Onlar Rusiya ilə “soyuq müharibə” aparır - Deputat
Bizi izləyin

Nida Təhlil

Onlar Rusiya ilə “soyuq müharibə” aparır - Deputat

“Son dövrlər Fransanın rəsmi strukturları tərəfindən Azərbaycana doğru ünvanlanmış müsbət jestlərin ömrü çox çəkmədi. Qarabağda hazırda da mövcudluğunu davam etdirən ünsürlərin noyabrın 15-19-da Fransaya səfəri və bu ölkənin ayrı-ayrı ərazi vahidləri ilə əlaqələr qurmaq cəhdləri, isti qarşılanmaları heç bir hüquqi əsası olmayan və Fransanın özünün qanunlarına zidd haldır. Burada əsas məqsəd ondan ibarətdir ki, Emmanuel Makron gələn il seçkilərə gedəcək və özünün seçici sayını daha da çoxaltmağa çalışır ki, Fransadakı erməni lobbisi birmənalı şəkildə onu dəstəkləsin”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Fransa insan haqlarının təbliğatçısı kimi bir neçə separatçı qurumu, eyni zamanda Qarabağdakı separatçıları dəstəkləməklə guya insan haqlarının mühüm bir məsələ olduğunu göstərmək istəyir: “Guya ki, ermənilər bu gün öz statusları uğrunda mübarizə aparır, Fransa da buna dəstək verməyə çalışır. Digər bir məsələ isə ondan ibarətdir ki, Fransa hər zaman Ermənistanın havadarı olub və işğaldan azad olunan ərazilərimiz də vaxtilə fransızların çox ciddi maliyyə və iqtisadi mənbələri idi. Bu mənbələrini itirdiklərinə görə nəyin bahasına olursa-olsun bunu kompensasiya etməyə çalışırlar. Yəni birmənalı şəkildə ATƏT-in Minsk qrupunda həmsədr ölkə olaraq təmsil olunan bir dövlətin heç bir siyasətinə sığmır ki, onlar bu cür hərəkətlər edirlər. Bu, heç də münaqişənin səngiməsinə gətirib çıxarmayacaq”.

A.Nağıyev qeyd edib ki, bütün bunlarla yanaşı, Fransa sanki Rusiya ilə “soyuq müharibə” aparır: “Birmənalı şəkildə düşünürlər ki, Rusiya öz nüfuzunu guya Ermənistanda azaldacaq. Rusiyanın öhdəsindən gələ bilmədikləri üçün özlərini ön plana çəkirlər. Yəni ikili yanaşma və ikili standartlar yenə də davam edir. Azərbaycan da öz təmkinli və ardıcıl siyasəti ilə bəyanatlarla çıxış edir. Bütün dünya bilir ki, bizim başqalarının ərazisində gözümüz yoxdur. Biz sərhədlərin bərpası, demarkasiya və delimitasiya məsələsi, dəhlizlərin açılması, yəni 10 noyabr 2020-ci il sazişinə uyğun olaraq öz məsələlərimizin həlli istiqamətində addımlar atırıq. Əsas məqam da bundan ibarətdir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm