Uğur formulu: güclü lider – qalib xalq
Bizi izləyin

Nida Təhlil

Uğur formulu: güclü lider – qalib xalq

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını işğalçılardan təmizləməklə qəsbkarı diz çökdürdü. Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində işğalçı dövlətin reallaşdırmaq istədiyi məqsəd həyata keçmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı tamamilə alt-üst oldu.

Vətən müharibəsində məğlubiy­yətə uğrayan Ermənistan kapitulyasiya tələblərinə uyğun olaraq, əvvəlcə Ağ­dam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, bu ərazilər bir mərmi belə atılmadan geri qay­tarıldı. Şübhəsiz ki, hər üç rayonun qəsbkardan təmizlənməsi düşmənin öz istəyi ilə baş vermədi. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından öz silahlı qüvvələrini dərhal çıxarması­na dair Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi mövcud idi. Ermənis­tan həmin qətnamələrin tələblərinə dərhal əməl etməli və işğala birdəfəlik son qoymalı, işğal altındakı əraziləri­mizi qeyd-şərtsiz boşaltmalı idi. Lakin düşmən ölkə bütün tələblərə zidd ola­raq heç bir öhdəliyini yerinə yetirmədi. Əksinə, Ermənistanın baş naziri Azər­baycana qarşı 7 şərt irəli sürməkdən, ayrı-ayrı vaxtlarda “Artsax Ermənistan­dır, nöqtə” kimi təcavüz xarakterli şüar­lar səsləndirməkdən, respublikamızın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparmaqdan, terrorçuları həmin bölgələrdə yerləş­dirməkdən belə çəkinmədi. Beləliklə, qəsbkarın həyata keçirdiyi təxribatlar, hücumlar təcavüzkara əsl dərs veril­məsinin zamanının gəldiyini aşkar şə­kildə dünyaya göstərdi.

Bəli, Prezident İlham Əliyevin bə­yan etdiyi kimi, Vətən savaşında qələ­bəmizin əsasında möhtərəm dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, xalq-Prezident-ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.

İkinci Qarabağ müharibəsi parlaq qələbəmizlə başa çatandan dərhal sonra işğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işlərinə başlandı. Döv­lətimizin başçısının tapşırığı əsasında bu torpaqlardakı yaşayış sahələrinin bərpası zamanı ən son texnologi­yalardan istifadəyə üstünlük verildi. Ölkə rəhbərinin Qarabağın dirçəldil­məsinə başlanan ilk günlərdə “Qara­bağı yenidən quracağıq və dünyaya yenidənqurmanın yaxşı nümunəsini nümayiş etdirəcəyik” söyləməsinə rəğ­mən rəqəmsallaşma, üçüncü Sənaye İnqilabının ən son nailiyyətləri diqqət mərkəzində saxlanıldı.

Prezident İlham Əliyev bir müddət bundan əvvə çıxışlarının birində bu barədə dedi: “İndi bu, həyata keçir. Biz şəhərlərimizi və kəndlərimizi smart texnologiya platformasına əsaslana­raq tikirik və yenidən qururuq. Ağalıda ilk kənd artıq məskunlaşdırılıb. Oraya gedən hər kəs Qarabağın yenidən qu­rulması modelinin necə olacağını görə bilər. Çünki bu, təkcə 30 il ərzində er­məni işğalından əziyyət çəkmiş, layiqli həyat yaşamağa, tam qorunmağa layiq keçmiş məcburi köçkünlər qarşısında bizim mənəvi borcumuzun bir növ nü­mayişi olmamalıdır, həmçinin biz Qa­rabağın və Zəngəzurun yenidən qurul­masını bütün ölkə üçün nümunə hesab edirik”.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları hazırda müasir texnoloji təc­rübə, eləcə də inzibati idarəçilik əsa­sında bərpa edilir, bu ərazilərdə ölkənin digər yerlərindən fərqli inzibati struktur­lar fəaliyyət göstərir. Bununla bağlı iş­ğaldan təmizlənən yaşayış sahələrində Prezidentin xüsusi nümayəndəlik insti­tutu tərəfindən üç ərazidə artıq rəqəm­sallaşma, texnoloji inkişaf və idarəçilik modelləri uğurla sınaqdan keçirilir.

Erməni faşizmi tərəfindən işğal döv­ründə dağıdılan, yerlə-yeksan edilən Qarabağ və ətraf ərazilərin bərpası is­tiqamətində gerçəkləşdirilən layihələr barədə fikirlərini bildirən dövlətimizin başçısı çıxışlarının birində misal olaraq Şuşada aparılan quruculuq işləri nəti­cəsində bu şəhərin sürətlə tarixiliklə müasirliyin qovuşduğu bir mədəniy­yət paytaxtına çevrildiyini xatırladır və Azərbaycanın belə bir incisini işğalçı­nın erməniləşdirilməyə cəhd göstər­diyini, lakin buna nail ola bilmədiyini söyləyir.

Yeri gəlmişkən, 2023-cü ildə qar­şıya qoyulan əsas vəzifələrdən ən başlıcası düşməndən təmizlənən əra­zilərin bərpası, Böyük Qayıdışın təmin edilməsidir. Ölkəmizin maliyyə imkan­larının ildən-ilə artması Qarabağın dirçəldilməsinə, o torpaqlarda iqtisadi fəaliyyətin canlandırılması üçün ma­liyyə xərclərinin daha da artırılmasına təminat verir.

Onu da xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulma­sı ilə bağlı xərclər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prio­ritetlər”də və 2022-2026-cı illər üçün nəzərdə tutulan Sosial-İqtisadi İnkişaf Strategiyasında vurğulanan vəzifələr çərçivəsində maliyyələşdirilir. Müvafiq olaraq gələn il adı çəkilən strategiyaya əsasən, müəyyənləşdirilən məqsəd­lərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizlik hissəsinin düşmən­dən təmizlənən yaşayış sahələrində yenidənqurma və quruculuq işlərinin görülməsinə yönəldilməsi nəzərdə tu­tulur.

Sonda bir neçə gün bundan əvvəl baş verən qürurverici bir hadisəni də xatırlatmaq istərdik. Belə ki, Prezident İlham Əliyev Vətən savaşından sonra tarixi günləri, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd edir. Bu il mayın 27-də Kəlbəcər və Laçın rayon­larında səfərdə olan Prezident İlham Əliyevin 28 May – Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ildə birgə keçirməsi də bunun bariz ifadəsidir.

Dövlətimizin başçısı həmin məra­simdə bildirib ki, bu görüşün məhz 28 May tarixində təşkil edilməsinin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miq­yasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istə­nilən nəticəni əldə etməyə qadirdir. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhərinə qayıdış Böyük Qayıdış proq­ramının uğurlu icrasından və hədəflərə nail olmaq üçün bütün imkanların möv­cudluğundan xəbər verir.

Onu da deyək ki, Prezident İlham Əliyev bərpa-quruculuq işlərinə baş­landığı gündən Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevriləcə­yini bildirmişdi. Artıq tarixi zəfərimizdən bizi ayıran 3 ilə yaxın qısa zaman kəsi­yində görülən işlər bu fikrin yaxın gələ­cəkdə təsdiqlənəcəyindən xəbər verir.

Dövlətimizin başçısı Vətən sava­şından ötən dövr ərzində işğaldan azad edilən rayonlara çoxsaylı səfər­ləri zamanı bir sıra strateji infrastruk­tur obyektləri işə salınıb, yenilərinin təməli qoyulub. Bununla da düşmənin darmadağın etdiyi, xarabalığa çevirdiyi şəhər və kəndlərimizə həyat yenidən qaytarılıb. Azadlığına qovuşan torpaq­larımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin sürəti getdik­cə yüksəlib. Bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma, inki­şaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq vi­ran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib.

Bu, Prezident İlham Əliyevin ma­yın 27-də Kəlbəcər rayonuna səfəri zamanı da müşahidə olunub. Belə ki, Yanşaq və Zallar kəndlərinin, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəb binasının təməlinin qoyulması, “Qamışlı” və “Meydan” kiçik su elekt­rik stansiyalarının, hərbi hospitalın istifadəyə verilməsi, Toğanalı-Kəlbə­cər-İstisu və Kəlbəcər-Laçın avtomo­bil yolunda görülən işlərin nəzərdən keçirilməsi, işğaldan azad edilən digər yaşayış sahələri kimi, bu rayonun da bərpasının diqqət mərkəzində saxlanıl­masının təsdiqinə çevrilib.

Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı bu məsələ–Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı geniş bəhs edib. Dövlətimizin başçı­sı nitqində adıçəkilən şəhərin sima­sının dəyişməsinin iqtisadiyyatımızın dinamik inkişafından xəbər verdiyini, müstəqilliyimizin nə qədər güclü olma­sını bir daha göstərdiyini vurğulayıb. Ölkə rəhbəri deyib: “Cəmi 7-8 ay ər­zində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sakinlərin sərənca­mına verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşib və iyun ayının sonu­na qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşa­yacaq”.

Bütün bunlar Laçın şəhərinin Baş planında da öz ifadəsini tapıb. Prezi­dent İlham Əliyevə təqdim oluna həmin Baş planda nəzərdə tutulan tədbirlər və plana əsasən görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Ko­mitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu – İsveç­rənin “SA Partners” şirkətinin iştirakı ilə hazırlanıb.

V.BAYRAMOV, “Xalq qəzeti”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm