Ermənilərin inteqrasiyasına onlar da mane olur: Xüsusi təyinatlı beynəlxalq mafiya iş başında
Bizi izləyin

Nida Təhlil

Ermənilərin inteqrasiyasına onlar da mane olur: Xüsusi təyinatlı beynəlxalq mafiya iş başında

Azərbaycanın ərazi bütövlüyünü və Qarabağda suveren haqlarının bərpası istiqamətində addımları yalnız Ermənistandakı radikal qrupları və onların qonşu ölkələrdəki havadarlarını narahat etmir. İndi onların xüsusi təyinatlı beynəlxalq dəstəyi də var. Belə ki, son vaxtlar beynəlxalq insan haqları təşkilatlarının hesabat və bəyanatlarında ərazi bütövlüyünün bərpası və Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası üçün atılan addımlar tənqid olunur. Azərbaycanda insan haqları və azadlıqlarının durumu ilə bağlı hesabatlarda Qarabağ məsələsinə ayrıca bənd həsr edilir. Aşkar sezilir ki, beynəlxalq səviyyədə Azərbaycan hakimiyyətinin öz vətəndaşları olan Qarabağda yaşayan ermənilərlə dialoquna qarşı anti-tezis yaradılır, “ermənilər Azərbaycanda yaşaya bilməz” iddiasına dəstək verilir.

Xatırladaq ki, Ermənistan hakimiyyətinin II Qarabağ savaşından sonra əsas hədəflərindən biri də elan etdikləri kimi Qarabağ münaqişəsini ərazi bütövlüyü kontekstindən çıxararaq insan haqları, etnik və dini azlıqların qorunması kontekstinə transfer etməkdir. Beynəlxalq hesabatlarda bu istiqamətdə ittihamların artması təsadüf olsa belə Ermənistan rəhbərliyinin hədəflərinə uyğun gəldiyindən, diplomatik mübarizədə əleyhimizə istifadə olunacağı şübhəsizdir. Hərçənd bu ittihamların birdən-birə atmasını təsadüf hesab etmək çətindir.

Məsələn, “Amnesty International Security Lab”, “Citizen Lab”, “Access Now”, “CyberHUB-AM” və mobil təhlükəsizlik tədqiqatçısı Ruben Muradyanın mayın 25-də açıqlanan birgə “araşdırma”sında iddia olunurdu ki, Ermənistanın azı 12 ictimai xadimi, o cümlədən jurnalistlər və hüquq müdafiəçiləri “NSO Group”un (İsrail) “Pegasus” casus proqramının hədəfində olub və hədəfə alan da Azərbaycan hakimiyyətidir. “Amnesty International”ın təhlükəsizlik laboratoriyasının (Security Lab) rəhbəri Donnça O Kirbxeyl sadəcə əvvəlki təcrübə və şübhələrə söykənərək bu işi Azərbaycana bağlayıb. “Araşdırmaçı”ların saytı (Accessnow.org) “bu işin arxasında kim durur” sualına birbaşa “Azərbaycan hakimiyyəti” cavabı verir, məsələni insan haqları və təhlükəsizlik kontekstindən mövzu ilə bağlı olmayan Qarabağ münaqişəsi müstəvisinə keçirirlər.

Paşinyanın Azərbaycan ərazisi kimi tanıdığı Qarabağı “mübahisəli” ərazi kimi təqdim edirlər. Daha sonra İkinci Qarabağ müharibəsi dövrünə ekskurs edilərək “Human Rights Watch” və “Bellingcat”ın “Azərbaycan əsgərlərinin erməni əsirləri kütləvi qətl etmələri” barədəki videoları, indiki dövrə qayıdaraq Qarabağ ermənilərinin “blokada”ya alınmasını və s.-i xatırladırlar. Görünür, “Amensty İnternational”ın hesabatına yön verən şəxsin (Ruben Muradyan) etnik mənşəyi burda xüsusi rol oynayıb. Halbuki istinad edilən dövrdə cəbhədə zorakılıq ehtiva edən videolar daha çox erməni ordusu tərəfindən çəkilmişdi. Həm də Azərbaycan tərəfi hər bir hal üzrə qanunvericilik çərçivəsində müvafiq addım atdığı halda, Ermənistan ordusunun rəhbərliyi heç bir hüquqi addım atmamış, səbəbini əsgərlərin psixoloji vəziyyəti ilə əlaqələndirmişdi.

“ Amnesty International”-dan bir gün əvvəl isə "Fredoom House" insan hüquqları təşkilatı növbəti "Keçid ölkələri 2023" hesabatında Azərbaycanın "öz ərazi ambisiyalarını hərbi yolla davam etdirmək”də suçlayaraq iddia etmişdi ki, Bakının Dağlıq Qarabağ və Ermənistanın bəzi hissələri üzərində nəzarətini genişləndirməsi də yerli əhalinin azadlıq və təhlükəsizliyini sarsıdacaq.

ABŞ Dövlət Departamentinin insan və dini azadlıqlarla bağlı hesabatlarında da Qarabağ hədəfdə saxlanılırdı.

Belə görünür ki, Azərbaycan hakimiyyətinin Qarabağ ermənilərilə dialoq səyləri fonunda fərqli beynəlxalq təşkilatların rəsmi Bakını hədəfə alması, bu işə “töhfə”si daha da artacaq.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm