcbur etməklə həm də bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Laçını, Kəlbəcəri azad etdi. Bu, müharibənin özü qədər əhəmiyyətli nəticədir.

İkincisi: Türkiyə bölgədə tərəfə çevrildi. Kapitulyasiya aktına görə, Rusiya sülhməramlılarının bölgəyə gətirildi, buna paralel olaraq, Türkiyə-Rusiya Atəşkəsə Birgə Nəzarət Mərkəzi yaradıldı və beləliklə, türk hərbçilər də prosesə cəlb olundu. Türkiyənin bölgədə olması Azərbaycanın maraqları baxımından əhəmiyyətlidir:

- Bakının əli gücləndi, kapitulyasiya aktında qeyd olunan məsələlərin icrasına zəmanət yarandı;
- Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən Qərb ölkələrinin bölgəyə girişi bağlandı və bununla regionda Azərbaycanın marağına uyğun Türkiyə-Rusiya tandemi yarandı;

Üçüncüsü: rus sülhməramlılarının müddəti. Kapitulyasiya aktında qeyd olunur ki, “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.

Bu o deməkdir ki, 5 il müddət başa çatdıqda Azərbaycan istəməsə, bölgədəki rus sülhməramlı kontingenti çıxarılacaq. Türkiyənin bölgədə mövcudluğu bu məsələdə də Azərbaycanın mövqeyini gücləndirən amildir.

Dördüncüsü: Azərbaycanlı qaçqınlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə də qayıdacaq. Bəyanatın 7-ci maddəsində qeyd olunur ki, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu, azərbaycanlıların Xankəndinə də, Xocalıya da qayıtmasının sənəddə təsbit edilməsidir.

Beşincisi: kapitulyasiya aktı Zəngəzur dəhlizinin də açılmasına şərait yaratdı. Bəyanatın 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi əksini tapır. Qeyd olunur ki, “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.

Beləliklə, Zəngəzur dəhlizinin açılması Ermənistanın imzaladığı kapitulyasiya aktında əksini tapır. Bu dəhliz regionun bütün ölkələri üçün iqtisadi divident vəd etməklə yanaşı, Azərbaycanın Naxçıvana quru əlaqəsi əldə etməsi, o cümlədən, Türkiyədən Mərkəzi Asiyaya qədər uzanna türk dünyasının coğrafi parçalanmasının aradan qaldırılması baxımından tarixi əhəmiyyətə malikdir.

10 noyabrda imzalanan üçtərəfli bəyanat Ermənistanın təslimçi sülhə məcbur edilməsidir və bu, XXI əsrin ilk kapitulyasiya aktı olaraq tarixə düşdü. Bu tarixi qələbə Azərbaycan Ordusunun, Azərbaycan xalqı və onun liderinindir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm