“Göyçə-Zəngəzur Respublikası” adı ilə ucuz “BİZNES” və TƏXRİBAT
Bizi izləyin

Nida Təhlil

“Göyçə-Zəngəzur Respublikası” adı ilə ucuz “BİZNES” və TƏXRİBAT

“Göyçə-Zəngəzur Respublikası” adlı təşkilatın, yaxud “qurucuların”ın iddia etdiyi kimi, “dövlətin” elan edilməsinin üzərindən təkcə gülüşlə keçiləsi məsələ deyil. Söhbət Azərbaycanın tarixi torpaqları ideologiyasından gedir və 44 günlük Vətən müharibəsindən sonra aktuallaşan bu məsələnin özünü “prezident” elan edən Rizvan Talıbov kimilərin “oyuncağına” çevrilməsinə imkan verilməməlidir.

Talıbovun tərcümeyi-halına nəzər yetirdikdə onun bu işi daha çox “ucuz biznes” olaraq gördüyünü deyə bilərik.

2005-ci ildə Əli İnsanovun həbsi ilə bağlı “Qərbi Azərbaycana Qayıdış” Birliyi adlı qondarma təşkilat yaradan R.Talıbov dərhal İnsanovun hüquqlarının müdafiə komitəsini elan etdi və bir müddət bu işlə məşğul oldu. Daha sonra əməllərinə görə Cinayət Məcəlləsinin 221,2 maddəsi (xuliqanlıq) ilə ittiham olunub. 4 il həbsdə qaldıqdan sonra yenidən özfəaliyyətə başlayıb. 2021-ci ilin 10 mart tarixində “Qərbi Azərbaycana Qayıdış” Biriyinin iclasını keçirərək, “Göyçə-Zəngəzur Respublikası”nı elan edib, özünü də “prezident” təyin edib.

Bunun Vətən müharibəsindən sonra, xüsusilə Zəngəzur məsələsinin aktuallaşdığı vaxt baş verməsi təsadüfi deyil. Xuliqanlıq maddəsi ilə həbsdə yatmış R.Talıbov bu məsələni fürsət bilərək, yeni “biznes”ini qurmaq qərarına gəlib.


Yeni “dövlətin” “prezidenti” olaraq, “vitse-prezident”, “nazirlər”, “komitə sədrləri” təyin etməsi, “parlament” yaradıb “deputatlar” seçməsi bu “biznes”in mayasını təşkil edir: misal üçün, kimin könlündən qondarma “Göyçə-Zəngəzur Respublikası”nda “nazir”, “deputat”, yaxud “komitə sədri” olmaq keçirsə, "prezidentə" kiçik məbləğdə “görüm-baxım” edərək, ola bilər.

R.Talıbovun qondarma “dövləti” saxta sertifikat satan təşkilatların eynisidir, sadəcə burada “dövlət” və “prezident” var, yəni adı bir qədər böyüdülür.

Bu “dövlət”in yaydığı “məlumatlara”, yaxud “prezident” R.Talıbovun qaralamadan seçilməyən “sərəncamlarına” nəzər yetirdikdə, hər şeyin sırf ad, yaxud “post” satıb pul qazanmağa hesablandığını görmək çətin deyil.

Amma və lakin...

Hər şey bu qədər bəsit olmamalıdır, xüsusilə tarixi torpaqlarımız üzərindən kimlərinsə ucuz “biznes” qurması və bunun məhz indi aktuallaşması baxımından.

Ötən il elan edilən “Göyçə-Zəngəzur Respublikası” adlı qondarma təşkilatın Azərbaycanın dövlət bayrağı üzərində dəyişiklik edərək, düzəltdikləri “bayraq”lar altında Ankarada “nümayəndəlik” açmasından sonra məsələ ciddi müzakirələrə səbəb oldu. Yeni “dövləti” gülüş hədəfinə çevirənlər də var, bu özfəaliyyəti tənqid edənlər də, az da olsa dəstəkləyənlər də.


Hərçənd, məsələ ictimai rəyin necə olmasından daha çox bu avabtürist addımın yarada biləcəyi təhlükədir.

Birincisi, tarixi torpaqlarımız ideyasının ucuzlaşdırılmasıdır: Vətən müharibəsindən sonra ötən əsrin əvvəlində Ermənistana verilən torpaqlarımıza qayıdış ideologiyası ən yüksək səviyyədə gündəmə gətirilib və dövlətin strategiyasında bu məsələlər xüsusi yer tutur; Talıbov kimilərin bu ideoogiyanı ucuz “biznesə” və gülüş hədəfinə çevirməsi təkcə dövlətin strateji planlarına yox, həm də milli şüura qarşı qəbuledilməz haldır;

İkincisi, xarici faktorların bu məsələni öz maraqları naminə istifadə etməsidir: Azərbaycanın tarixi torpaqlar ideyasının bu qədər ucuzlaşdırılmasında təbii ki, ən çox marağı olan ölkə ötən əsrin əvvlində bizim torpaqlar hesabına dövlət yaradan Ermənistandır; Talıbovun xarici ölkələrin planlarını icra etdiyini demək hələ tezdir, xüsusilə onun “çəkisi”nin buna imkan verməsi şübhəlidir, lakin heç kim zəmanət verə bilməz ki, kənar qüvvələr ondan bu məqsədlə istifadə etmir, yaxud etməyəcək; əgər “sertifikat” satan kimi “nazir postu” satırsa, Talıbov üçün bunların önəmi yoxdur, ümumiyyətlə mahiyyətinin nə olduğunu anladığı da sual altındadır;

Üçüncüsü və ən vacib məqam qondarma “Göyçə-Zəngəzur Respublikası”nın məhz indi – erməni təxribatından sonra sərhəddə baş verən toqquşmalardan və Zəngəzur dəhlizinin heç olmadığı qədər aktuallaşmasından dərhal sonra gündəmə gətirilməsidir: burada artıq üçüncü tərəflərin maraqlı olduğu ehtimalı böyükdür, xüsusilə Ermənistan və dəhlizə qarşı olan İran faktoru rol oynaya bilər;

Xarici oyunçular faktoruna diqqətçəkən məqamlardan biri də R.Talıbovun qondarma “vitse-prezident” təyn etdiyi Türkiyənin Batman şəhərindən Mehmet Ali Arslan adlı şəxsin İraqa səfər etməsi, orada “Kürdistan İslami Ədalət Partiyası”nın (bu partiya ötən il adını “İraq Kürdistanı Ədalətli Toplum olaraq dəyişdirdi) sədri Mamusta Əli Bapirlə görüşməsidir. Bu, kənar qüvvələrin “Göyçə-Zəngəzur Respublikası” adı ilə Azərbaycanın tarixi torpaqlarına, o cümlədən, Zəngəzur strategiyasına müdaxilə etmək niyyətini istisna etmir.

Bu baxımdan, R.Talıbovun tarixi torpaqlarımız adına istinadən həyata keçirdiyi özfəaliyyətinə imkan verilməməlidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm