Hərbi və mülki hakimiyyət arasında ixtilaf: Azərbaycan parçalanmadan belə xilas oldu
Bizi izləyin

Nida Təhlil

Hərbi və mülki hakimiyyət arasında ixtilaf: Azərbaycan parçalanmadan belə xilas oldu

“XX əsrdə Azərbaycanın taleyində həlledici rol oynamış və inkişaf yolunu müəyyənləşdirmiş, millətimiz və dövlətimiz var olduqca müraciət ediləcək, öyrəniləcək, ibrət alınacaq bir neçə tarixi gün mövcuddur. Heç şübhəsiz, bunlardan biri olan 1993-cü ilin 15 iyun tarixindən 30 il keçir. Məlum olduğu kimi, maraqların toqquşduğu siyasətin göstəricisi olan tarixi hadisə və proseslər bir cür baş versə də, onlara verilən qiymət, adətən fərqli olur. Qiymətləndirməyə müxtəlif siyasi təşkilatların, qrupların, şəxslərin maraqları və iddiaları təsir edir. Belə fərqli yanaşmalar təbiidir. Çünki həyat yaranandan bəri daim əks qütblərin mübarizəsi gedib və indi də gedir. Bunu aradan qaldırmaq mümkün deyil. Cəmiyyətin inkişafının təməlində elə fikir müxtəlifliyi, əks qütblərin mübarizəsi dayanır. Lakin dünya tarix elmində qəbul edilmiş ümumi metodoloji prinsiplərə görə, hər hansı bir tarixi hadisə və prosesə verilən qiymətdə başlıca meyar onların özündən sonrakı inkişafa necə təsir etməsi, dövlət və millət üçün nəticələrinin müsbət və mənfi olması, hökumətin fəaliyyətinə düzgün qiymət verilməsi isə qarşıya qoyduğu məqsəd və vəzifələri necə yerinə yetirməsi, faydaları və ziyanları ilə ölçülür.

Bu sözləri Publika.az-a açıqlaması zamanı deputat Musa Qasımlı deyib.

15 iyunadək olan şəraitin mənzərəsi: ümumi böhran məngənəsində

“İlk növbədə 15 iyunadək Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi, mənəvi-psixoloji şəraitinə və xarici siyasət fəaliyyətinə nəzər yetirmək zəruridir.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan xalqının qarşısında bir sıra vacib vəzifələrin yerinə yetirilməsi dayanırdı: dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək; planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək; təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək; dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti yaratmaq; Ermənistanın əsassız ərazi iddiaları ilə başlatdığı Azərbaycanın daxili işlərinə kobud müdaxiləsini və hərbi təcavüzünü dayandırmaq, nəticələrini aradan qaldırmaq və s.

Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa edən zaman Ermənistanın əsassız ərazi iddiaları səbəbindən bir neçə il əvvəl başladığı daxili işlərə kobud müdaxilə davam edir, tarixi Azərbaycan torpaqları olan və Ermənistan adlandırılan bu respublikada dədə-baba yurdlarında yaşayan azərbaycanlılar vəhşicəsinə qovularaq qaçqına çevrilir, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar dağıdılır, ərazinin etnomədəni mənsubiyyəti itirilirdi. Bunlarla yanaşı Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrinin əhalisi məcburi köçkünə çevrilirdi. Problemləri həll etmək əvəzinə, hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında bütün mümkün vasitələrlə mübarizə gedirdi.

1992-ci ilin may ayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi ölkə qarşısında dayanan problemləri həll edə bilmədi, vəziyyət daha da pisləşdi.

Niyə məhz Heydər Əliyev?

Dövlət idarəçiliyində səriştəsizlik, problemlərin yanlış qoyulması, onların həllinə səhv, primitiv, məhdud yanaşma, qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasında ixtilaflar, xalq ilə hakimiyyət arasında ziddiyyətlər, dükanlarda satılan keyfiyyətsiz çörək üçün növbələrin çoxalması şəraitində əhalinin artan narazılığı, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud davranışlar, ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumların elan edilməsi, Azərbaycan xalqının parçalanma astanasında olması, vəziyyətdən çıxmaqdan ötrü sabaha ümidlərin olmaması, yürütdüyü siyasət nəticəsində hakimiyyətin xalqdan aralı düşməsi, ona bəslənən ümidləri doğrulda bilməməsi acınacaqlı şərait yaratmışdı.

Belə bir vəziyyətdə ölkəni xarici hərbi təhlükədən qorumaq mümkün deyildi. Cəbhədəki uğursuzluqlar bir-birini əvəz edirdi. Hərbi və mülki hakimiyyət arasında ixtilaflar hökm sürürdü. Hakimiyyətə tabe olmayan bir qrup hərbçi Gəncədə “Hərbi birlik” yaratmışdı. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi altında 709 saylı hərbi hissədə qiyam baş verdi. Qiyamı yatırmaq üçün 130 saylı hərbi hissədən həmin hərbi hissəyə hücum edildi. Gəncəyə gedən dövlət və hökumət nümayəndələri girov götürüldülər. Qiyamçı dəstələr Bakıya doğru hərəkət etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin – qardaşın bir-birinin qanını tökməsi, vətəndaş müharibəsi astanasında dayanmışdı. Millət heç bir zaman bu qədər qütbləşməmiş və bir-birinə qənim kəsilməmişdi.

Ölkə daxilində dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etməli olan xarici siyasət fəaliyyəti də bərbad halda idi. Hissiyatlara əsaslanan xarici siyasətin yürüdülməsi nəticəsində beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilmirdi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət ölkəni təcridçiliyə gətirmişdi. Diplomatiya bədxahları bitərəf, bitərəfləri dosta çevirmək əvəzində ölkəyə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi.

Müstəqilliyin bərpasından sonra bəzi addımlar atılsa da dövlət quruculuğu sanki kağız üzərində qalaraq bəyanat xarakteri daşıyırdı. Həm ölkə daxilində, həm də beynəlxalq aləmdə hər hansı bir məsələni həll etmək gücündə olmayan hakimiyyət ölkəni ümumi böhrana düşürmüşdü. Azərbaycan xalqı tarixinin çətin günlərini yaşayırdı.

Xalqın və dövlətin taleyi üçün məsuliyyəti öz üzərinə götürmüş hakimiyyət nümayəndələri belə ağır şəraitdə bir-birinin ardınca istefa verərək canlarını qurtarmaq yolunu tutdular. Onlardan bəziləri vəzifələrini “dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Bu, milli dövlətçilik tarixinin utancverici anı olub, gələcəkdə müraciət ediləsi səhifə deyildi.

Azərbaycan xalqı düşmüş olduğu vəziyyətdən çıxmaqdan ötrü nicat yolu arayırdı. Adamlar sual edirdilər: Azərbaycan xalqının və dövlətinin taleyi necə olacaq? Ölkəni ağır şəraitdən kim və necə çıxara bilər? Bu yükü, məsuliyyəti öz üzərinə götürə bilən tarixi şəxsiyyət, lider varmı?

Çoxlu çətin suallar qarşısında dayanan Azərbaycan xalqının nəzərləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə yönəldi. Heydər Əliyevə olan inamın bir sıra əsaslı səbəbləri var idi. Birincisi, Heydər Əliyev sovet sisteminin, kommunist ideologiyasının mövcud olduğu bir şəraitdə, 70-ci illərdə respublikanın rəhbəri kimi güclü təşkilatçılıq və idarəçilik bacarığı ilə xalqının başını uca etmiş, onu qabaqcıllar cərgəsinə çıxarmışdı. Xarici ölkə tarixçilərinin yazdığı kimi, Azərbaycanın şimal torpaqları çar Rusiyası tərəfindən işğal edilib ilhaq olunduqdan sonra daim özlərini sındırılmış hesab edən azərbaycanlılar XX əsrdə Bakı küçələrində yalnız iki dəfə başlarını dik tutaraq, güvənərək gəzməyə başlamışdılar. Birinci dəfə Azərbaycan və Osmanlı hərbçilərindən ibarət yaradılmış Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri 1918-ci il sentyabrın 15-də yadellilərdən azad edildikdən sonra, ikinci dəfə isə 70-ci illərdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə.

İkincisi, Heydər Əliyev dünyanın quru ərazisinin altıda bir hissəsini tutan SSRİ-nin rəhbərlərindən biri olduqdan – 1982-ci ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü seçildikdən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra xarici ölkələrin tarixçilərinin yazdığı kimi, “triumvirat” sayılan sovet dövlət və siyasi xadim olaraq xalqının başını daim uca etmişdi.

Üçüncüsü, Heydər Əliyev Moskvadakı sovet və partiya vəzifələrindən çıxdıqdan sonra həyatı təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək 20 yanvar qırğınını törədənləri ittiham etmiş, xalqının yanında olmuş, Naxçıvanda yaşayarkən ağsaqqal deputat kimi sədrlik etdiyi iclasda Muxtar Sovet Sosialist Respublikasının adından Sovet Sosialist ifadələri çıxarılmış, Ali Sovet Ali Məclis adlandırılmış, sovet dövlətinin və kommunist ideologiyasının düşmən saydığı və inkar etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul olunmuş, bu barədə Bakıya təklif edilmiş, hələ SSRİ-nin, Kommunist Partiyasının, sovet sisteminin mövcud olduğu bir şəraitdə bütün təzyiqləri və təhdidləri rədd edərək SSRİ-nin saxlanılmasına dair referendumun Naxçıvan Muxtar Respublikasında keçirilməsinə imkan verməmişdi. Kommunist Partiyası sıralarından istefa verməklə bu ideologiyanın çökməsinə güclü təsir etmişdi. Naxçıvan müstəqil Azərbaycan dövlətinin təməllərinin rəsmi şəkildə atıldığı yer olmuşdu.

Dördüncüsü, Heydər Əliyev 1990-cı ildən etibarən Milli Məclisdə etdiyi çıxışlarında Azərbaycan xalqının gələcəyinin yalnız müstəqillikdə olduğunu qəti şəkildə bildirmişdi. Dövlət müstəqilliyi haqqında konstitusiya aktına imza atmışdı.

Xalqın dərin inamına görə yalnız Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqla parçalanmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən xilas edə, mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən hərbi təcavüzünü dayandıra, ölkəni fəlakətə salmış uğursuz xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Təkidli tələblər qarşısında çarəsiz qalaraq geri çəkilən Azərbaycan rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində yeni bir mərhələ başladı. Bu mərhələnin səciyyəvi cəhəti müasir müstəqil dövlətin xilası və möhkəm əsaslarda qurulmasıdır. Hakimiyyətə gəlişi ilə ölkəni parçalanmaqdan, xalqı vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarı oldu. Azərbaycanda təməlləri möhkəm olan güclü dövlətçilik ənənəsinin və dərin dövlətin əsası qoyuldu. Uğurlu Horadiz əməliyyatı ilə düşmənə zərbə vuruldu. Bir sıra ərazilər işğaldan azad edildi. İşğalçı ölkə və havadarları Azərbaycanın qəti mövqeyini gördülər.

Dövlətin və millətin inkişafı baxımından tarixi əhəmiyyət daşıyan bir sıra məsələlər həll olundu. Azərbaycan dövləti 1994-cü ilin may ayının əvvəllərində NATO-nun Sülh naminə tərəfdaşlıq proqramına qatıldı. Həmin ayda Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edildi. Heydər Əliyev atəşkəsə torpaqları azad etmək üçün güclənməkdən, dövləti və ordunu qurmaqdan, xarici sərmayəni cəlb etməkdən ötrü vaxt qazanmaqda vasitə kimi baxırdı. Elə ona görə də atəşkəsdən sonra Azərbaycan xalqının və dövlətinin tərəqqisi və gələcəyi naminə möhtəşəm bir addım atıldı. 1994-cü il sentyabrın 20-də dünyanın bir sıra böyük ölkələrinin transmilli şirkətlərilə “Əsrin müqaviləsi” imzalandı.

Heydər Əliyev bir-biri ilə didişən, rəqabət aparan ölkələri, transmilli şirkətləri ortaq məxrəcə gətirərək Azərbaycanda əməkdaşlığa cəlb etdi. Bəzi ölkələrdən ərazisinin böyük, əhalisinin sayının çox olmamasına baxmayaraq, Azərbaycan onları bir masa arxasında oturda bildi. “Əsrin müqaviləsi” imzalandıqdan sonra baş verən sui-qəsdlər, dövlət çevrilişi və qiyam cəhdləri Azərbaycanı yolundan döndərə bilmədi. 1994-cü ilin oktyabrında dövlət çevrilişi, 1995-ci ilin martında isə qiyam cəhdi Heydər Əliyevin qətiyyəti və siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Çevrilişlərin qarşısının alınmasının Azərbaycan üçün tarixi və ibrətamiz əhəmiyyəti oldu. Heydər Əliyev göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir, ölkədə güclü dövlət hakimiyyəti vardır. Bununla da silahlı yolla hakimiyyətə gəlmək kimi acı, utancverici təcrübəyə son qoyuldu.

Heydər Əliyev Azərbaycan tarixində digər bir tarixi əhəmiyyətli məsələni həll etdi. Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etsə də hələ dövlətin ana qanunu qəbul edilməmişdi. Bilavasitə onun rəhbərliyi altında Azərbaycan Respublikasının konstitusiyası işlənib hazırlandı və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Müstəqil Azərbaycan Respublikası parlamentinə çoxpartiyalı əsasda seçkilər keçirildi. Bununla da yaxın keçmişin acı qalmaqallı parlament təcrübəsi tarixin arxivinə verildi. Parlament çevrilişlər və dövlət əleyhinə yönəlmiş fəaliyyətləri müdafiə edən deyil, müstəqil dövlət quruculuğunda xüsusi yeri olan bir orqana çevrildi.

İqtisadiyyatın azad bazar iqtisadiyyatının tələblərinə uyğun qurulması üçün addımlar atıldı. İslahatlara başlanıldı. İqtisadiyyatda liberallaşma genişləndi.

Özəlləşdirilmə həyata keçirildi. Sabitlik bərqərar edildikdən sonra ölkədə vətəndaş cəmiyyətinə keçid baş verdi. Demokratik islahatlar aparıldı. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirildi. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.Azərbaycanın hərb sistemi quruldu. Ölkəni xarici təcavüzdən qorumağa qadir olan güclü ordu formalaşdırıldı. Hərbi-sənaye kompleksi yaradılmağa başlandı. Milli ideyaları vahid milli ideologiya olaraq sistemləşdirərək formalaşdıran Heydər Əliyev bütün ölkə vətəndaşlarını azərbaycançılıq əsasında birləşdirdi. Etnik millətçiliyə dayanan yanaşmadan qətiyyətlə imtina edən Heydər Əliyev bütün vətəndaşların şəxsiyyət vərəqəsində “Azərbaycan Respublikasının vətəndaşı” yazmağın təşəbbüskarı və onu reallaşdıran dövlət xadimi olaraq siyasi milliyyətçiliyə, dövlət-millət anlayışına keçidin banisi oldu. Bu, Azərbaycan tarixində görünməmiş nəhəng fəaliyyət və ilk idi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyi tarixində ilk dəfə olaraq anarxiyadan sabitliyə, demokratiyaya, ağır həyat şəraitindən firavan yaşayışa keçid baş verdi. Azərbaycan xalqının sabaha və özünə inamı artdı”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm