Sistaninin durbini: Niyə Azərbaycanla mənəvi bağı qıranların təhlükəsini hər kəsə anlada bilmirik?
Bizi izləyin

Nida Təhlil

Sistaninin durbini: Niyə Azərbaycanla mənəvi bağı qıranların təhlükəsini hər kəsə anlada bilmirik?

Dinlə bağlı müzakirələrin yalnız ayinləri icra edənlər tərəfindən icma daxilində aparılması yaxşı olardı. Təəssüf ki, belə edilmir, hər dəfə ümumölkə gündəmini məşğul edir, siyasiləşdirilir, yersiz, mövzudan çox uzaq və qorxunc ehtimallar səsləndirilir.

Birincisi, müsəlman ayinləri, bayramları hicri- qəməri təqvimlə tənzimlənir. Təbii ki, astronomik təqvimdir. Ayın başlaması da, başa çatması da əvvəlcədən müəyyən edilir, təqvimlər çap edilir. Həm də indi yox, orta əsrlərdən bəri təqvim əvvəlсədən bəllənib, astronomiyaya dəxli olan mövzularla da məhz astronomlar əlləşiblər. Hansı ildə hansı ayın 29, hansı ayın 30 gün olacağı da əvvəlcədən bəllidir. Yəni “niyə bu və ya digər ayinin vaxtı ilə bağlı rəsədxana qərar verir” demək çox mənasız iraddır. Hər kəsin durbinlə, teleskopla, ya da orta əsr münəccimləri sayaq üstürlabla göydə Şəms və Qəmər axtarışına çıxmasına da ehtiyac yoxdur. Üstəlik, hicri təqvimlərin tərtibi yalnız milli səviyyələrdə də aparılmır. Bu işlə məşğul olacaq beynəlxalq təşkilatlar da var - İƏT-in müvafiq komitəsi və İSESCO.

İkincisi, madam ki, Quranda oruc ayinlərinin Ramazan boyu sayılı günlər əda edilməsi hökmü var (ki, bu da bir ay ərzində saxlanması kimi təfsir olunur), o halda mübahisə nədədir? Sistaninin durbininə bu qədər hacət haradan çıxdı? Niquş müəllimə demişkən, qoca kişidir, gözləri zəifləyib Ayı görə bilməsə, nə edək? Axı İslam ölkələri məhz belə yersiz mübahisələrə nöqtə qoymaq üçün o qurumları yaradıblar, üstəlik, ayrı-ayrı dövlətlərin ( o cümlədən İranın) təşəbbüsləri ilə guya məzhəblərarası inteqrasiyanı təşviq edən çoxsaylı qurumlar, fondlar, komissiyalar yaradılıb. Yenə mübahisə varsa, o fondlara, komissiyalara, ümumislam qurumlarına müraciət oluna bilməzmi?

Üçüncüsü, dini mübahisələrin siyasiləşdirilərək həlli cəhdi, hansısa ayinin vaxtı təyin olunarkən bunun qonşu, ya qardaş ölkələrin müsəlmanları ilə həmrəylik nümayişi kimi təqdim edilməsi də kökündən yanlışdır. O zaman instinkt səviyyəsində məzhəb təəssübkeşliyi işə düşür; bugünkü mənzərə alınır. Bayram namazını bir gün gec qılanların total şəkildə “şpiyon” çıxarılması isə sadəcə qorxuncdur. Belə özgələşdirmələrin altını hər gün çəkirik, bəs deyilmi?

Dördüncüsü, bir az düşünmək lazımdır, nədə səhv edirik, niyə Qarabağda ermənilərin varlığını, Zəngəzur dəhlizinin üzümüzə bağlı qalmasını, Ermənistanın ərazi bütövlüyünü özünə “xətte-qirmizi” elan edən, bununla da Azərbaycan şiələri ilə son mənəvi bağlarını da qırmışların təhlükəsini hər kəsə anlada bilmirik? Və ya anlamamaqda inad edənlərin sayı niyə belə çoxdur?

Nəhayət, İran sevdalıları yalnız siyasiləşmiş dindarlar arasında deyil. Ateist, paqanist-məcusi, təbatabaiçi, kəsrəviçi, solçu, putinçi, duginçi... paniranistlər, barmaqdansorma “böyük mədəni İran irsi” heyranları daha təhlükəlidir. Böyür-başınıza, zəbt olunmuş elmi, ictimai, mediativ postlara yaxşı baxın. Aranda, yaylaqda qatar-qatardır...

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm