Bu əməkdaşlıqdan Azərbaycanla yanaşı, Türkmənistan və İran da... – Musabəyov
Bizi izləyin

Nida Təhlil

Bu əməkdaşlıqdan Azərbaycanla yanaşı, Türkmənistan və İran da... – Musabəyov

“Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə İranın yeni seçilmiş dövlət başçısı İbrahim Rəisi ilə görüşdü. Doğrudan da iki ölkə başçısının görüşü səmimi təsəvvürlər yaradırdı. Halbuki beynəlxalq siyasətdə səmimilik axtarmağa dəyməz. Ələlxüsus burada İrandan söhbət gedirsə... Hər bir halda Azərbaycan İranla münasibətlərdəki gərginliyi geridə qoyub. Tərəflər işgüzar əlaqələrin bərpa edilməsinin vacibliyini anlayır. Mənə elə gəlir ki, bu vacib məqamdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov 28 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının dövlət başçısı İbrahim Rəisi arasında Aşqabad Sammiti çərçivəsində keçirilən görüşlə bağlı fikirlərini bölüşərkən deyib.

Millət vəkili düşünür ki, Türkmənistan və İranın iştirakı ilə tranzit qaz nəqlinin həyata keçirilməsi mühüm hadisədir:

“Azərbaycanın özünün də kifayət qədər qaz ehtiyatları, hasilatı mövcuddur. Hər halda bu iki ölkə arasındakı əməkdaşlığın bir növüdür. Bu əməkdaşlıqdan Azərbaycanla yanaşı, Türkmənistan və İran da faydalanmaq imkanı qazanacaq. Digər bir məsələ isə Zəngəzur dəhlizi ilə bağlıdır. İran daha əvvəl bu dəhlizə tərəddüdlə yanaşırdı. Ölkə başçılarının dünənki görüşündən aydın oldu ki, Tehran bu layihəni də dəstəkləyir. Düşünürəm ki, bütün bunlar iki ölkə arasındakı müsbət tendensiyalardır. Azərbaycan İranla qonşuluq, əməkdaşlıq əlaqələrini möhkəmləndirmək iqtidarındadır. İlk görüşün əlaqələrimizin hansı şəkildə həyata keçirilməsində özünü büruzə verəcəyini gözləməliyik. Görüşdən sonra əlaqələrin daha yaxşı məcrada inkişaf edəcəyini gözləmək lazımdır”.

Deputatın fikrincə, İqtisadi Əməkdaşlıq Təşkilatında qəbul olunmuş sənəddə Azərbaycan üçün vacib olan o idi ki, Zirvə Sammitinin bütün iştirakçıları Azərbaycanı 44 günlük Vətən Müharibəsindəki qələbə münasibətilə təbrik edirdilər:

“Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, işğal altındakı torpaqlarımızın azad olunması ilə bağlı ölkəmizin təbrik olunması vacib məqam idi. Nəzərə alaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatındakı iştirakçılardan üçü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləridir və həmin təşkilatda Rusiya, Ermənistan da mövcuddur. Eyni zamanda, adətən Türkmənistan özünü neytral dövlət kimi təqdim edərək bu cür bəyanatlara qoşulmaqdan boyun qaçırırdı. Eləcə də İran dövlətinin son dövrlər davranışı müəyyən suallar yaradırdı. Bu, həm müharibə, həm də müharibədən sonrakı müəyyən dövrü əhatə edirdi. Amma dünənki Zirvə Görüşündə hər bir iştirakçı Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi. Bir daha deyirəm, bu baxımdan iştirakçıların Azərbaycanı təbrik etməsi vacib məqamdır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm