İlham Əliyev Ermənistanın miflərini necə darmadağın etdi?
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev Ermənistanın miflərini necə darmadağın etdi?

Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyev Azərbaycana qazandırdığı Zəfərlə, həm də Ermənistanın işğal dövründə yaratdığı mifləri alt-üst etdi.

- “Yenilməz erməni ordusu”;
- “Qəhrəman erməni əsgəri”;
- “Görkəmli erməni sərkərdələri”;


I Qarabağ müharibəsindən sonra Ermənistanda bu uydurma miflərlə fəxr edir, münaqişənin və müharibənin başa çatdığını düşünür, işğalın sonsuza qədər davam edəcəyini hesab edirdilər. Koçaryan-Sarkisyan cütlüyündən tutmuş Şuşada yallı gedən Paşinyana qədər işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi o fikirdə idilər ki, Azərbaycan müharibə edə bilməz, Azərbaycan Ordusu döyüşməyi bacarmır. Onlar, həm də 30 il ərzində işğal etdikləri torpaqlarda yalnız səngər və istehkam qazdıqları üçün bu düşüncədə idilər.

İlham Əliyev isə diplomatik cəbhədə açıq və qətiyyətli mübarizə apardığı vaxt, həm də səssiz şəkildə ordunu qələbə gününə hazırlayırdı.

44 gün davam edən Vətən müharibəsi sübut etdi ki, Ali Baş Komandan İlham Əliyev beynəlxalq münasibətləri dərindən bilən diplomat olmaqla yanaşı, həm də dahi sərkərdədir. Bunu döyüşlərin gedişi və nəticələri sübut edir.

Azərbaycan Ordusu düşmənin 4 ilə işğal etdiyi torpaqları cəmi 44 günə azad etdi. Cəmi 44 günə Ermənistan darmadağın edildi, 300-dən artıq yaşayış məntəqəsi azad olundu, Şuşaya üçrəngli bayrağımız sancıldı və işğalçı ölkə kapitulyasiyaya məcbur oldu: işğal altındakı ərazilərin digər qismi – Laçın, Kəlbəcər, Ağdam bir güllə atılmadan, bir şəhid verilmədən azad olundu.

“Yenilməz erməni ordusu” Ali Baş Komandan İlham Əliyevin ordusunun qarşısında diz çökdü.

Canlı qüvvə itkisi: 8 minə yaxın erməni hərbçisi məhv edildi, 10 mindən çox hərbçi yaralandı, minlərlə hərbçi itkin düşüb, hətta bu gün belə qalıqlarını axtarırlar.

Məhv edilən hərbi texnika:

- 53 tank əleyhinə vasitə;
- 4 ədəd “Smerç”;
- 97 ədəd “Qrad”;
- “Uraqan” - 2, “YARS” - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu;
- 1 “S-300” radiolokatoru, 2 “S-300” aşkaretmə stansiyası;
- “Oborona” radiolokasiya stansiyası – 1;
- “TOR” zenit-raket kompleksi - 5 ədəd;
- “Osa” zenit-raket kompleksi - 40 ədəd;
- “KUB” zenit-raket kompleksi - 4 ədəd;
- “KRUQ” zenit-raket kompleksi - 1 ədəd;
- 14 ədəd zastava;
- “S-125” zenit-raket kompleksi - 2 ədəd;
- Pilotsuz uçuş aparatları - 22 ədəd;
- “Elbrus” əməliyyat-taktiki raket kompleksi – 2;
- Ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 ədəd, “R-142” komanda qərargah maşını - 2 ədəd, “Nebo-M” radiolokasiya stansiyası - 1 ədəd, müxtəlif radiolokasiya stansiyaları - 7 ədəd, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 ədəd;

Məhv edilən və qənimət götürülən hərbi texnika:

- Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb;
- Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb;
- Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb;
- Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb;
- Qumbaraatan – 178-i qənimət götürülüb;
- “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb;
- Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb;
- 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb;
- Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, ümumilikdə 366 tank;
- Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb;
- “Su-25” təyyarəsi – 5-i məhv edilib;
- Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb;.

Ermənistanın “yenilməz ordusu”nun hərbi texnikası bu gün Bakıda yaradılmış Qənimətlər Parkındadır.

“Qəhrəman erməni əsgəri” Ali Baş Komandan İlham Əliyevin Ordusunun qabağından qaçırdı.

10 mindən artıq erməni əsgəri müharibə dövründə fərarilik etdi, bu gün də Ermənistanda fərariliklə bağlı cinayət işləri davam edir. Azərbaycan Ordusunun bir əsgərinin belə fərarilik etməməsi hansı ordunun qəhrəman olduğunun sübutudur.

“Görkəmli erməni sərkərdələri” Ali Baş Komandan İlham Əliyevin Ordusu qarşısında qorxaq fərarilərə çevrildilər.

I Qarabağ müharibəsində Xocalı soyqırımını törədən, əliyalın insanlara divan tutan Koçaryan, Sarkisyan, Ohanyan kimi uydurma “sərkərdələr” müharibənin gedişində Qarabağa gəlmişdilər, lakin Azərbaycan Ordusunun irəliləməsi xəbərindən sonra qorxularından İrəvana qaçdılar. Şuşa əməliyyatında Ohanyanın gizlincə Ermənistana necə qaçdığı hələ də müzakirə olunur. Vətən müharibəsi bir daha sübut etdi ki, “görkəmli erməni sərkərdələri” yalnız qadına, uşağa, əliyalın, silahsız insanlara qarşı vəhşiliklə “qəhrəmanlaşıblar”. Azərbaycan Ordusunun ayaq səsləri bu uydurma qəhrəmanların qaçmasına bəs etdi.

Vətən müharibəsi eyni zamanda, Ermənistanın uydurduğu “azərbaycanlılar vuruşmayacaqlar” mifini darmadağın etdi. 30 il ərzində uydurulan bu mif özlərini sakitləşdirməyə hesablanmışdı. Onlar hesab edirdilər ki, Azərbaycan vəziyyətlə barışacaq, indiyə qədər müharibə etməyibsə, bundan sonra da etməyəcək. Lakin Vətən Müharibəsi bu mifin də uydurmadan başqa bir şey olmadığını təsdiq etdi.

Vətən müharibəsi tarixin axınının dəyişdiyi andır. Azərbaycan torpaqlarını azad etdi, regiondakı siyasi reallıqları yenidən yaratdı, apardığı müharibə standartları ilə dünyanın hərbi nəzəriyyələrini yenidən yazdı. Azərbaycan XXI əsrin müharibəsini qazandı, İlham Əliyevin qurduğu Ordu Zəfərlə tarixi ədaləti bərpa etdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm