İlham Əliyevdən Ermənistana “növbəti kapitulyasiya” xəbərdarlığı - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

İlham Əliyevdən Ermənistana “növbəti kapitulyasiya” xəbərdarlığı - TƏHLİL

44 günlük müharibə və Ermənistanın kapitulyasiya aktını imzalamasından üç ilə yaxın müddət keçir, lakin rəsmi İrəvan nə özünü kapitulyasiya imzalanmış dövlət kimi aparır, nə də bu aktda əks olunan öhdəliklərini yerinə yetirir. Ermənistanda “kapitulyator” elan edilən baş nazir Nikol Paşinyanın bu gün danışıqlar prosesini pozması və şərtlər irəli sürməsi də bunu göstərir və suallar yaradır:

- “Kapitulyator” nəyə və kimə güvənir?
- Kapitulyasiya etmiş ölkənin özünü sanki “qalib gəlmiş” kimi aparmasının arxasında nələr var?

44 günlük müharibə Ermənistanın 30 illik işğal dövründə topladığı bütün resurslarını sıradan çıxardı:

- Hərbi potensialı bərpası onilliklər boyunca mümkün olmayacaq səviyyədə məhv oldu: hazırda Ermənistan hərbi texnika almağa nəinki maliyyə, həm də satıcı tapa bilmir;
- Hərbi potensialı darmadağın edilən Ermənistan müharibədən sonra da Azərbaycanın mövcud hərbi qüdrəti qarşısında duruş gətirə bilmir: ordumuzun sərhəddə erməni təxribatlarına adekvat cavab əməliyyatları bunu praktiki olaraq sübut edib;
- İşğal dövründə Qarabağın yeraltı və yerüstü sərvətini talayan Ermənistanın bundan məhrum olması iqtisadi itkilərlə üzləşməsinə səbəb olub;
- Kommunikasiya və regional layihələr Ermənistanın üzünə bağlı olaraq qalır;


44 günlük müharibə və sonrasında Ermənistanın hərbi, iqtisadi, siyasi itkilərinin siyahısını kifayət qədər uzada bilərik. Reallıq dəyişmir: kapitulyasiya aktı imzalamış Ermənistan qalib Azərbaycanın qarşısında aciz vəziyyətdədir;

Buna rəğmən, kapitulyator ölkənin öhdəliklərini yerinə yetirməməsi və sanki “məğlub ölkə deyilmiş” kimi davranışları səbəbsiz deyil.

Prezident İlham Əliyev müharibədən sonra çıxışlarının birində bunun cavabını açıqlamışdı:

Bizə deyirdilər ki, “beş rayonu alın və bununla kifayətlənin, siz müharibədə (I Qarabağ müharibəsində) məğlub olan tərəfsiniz, Ermənistan qələbə qazanıb, reallıqla barışmalısınız, beş rayon da böyük şeydir”.

Hər şey bu məqamdan ibarətdir: beynəlxalq güclər Azərbaycanı işğalla barışmağa vadar edirdi, lakin Prezident İlham Əliyevin milli maraqlara əsaslanan prinsipial siyasəti bu təzyiq dalğasını dəf edərək, torpaqlarımızı azadlığına qovuşdurmağı bacardı.

Hərçənd, yanaşma dəyişməyib və 30 il Ermənistanın “başını sığallayanlar” bu gün də onu qorumağa çalışır. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən son iclasında çıxışı zamanı “Vaxtilə Azərbaycana deyirdilər “torpaqlarınız işğal olunub, uduzmusunuz, reallıqla barışıb güzəştə gedin”. İndi deyirlər “siz qalib gəlmisiniz, güclüsünüz, güzəştə gedin” sözləri ilə bunu açıqladı.

Ermənistanın kapitulyasiya imzalamış ölkə olmasına baxmayaraq, özünü “siyasi xuliqan” kimi aparması da bundan qaynaqlanır. Və görünür, yenə Azərbaycandan “güzəşt etməsini” istəyirlər. O zaman sual yaranır:

- Bəs Ermənistan özü nə vaxt güzəştə gedəcək?

Prezident İlham Əliyev çıxışında bu sualı beynəlxalq ictimaiyyətin önündə qaldırdı. Əslində Əliyevin çıxışının açması belə idi: işğal dövründə təzyiqlərə boyun əyməyən Azərbaycan müharibənin qalibi kimi bunu heç vaxt etməyəcək və Ermənistan kapitulyasiya öhdəliklərini yerinə yetirməyə məcbur olacaq. Beynəlxalq səviyyədə sərgilənən ikilistandartlar – ikiüzlü yanaşma Azərbaycanı hədəflərindən yayındıra bilməz.

Azərbaycan lideri Qoşulmama Hərəkatının iclasında çıxışı zamanı Ermənistanın yeni öhdəliklərini də elan etdi.

Birincisi, işğal edilmiş ərazilərdə Ermənistan Azərbaycanın maddi-mədəni irsini darmadağın edib: şəhər və kəndlər Yer üzündən silinib, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunub, qarət edilib, əra, qarət edilmişdir. urbisid, kultursid və ekosid törədib;

İkincisi, altmış min hektar meşəlik məhv edilib, kəsilib və daşınıbdır, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilibdir;

Üçüncüsü, işğal dövründə başlanan mina terroru bu gün də davam edir: Vətən müharibəsindən sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb; bu, Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır və bu cinayətləri hətta 44 günülkü müharibədən sonra – Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasına qədər həyata keçirib;

Dördüncüsü, Ermənistan I Qarabağ müharibəsi nəticəsində işgəncələrə məruz qalan, öldürülən və kütləvi məzarlıqlarda basdırılan 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinin müəyyənləşdirilməsində tam şəffaflığı təmin etməli və əməkdaşlıq etməlidir;

Beşincisi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları çıxarılmalı, bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir;

Altıncısı, Ermənistan Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılması öhdəliyini icra etməlidir;

Prezident İlham Əliyevin çıxışında toxunduğu bu məqamlar Ermənistanın üzərinə qoyulan öhdəlikdir və hər biri beynəlxalq hüquqa əsaslanır. Kapituylasiya imzalamış ölkə Azərbaycana vurduğu maddi-mədəni ziyana görə cavab verməli, üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Azərbaycan Prezidenti bəyan etdi ki, Ermənistan növbəti addım kimi Azərbaycandan üzr istəməlidir, çünki hərbi cinayətlər, minalar, dağıntıları heç kəs unutmaq fikrində deyil.

Aərbaycan liderinin bu çıxışı Ermənistanın havadarlarına da ünvanlanıb. Və 44 günlük müharibə göstərdi ki, Ermənistan ya bütün bunlara əməl edəcək, ya da bunu etməyə məcbur qalacaq. İlham Əliyev əslində İrəvana, həm də onların havadarlarına Ermənistan üçün ikinci kapitulyasiyanın ola biləcəyi mesajını da göndərdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm